Azərbaycana böyük itki— Heydər Camal dünyasını dəyişdi

Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı və filosof Heydər Camal vəfat edib. XUDAFERİN.eu Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdəki səhifəsində məlumat yerləşdirilib. 

"Bu gün gecə Heydər Camal yer üzündəki yolunu başa vurdu. Qoy Allah onu cənnətinə qəbul eləsin", - deyə məlumatda bildirilir.

Rusiyada yaşamış azərbaycanlılar arasında elələri də var ki, onlar nəinki rus elminə və mədəniyyətinə, eləcə də dünya elminə böyük töhfələr verib. Onlardan biri də Rusiya İslam Komitəsinin sədri Heydər Camal olub. H.Camal tanınmış filosof olmaqla yanaşı, həm də şimal qonşumuzda böyük nüfuza malik ictimai-siyasi xadim idi. Bir çox hallarda siyasi düşüncələri və açıqlamaları ilə gündəmə gələn H.Camalın hər bir fikri maraqla qarşılanır, bəyanatları dünya KİV-ində özünə yer alırdı. 
   
   H.Camal və onun həyatı
   
Əslən şuşalı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. O, 1947-ci ildə Moskvada anadan olub. Hələ uşaq ikən Şuşaya - ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. 
   
   H.Camalın yaxın dostu, yazıçı-publisist Həmid Herisçi bizimlə söhbətində onun barəsində bunları dedi:
   
    - Mən onu 1988-ci ildən tanıyıram. Deyə bilərəm ki, Heydər Camal uzun müddət andeqraunt mədəniyyətinin çox üzdə olan nümayəndəsi idi. Yəni ki, o, yeraltı fəlsəfənin ustadı sayılır. Sovet dövrü dağılarkən Heydər Camal artıq böyük bir filosof idi. O dövrdə artıq onu böyük müəlliflər tanıyırdılar, amma belə çap olunmurdu. O, SSRİ dövründə İslam Dirçəliş Partiyasının İdarə Heyətinin üzvü idi. Tacikistandakı hadisələrdə çox fəal iştirak etmişdi. Ancaq Heydər Camal haqqında 90-cı illərin əvvəllərinə qədər belə geniş məlumat yox idi. Mən Heydəri hətta alpinist kimi tanıyıram. Çünki o, uzun müddət alpinist olub. Tacikistanda Tamir dağlarına dırmaşıb. O dövrdə işləməmək qanunla yasaq idi. Ancaq alpinist olduqda isə həm müəyyən qədər maaş alırdın, həm də dağlara çıxırdın. Heydər Camal Tamir dağlarına çıxarkən orda həm fars dilini öyrəndi, həm də orda olan sufi təriqətləri ilə çox ciddi əlaqəyə girdi. Yəni Heydər Camalın Tacikistanda təkcə alpinistliyi yox idi, o, eyni zamanda orda islamı öyrənirdi. Bu səbəbdən də o, uzun müddət Tacikistanda yaşayıb. 
   
   Məşhur rəssam Cövdət Camal 
   
   Heydər Camalın atası Cövdət Camal haqqında danışan H.Herisçi onun çox məşhur rəssam olduğunu bildirdi:
   
   - Cövdət Camal şuşalıdır. Mən şəxsən onu tanıyıram. Bəlkə də indi onun 90-a yaxın yaşı var. Çox sağlam bir insandır. 1941-ci ildə Moskvada rəssamlıqla bağlı təhsil alıb. Bu zaman onu rəssam kimi orduya aparıblar. Sovet marşalı Georgi �ukovun 20 belə rəssamı olub. Onlardan biri də Cövdət Camal idi. C.Camal təxminən 5 il orduda olub, şəkillərini çəkib, o cümlədən məşhur �ukovun da portretini yaradıb. Cövdət Camal, səhv etmirəmsə, 1946-cı ildə Heydər Camalın anası ilə ailə həyatı qurub. Bir ildən sonra Heydər dünyaya gələndən sonra Şuşaya köçürlər. Cövdət Camalın özü də Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Sarıcalılar Şuşada da, Ağdamda da var, həm də Sarıcalı kəndi var.
   
   Heydər Camalın ilk davası
  
   H.Herisçinin sözlərinə görə, Heydər Camal 60-cı illərin sonlarında SSRİ-nin Xarici Dillər İnstitutunun Fransız dili şöbəsinə daxil olur:
   
    - Burda iki il oxuyur. Amma bu institutda kimsə Azərbaycanı təhqir etmişdi. Heydər də ona qarşı fiziki güc tətbiq edir. Buna görə də Heydəri ikinci kursdan institutdan uzaqlaşdırırlar. Demək istəyirəm ki, Heydərin ilk dəfə başağrısı Azərbaycan millətçiliyinə görə olub. İnstitutdan çıxardıldıqdan sonra Heydər alpinizmlə məşğul olub. Çünki alpinizm ona sərbəst həyat verirdi. 
 Heydər Camal həm də məşhur heykəltaraş Mikayıl Abdullanın qohumudur.   
   
   İdeoloji mübarizə 

   Heydər Camalın Rusiya televiziyasında Azərbaycan mövzusunda bir çox süjetlər və müsahibələr hazırladığını vurğulayan H.Herisçi onun hər zaman ermənilərə qarşı olduğunu önə çəkdi:
   
    - Hətta o, bir dəfə dedi ki, İranın atom proqramından nə yapışmısınız, Ermənistanın atom elektrik stansiyası varsa, bəlkə onların kiçik, mini-atom bombaları da var. Heydər bunu dəfələrlə deyib. O, həmişə Ermənistanın çox qorxu törətdiyini, Rusiyaya gərək olmadığını bildirib. Öz dövründə Heydər Camal Rusiyanın ən böyük filosofu sayılırdı. O, ümumiyyətlə, Rusiyanın çox böyük siyasi xadimi idi. Onun orda böyük çəkisi var idi və mən bu hörmətin şahidiyəm. Mən özüm də Moskvada olarkən bir çox elmi diskussiyalarda iştirak etmişəm. Orda onun nüfuzunu da görmüşəm. 
   
   Mən hesab edirəm ki, Heydər Camal Azərbaycan üçün çox böyük bir məktəbdir. O, təkcə azərbaycanlı kimi yox, həm də bir şuşalı kimi danışırdı. Çünki onun babaları 1905, 1918, 20-ci illərdə erməni qəsbkarları ilə Şuşada döyüşüblər. Heydər həmişə babalarının ermənilərlə necə döyüşmələrindən mənə danışardı.  Özü də heç vaxt vətənini unutmayıb. Heydər Camalın fərqli düşüncələri ola bilər, amma onun vətənpərvərliyini biz şübhə altında qoya bilmərik. Onun Azərbaycana münasibəti öz vətəninə münasibətidir. Mənə elə gəlir ki, Azərbaycan xalqı və hökuməti həmişə Heydər Camalıın böyük əhəmiyyətini dərk etməlidir. Hesab edirəm ki, bu, bizim çox uzaqvuran topumuzdur. Və bu topun da qədrini bilmək lazımdır. 
   
   Heydər Camalın siyasi düşüncələri
   
   Bu yaxınlarda H.Camalın Strateji Araşdırmalar Mərkəzində üç məruzə ilə çıxış etdiyini söyləyən H.Herisçinin sözlərinə görə, bu məruzələr NABUKKO, Qarabağ və diaspor məsələlərinə aid olub:
- Mən elə hiss etdim ki, istər xarici diplomatik korpus, istərsə də bizim yerli analitiklər tərəfindən onun məruzələrinə çox böyük maraq var idi. Orda da Heydər Camal Azərbaycanın dövlət maraqlarından çıxış edirdi. Mən deyərdim ki, bəzən bizdə olan vəziyyəti çox kəskin tənqid də edirdi, ancaq onun vətənpərvərliyini sual altına qoymaq olmaz. Nəzərə alınmalıdır ki, Heydər dövlət adamı deyil, o azad filosofdur. Amma onun vətənpərvərliyinin bizim üçün çox böyük əhəmiyyəti var. 
   
   Kremlin özündə də bir çox məsələlərdə Heydərin dediyi sözlərə qulaq asırlar. Mən onun da şahidi olmuşam. Yəni Heydər Camal miqyasında insan artıq dövlətlərin qulaq asacağı bir insandır.
   
   Seymur Qasımbəyli

Sherg.az

13:17