Azərbaycan XİN Sarkisyanın istefasını şərh etdi

Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvarıq.

Xudaferin.eu bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyini şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan xalqını əsarətdə və müharibə xofu altında saxlayan Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyə qədər irəliləyiş əldə etmək mümkün olmayıb: 

“Qoşunların təmas xəttində Azərbaycan tərəfindən guya hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi barədə keçmiş Sarkisyan rejiminin ünsürlərinin isterik açıqlamaları həqiqəti əks etdirmir və keçən ilə aid məlumatlara əsaslanır. Burada məqsəd yalnız ictimai fikri çaşdırmaq idi.

Amma fakt ondan ibarətdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olmaqda davam edir. Gərginlik riskini aradan qaldırmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılımalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri əsasında sülh yolu ilə tezliklə həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq.

Münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi regionda davamlı sülh və sabitliyin bərqərar olmasını və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasını təmin etmiş olar. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək”.

14:17