Azərbaycan Prezidentinin düşünülmüş xarici siyasəti ölkəmizin mövqeyini daha da möhkəmləndirir

Azərbaycanın dünya birliyindəki nüfuzu getdikcə yüksəlir, əlaqələri genişlənir. Ölkəmizin mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı, bəzi hallarda bir sıra nüfuzlu qurumlara sədrlik etməsi və qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməsi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Vətən müharibəsində qazandığımız şanlı Qələbə respublikamızın reytinqini daha da artırdı. Dünya ictimaiyyəti də şahid oldu ki, 30 il ərzində qüdrətli dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların həll edə bilmədikləri problemi Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 44 gün ərzində icra etdi. Bu tarixi Qələbə Azərbaycanın xarici siyasətinin növbəti uğuru oldu. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusundan biri olduğunu təsdiqlədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurlarından söhbət açaraq bildirib ki, istər Vətən müharibəsindən əvvəl, istərsə də sonra xarici siyasətdə qazanılan uğurlar bir-birindən yaddaqalan olub. Ə.Bədəlov bu ilin son üç ayında dövlətimizin başçısının xarici ölkələrə işgüzar, rəsmi və dövlət səfərlərindən söhbət açaraq deyib ki, həmin səfərlər çərçivəsində keçirilən çoxsaylı görüşlər və imzalanan sənədlər ölkəmiz haqqında əsl həqiqətlərin dünya birliyinə çatdırılmasında, həmçinin əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayıb. Son üç ay ərzində ölkə Prezidentinin iş rejimi çox zəngin olub. Azərbaycan həm də üçtərəfli və dördtərəfli görüşlərin keçirilməsində təşəbbüskar dövlət kimi tanınıb.

Ə.Bədəlovun sözlərinə görə, dövlətimizin başçısının Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında, Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə, Albaniyaya rəsmi dövlət səfərində, Azərbaycan, Türkiyə, Türkmənistan dövlət başçılarının üçtərəfli görüşündəki çıxışları beynəlxalq aləmdə maraqla qarşılanıb: “Məsələ təkcə bununla bitmir. Prezident İlham Əliyevin Rumıniyaya səfəri zamanı Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təchizatında mühüm rol oynadığını bir daha təsdiqlədi. Bu Saziş Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılmasında əhəmiyyətli rola malikdir. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır, həm də respublikamızın bu sahədə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edəcəyindən xəbər verir. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır”.

Siyasi şərhçi bildirib ki, Vətən müharibəsində qazandığımız şanlı Qələbə ölkəmizin dünya birliyindəki əlaqələrini daha da genişləndirib. Müharibə başa çatandan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, tikinti-bərpa işlərinin geniş vüsət alması ölkəmizin iqtisadi qüdrətindən xəbər verir. İki il ərzində həmin ərazilərdə görülən işlər, xüsusilə, çətin relyefə malik ərazilərdə iki beynəlxalq hava limanının istifadəyə verilməsi, üçüncünün isə tikintisinə başlanılması Azərbaycanın şöhrətini getdikcə artırır. Təsadüfi deyil ki, bu il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edən Avropa dövlətlərinin başçıları Prezident İlham Əliyevi ali qonaq kimi dəyərləndirib və dövlətimizin başçısının Avropada yüksək nüfuza malik olduğunu deyiblər. Hətta möhtərəm Prezidentimizi Avropada ən çox arzuolunan şəxs adlandırıblar.

Ə.Bədəlov dövlətimizin başçısının xarici siyasətinin prioritetinin işğal altında olan ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpasının təşkil etdiyini diqqətə çatdırıb. Deyib ki, ölkəmiz neçə illərdir xalqımızı narahat edən bu problemi öz gücü ilə həll etdi. Məhz düşünülmüş xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada qalib, Ermənistan isə məğlub ölkə kimi tanınır. İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma işlərinin aparılması və bu işlərdə dünyanın bir sıra ölkələrinin iri şirkətlərinin yaxından iştirakı Azərbaycanın dünyada getdikcə artan nüfuzunun və xarici siyasətinin uğurlarının göstəricisidir.

Xudaferin.eu

16:58