Azərbaycan Prezidenti: Ermənistanın ərazilərimizi minalarla çirkləndirməsi ekshumasiya işlərinə ciddi maneələr yaradır

2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirilib.

Qeyd olunub ki, Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə son iki ildə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilib. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olmuş və bu barədə ictimaiyyətə məlumat verilib.

“İtkin düşmüş şəxslər məsələsi postmünaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir”, - deyə məktubda diqqətə çatdırılıb.

Xudaferin.eu

 

16:55