Avropa Parlamentinə seçkilər “makronizmin” iflasının təzahürünə çevrildi

İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər Fransanın hazırkı hakimiyyətində məyusluq yaradan nəticələr doğurdu. Marin Le Penin rəhbərlik etdiyi “Milli birlik” partiyası əvvəlki nəticələrini xeyli yaxşılaşdıra bildi və bu, həmin gün Milli Assambleyanın buraxıldığını və ölkədə iki turdan ibarət növbədənkənar parlament seçkilərinin (müvafiq olaraq, iyunun 30-da və iyulun 7-də) keçiriləcəyini elan edən hazırkı Prezident Emmanuel Makron üçün pis xəbər oldu.

Belə bir vəziyyətdə ilk ağla gələn Makronun 2017-ci il mayın 7-də - prezident seçkilərində birinci qalibiyyəti zamanı verdiyi vəd olur. Xatırlayırıq ki, o, həmin vaxt ifrat radikal siyasətçilərə səs verməməsi üçün seçicilərə heç bir tutarlı əsas verməyəcəyinə and içmişdi. İndi isə ekstremist baxışları ilə tanınan Le Penin partiyası ilə yanaşı, daha bir müxalif qüvvənin - “Respublikaçılar” partiyasının lideri Erik Syotti keçirilən seçkilərin nəticələrini “makronizmin” iflası kimi xarakterizə edib.

Bu, həqiqətən də çox simvolikdir! Həm də bu simvolizm daxili iqtisadiyyatdan və ölkədəki sosial “harmoniyadan” tutmuş seçdiyi xarici siyasətə qədər - Azərbaycanla heç bir rasional izahı və ya məqsədəuyğunluğu olmayan tamamilə mənasız qarşıdurma kursu götürmək üzrə özünün siyasi kursunun demək olar ki, bütün istiqamətlərində hazırkı Prezidentin fəaliyyətinin tam iflasını əks etdirir. Makron da başqa siyasətçilər kimi Zəfər Prezidenti, Müzəffər Sərkərdə, xalq tərəfindən sevilən liderlə (bunu fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri sübut edir) dostluğu inkişaf etdirmək əvəzinə... düşmənçiliyi seçdi. Yaxşı, bəs yekunda nəyə nail oldu? Onun ölkəsi az qala tamamilə dağılmış, hətta bu yaxınlarda layiqli zərbələr aldığı Azərbaycana qarşı revanşist xəyallarından belə əl çəkməyən Ermənistanı seçməklə nə qazana bilər? Məntiqlə düşünən ekspertlər və siyasətçilər bu seçimi başa düşə və izah edə bilməzlər!

Makron şahmat taxtası arxasında hər dəfə ən zəif fiqurları seçirdi. Bunun nəticəsi isə seçicilər arasında onun nüfuzunun aşağı düşməsi və erkən parlament seçkilərini elan etməsi oldu.

Bu, hələ ənənəvi olaraq Fransanın mövcud olmadığı Qafqaza aiddir. Bəs bir vaxtlar Fransa imperiyasına daxil olan və Azərbaycanın məşhur pilotsuz uçuş aparatının adı ilə mütənasib olaraq (“İtiqovan-red.) neokolonialistlərin qovulduğu Qərbi Afrika haqqında nə deyə bilərik? Yerli əhalinin müstəmləkəçiliyə qarşı ehtiraslarının artıq aylardır tüğyan etdiyi və aralarında çoxlarının öldürüldüyü Okeaniya haqqında nə demək olar?

Gözümüzün qarşısında “Makron” sözü (“Soros” kəlməsi kimi) xüsusi addan ümumi ismə çevrilib. Əgər “Soros” rəngli inqilablar və xaos deməkdirsə, “Makron” sözü fiasko ilə sinonimdir. Prezidentin özü çoxdandır lağ obyektinə çevrilib. Fransız xalqının çoxdan belə rüsvayçı lideri olmayıb, baxmayaraq ki, bu xalq həqiqətən də mötəbər liderlərə layiqdir və keçmişdə də belə olub.

Hətta Makronun növbədənkənar parlament seçkiləri elan etməsi faktı da onun əleyhinə çevrildi. Onun qərarını açıqlamaq üçün vaxt seçməsi - Avropa Parlamenti seçkilərinin məyusedici nəticələrinin məlum olduğu gün - bu iki hadisənin bir-biri ilə əlaqəli olduğuna və birinin digərini şərtləndirdiyinə heç bir şübhə yeri qoymadı. Gülməli olan odur ki, Makron Milli Assambleyaya növbədənkənar seçkiləri bir az gec elan edə bilərdi ki, onun vəziyyəti o qədər də açıq-aşkar bilinməsin, yəni, az-çox ağlabatan səbəblər ortaya qoya bilərdi. İndi isə hamıya aydındır ki, seçkilər Makronun partiyasının Avropa Parlamentinin yeni tərkibində uğursuzluğu səbəbindən keçiriləcək. Milli parlamentin buraxılmasının tələsik elan edilməsi faktının özü də istər-istəməz onun rəqiblərinə əlavə reytinq xalları verdi. Hətta bu məsələdə Makronun yaxınlığında ağıllı bir məsləhətçisi də yox idi. O, lap “Uğursuzlar” filmindəki Pyer Rişarın qəhrəmanını xatırlatdı.

İndi hazırkı Prezidentin siyasi gücünün erkən seçkilərdə də uğursuzluğa düçar olacağı ehtimalı daha da artır. Bunu əhalinin 54 faizinin parlamentin tərkibinin yenilənməsi qərarını dəstəklədiyi ictimai rəy sorğusunun məlumatları sübut edir. Bütün bunların anlamı nədir? Proseslər elə həmin mənanı verir, yəni, cəmiyyət mövcud vəziyyətdən yorulub və dəyişiklik istəyir. Üstəlik, “Le Journal du Dimanche” nəşrinə görə, IFOP İctimai Rəyin Öyrənilməsi Mərkəzi hazırkı Prezidentə ictimai etimadın səviyyəsini cəmi 31 faiz qiymətləndirib.

Bu kontekstdə sabiq Prezident Fransua Ollandın kommunikasiyalar üzrə keçmiş müşaviri Qaspar Qantzer kifayət qədər bəlağətli bir müqayisə aparıb. Məlum olduğu kimi, növbədənkənar seçkiləri əvvəllər prezidentlər Şarl de Qoll və Jak Şirak da elan etmişdi. Amma birinci halda onlar qələbə ilə başa çatıbsa, ikincidə uğursuzluqla nəticələnib. Qantzerin sözlərinə görə, Şarl de Qollun təcrübəsini təkrarlamaq istəyən Makronun Şirakın klubuna qoşulmaq üçün hər bir şansı var.

Digər siyasətçilər də növbədənkənar seçkilərin təyin edilməsi qərarına rişxəndlə yanaşıblar. Məsələn, bu bazar günü Sosialist Partiyasından Avropa Parlamentinə daxil olan Rafael Qluksmann Makronun qərarını pisləyib və bunu rəqiblərinin reytinqinin xeyrinə oynamaq kimi qiymətləndirib. Nüfuzlu “La Figaro” nəşrinin baş redaktoru Giyom Tabard isə Makronun qərarını alçaldıcı adlandırıb və Prezidentin komandasını batan “Titanik”lə müqayisə edib.

Makrona heç nə kömək etmədi. Nə onun Ukrayna gündəliyi və bu məsələdə feyk fəallığı, nə də müttəfiqlərin Normandiyaya çıxmasının ildönümü münasibətilə iflasa uğrayan mərasim. Bunların heç biri onun dadına çatmadı. İflas prosesi ardıcıl olaraq davam etdi!

Biz zamanı qabaqlamaq və proqnozlar vermək istəmirik. Yalnız məlum faktları sadalayırıq və erkən parlament seçkilərinin nəticələrini gözləyəcəyik. Onlar fikirlərimizin həqiqətə nə dərəcədə uyğun olduğunu göstərəcək.

Vüqar Seyidov
Xudaferin.eu

16:14