“Atabank” bazardan çıxır

 

Sağlamlaşma prosesindən “zərərlə” çıxan bank müflis olmaq həddinə çatıb

Devalvasiyadan sonra ciddi maliyyə böhranı ilə üz-üzə qalan “Atabank” ASC-nin vəziyyətdən çıxmaq üçün “CDB Bank”la birləşdi.Yeni yaranan bank ad olaraq bank sistemində daha çox tanınmasını əsas gətirirək “Atabank” adı ilə fəaliyyətə başladı.Birləşmədən sonra yeni yaranan bank elə “Atabank”ın rəhbərliyində təmsil olunan şəxslərin idarəçiliyində qaldı.“CDB Bank”ın isə rəhbərləri İdarə Heyətində təmsil olunma hüququ qazandı.Qeyd edək ki, bu ilin aprel ayında birləşən hər iki bankın səhmdarı “Synergy Group” MMC-dir. O zaman bu birləşmənin reallaşması da məhz bu amillə əlaqələndirilirdi. Konsolidasiyadan sonra isə “Atabank”ın maliyyə durumu gözlənilənin əksinə olaraq daha da pisləşib. Belə ki, ABŞ-ın reytinq agentliyi Fitch-in dəyərləndirməsinə əsasən, “Atabank” ASC-nin reytinqini “B” səviyyəsindən “CCC” səviyyəsinə enib. “Fitch” Agentliyinin rəyinə əsasən, birləşmədən sonra “Atabank” ASC-nin gözlənilənlərə nisbətən kredit profili çox zəifləyib.Bu isə onu deməyə əsas verir ki, növbəti bağlanma sırası məhz “Atabanka” çatıb.Bütün görülən işlərə baxmayaraq “Atabank”ın başı üzərini qara buludlar alıb.Ekspertlərin qənaətincə, isə bankın bu vəziyyətdən çıxması o, qədər də real görünmür.Ümumiyyətlə, böhran dövründə ən çox bankların fəaliyyətində ciddi problemlər yarandı.Bu məsələnin kökündə bir çox məqamlar dayanır.

Ekspertlər bildirirdilər ki, bankların düşdüyü vəziyyətdən çıxması üçün ilk növbədə konsolidasiyaya getməsi vacibdir. Ancaq göründüyü kimi bu proses də bankları vəziyyətdən çıxarmağa kifayət etmir. Səbəb isə sadədir. Bu proses, yəni bankların sağlamlaşdırılması süni yollarla, qeyri-şəffaf aparılır. Ona görə də birləşmədən sonra da bankların problemləri həll olunmur.Əslində isə maliyyə durumu ağır olan iki bank bir-biri ilə birləşə bilməz.Çünki bu problemin həllinin əksinə, daha da dərinləşməsinə səbəb olur.İflas həddinə çatan bir bank digərinin problemini hansı resurslar hesabına həll edə bilər?Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, iflas həddinə çatan bank bazarda qalmaq üçün ölkənin ən güclü maliyyə dayanıqlığı olan böyük banklarla birləşir.Təbii ki, bu prosesin başlaması üçün ilk növbədə bankların problemli kreditləri, daxili və xarici öhdəlikləri araşdırılır.Əgər müəyyən bir zaman kəsiyində bu problemlər həll oluna bilərsə, o, zaman birləşmə prosesi həyata keçirilir.

Ancaq “Atabank” və “CDB Bank” hər ikisi problemli banklar idi.Bazarda qalmaq üçün mübarizə aparırdılar.Bu iki bankın birləşməsi öz vəziyyətlərini daha da çətinləşdirdi.ABŞ-ın Fitch reytinq şirkətinin də hesablamalarına görə bu “Atabank” ASC-nin kredit profili zəifdir və bu amil bankı iflas həddinə çatdırır.Nəzərə almaq lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyəti məhz kredit hesabına gəlir əldə edir.Bu gün kommersiya banklarında kredit gəlirlərini kompensasiya edəcək heç bir alət yoxdur.Bu baxımdan kredit profili zəif olan bank zərərlə işləməyə məcbur olur və yalnız səhmdarlarının əlavə dəstəyi hesabına ayaqda qalmağa çalışırlar. Bu gün problemli kreditlərinin həcminin artması və 2 milyard manatı keçməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə nəinki “Atabank”, onun kimi bir çox maliyyə durumu zəif olan banklar öz fəaliyyətini dayandırmağa məcbur qalacaqlar. Bankların cari ilin ilk yarısının yekunlarına dair verdiyi maliyyə hesabatlarından məlum olur ki, bir çox kommersiya bankı zərərlə işləyir.Yalnız 10-a yaxın bankın maliyyə hesabatlarında müsbət saldo qeydə alınıb ki, bu da təxminən 33 faizlik göstəricidir.

Ekspertlər isə çıxış yolunu bankların birləşdirilməsində görür, ancaq “Atabank” təcrübəsindən bunun da effektli olacağını demək çətindir.Çünki Azərbaycanda bankların birləşməsi təcrübəsi demək olar ki, yoxdur.Hələ bu günə qədər Azərbaycanda heç bir bank birləşdirilməyib. Bundan öncə 2016-ci ildə"NBC Bank", "Parabank" və "KredoBank" konsolidasiya ilə bağlı niyyət protokolu imzalasa da nəticədə heç bir birləşmə baş vermədi və banklardan ikisi sonda öz lisenziyasını itirmiş oldu. Maliyyə durumu fəaliyyətinə adekvat olmayan banklar isə ya onlara “krişalıq” edənlərin, ya da səhmdarlarının əlavə xərcləri sayəsində fəaliyyətlərini davam etdiriblər.Bunlar olmadıqda isə banklar öz lisenziyalarını itirmək məcburiyyətində qalıblar ki, devalvasiyadan sonra 11 bankın bu aqibətlə üzləşdiyinin şahidi olduq.

Vilayət Muxtar

Cebhe.info

 

17:09