Aşıq Ədalətin xatirəsi yad edilib

 

Qazax Rayon İcra Hakimiyyəti (QRİH) və “QazaxXeyriyyə Cəmiyyəti İctimai BirliyininB) təşkilatçılığı ilə Bakıda görkəmli saz ustadı, əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun xatirəsi anılıb. Tədbirdə aşığın həyat və yaradıcılıq yoluna geniş nəzər salınıb.

Rayon icra hakimiyyəti başçısının müavini Gülaya Həsənova bildirib ki, Ədalət Nəsibovun yaradıcılığı, onun Azərbaycan mədəniyyətinə, poeziyasına bəxş etdiyi yüzlərlə sənət incisi, saz havası, aşıq musiqisi bu gün gənc sənətkarlar üçün bir örnəkdir. Ədalət Nəsibov bu gün aşıq sənətində xüsusi yeri olan, böyük zirvələr fəth etmiş, ən əsası isə solo saz sənətini yaradan bir sənətkardır. Aşığın ifalarının ölkəmizin hüdudlarını aşaraq böyük coğrafiyada yayıldığını, YUNESKO tərəfindən lentə alındığını söylənilib.

Tədbirdə filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, Bakı Dövlət Universitetinin müəllimi Məti Osmanoğlu, əməkdar mədəniyyət işçiləri Aşıq Avdı Musayev və başqaları Ədalət Nəsibovun saz ifaçılığının, unudulmaz lent yazılarının əsrlərlə yaşayacağını söyləyiblər. Vurğulanıb ki, bunun başlıca səbəbi aşığın xalqın ürəyində hələ sağlığında özünə heykəl ucaltmasıdır.

Mərasimdə “Dəli-Kür” qəzetinin Aşıq ədalətə həsr etdiyi “Dədə Ədalət” adlı xüsusi buraxılışının təqdimatı keçirilib. Görkəmli aşığa həsr edilmiş şeirlər oxunub, onunla bağlı xatirələr dinlənilib. Sonda aşığın oğlu Hekayət Nəsibov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Xudaferin.eu
“Qazax Bürosu”

 

09:25