Aşıq Bəylər Qədirov anıldı

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aşıq Bəylər Qədirovun 100 illiyinə həsr edilən tədbir keçirilib. Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Mərasimdə Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi Məhərrəm Qasımlı aşığın həyat və yaradıcılığından danışıb. Diqqətə çatdırıb ki, Salyan rayonunun Çuxanlı kəndində dünyaya göz açan Bəylər Qədirov gənc yaşlarından aşıq sənətinin sirlərinə yiyələnib, yüksək ifaçılıq bacarığı və istedadı sayəsində tezliklə tanınıb. Onun ifası respublikamızın nüfuzlu konsert salonlarında sevilə-sevilə dinlənilib. Aşığın ifa etdiyi saz havaları onu İran və Türkiyədə də məşhurlaşdırıb.

Qeyd edilib ki, B.Qədirov ustadnamə, müxəmməs, gözəlləmə kimi aşıq şeiri janrlarında nümunələrin və bir neçə dastanın müəllifi kimi də tanınır. Onun 1966-cı ildə ifa etdiyi “Abbas və Gülgəz” dastanı Azərbaycan Radio Komitəsinin səsyazma studiyası tərəfindən lentə alınıb. Həmin səs yazısı Azərbaycan Radiosunun “Qızıl Fond”unda saxlanılır. Həmçinin aşıq Bəylər “Peyvənd şikəstə”, “Kərəmi”, “Peşron”un mahir ifaçısı kimi sevilən sənətkarlardandır. Onun müəllifi olduğu “Kəndimiz” mahnısı bu gün də ölməzdir. Aşıq Bəylərin repertuarında əsas yer tutan “İbrahim peşrosu”, “Şəşəngi”, “Döymə Kərəmi”, “Ordubadi”, “Şakir gözəlləməsi”, “Qara qafiyə”, “Göyçə gülü”, “Təxnis”, “Aran gözəlləməsi”, “Kərəmi”, “Koroğlu misrisi”, “Peyvəndi” şikəstəsi, “Şirvan şikəstəsi” bu gün də yaddaşlarda yaşayır. Onların xeyli hissəsi radionun “Qızıl Fond”unda saxlanılır və efirdə səsləndirilir. Bəylər Qədirovun onlarca yetirməsi hazırda aşıq sənətinin inkişafı və təbliği istiqamətində fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, Aşıq Bəylər Qədirov respublika və beynəlxalq səviyyəli tədbirlərdə ölkəmizi uğurla təmsil edib. O, Azərbaycan Aşıqlarının II və III qurultaylarının, Moskvada keçirilmiş “Azərbaycan mədəniyyəti günləri” ongünlüklərinin iştirakçısı olub. Xalq yaradıcılığı sahəsində xidmətlərinə görə diplom, fəxri fərman, digər mükafat və təltiflərə layiq görülüb. Çıxış edənlər aşığın ömür yolundan, habelə sənət fəaliyyəti və insani keyfiyyətlərindən söz açıblar. Tədbir respublikanın tanınmış aşıqlarının ifasında konsert proqramı ilə davam edib.

Xudaferin.eu

"Bakı Bürosu"

 

10:25