Ankarada Türk Dünyası şairlər görüşü

 

Ankarada TÜRKSOY tərəfindən elan edilən 2017 Molla Pənah Vaqif ili çərçivəsində “Türk Dünyası şairlər görüşü” keçirilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Qagauz, Xakasiya, Krım və Kərkükdən (İraq) olan şairlər, əvvəlki Hakkari valisi Ayhan Nasuhbəyoğlu, Ankarada təhsil alan azərbaycanlı tələbələr və digər ziyalı qonaqlar iştirak edib. Türkiyə Kültür və Turizm bakanlığının sənətçisi Özcan Aydının sazıyla müşayət edilən gecədə şairlər həm ölkələrinin tanınmış şairlərinin, həm də özlərinin şeirlərini oxuyublar.

Musiqili gecə TÜRKSOY baş katibinin müavini Fırat Purtaşın açılış nitqi ilə başlayıb. Əvvəlcə tədbirin təşkilində zəhmət çəkən insanlara və qurumlara öz təşəkkürünü bildirən F.Purtaş sonra layihə haqqında məlumat verərək deyib: “Ötən il ilk dəfə gerçəkləşdirdiyimiz “Türk Dünyası şairlər görüşü” layihəmizin ikincisində də sizinlə bir arada olduğumuz üçün məmnunuq. Bu il Azərbaycanın yetişdirdiyi böyük şair və dövlət adamı Molla Pənah Vaqifin anadan olmasının 300-cü ildönümünü qeyd edirik. Həm də başqa bir mühüm hadisənin ildönümüdür bu il: Türkiyə ilə Türk respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Bu baxımdan da şairlərimizin şeirlərinin Anadolu ilə Qafqaz, Orta Asiya və bütün Türküstan coğrafiyasındakı könül bağlarını daha da güçləndirəcəyinə ümid edirik… “TÜRKSOY-un gücü türk dünyasının yetişdirdiyi qiymətli mədəniyyət adamları, sənətkarlar, şairlər və ədəbiyatçılardadır. Tədbirlərimizdə iştirak edərək gücümüzə güc qatan siz qiymətli sənət sevərlərə və bu gözəl məkanda tədbir keçirməyimizə şərait yaradan Altındağ Bələdiyyəsinə də təşəkkür edirəm”.

Sonra poeziya gecəsi başlayıb. Əvvəlcə TÜRKSOY-dakı ölkə təmsilçilərinin ifa etdikləri şeirlər dinlənilib. Sonra Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Türk Dünyasının novator şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında qısa məlumat verib, şairin “Hayif ki yoxdur” və özünün qələmə aldığı, 20 Yanvar faciəsinə həsr etdiyi “Ayın iyirmisi” şeirini oxuyub.

Keçmiş Hakkari valisi Ayhan Nasuhbəyoğlu çıxışında özü haqqında qısa məlumat verib və kitablardan bəhs edib. Qazaxıstanın rəsmi təmsilçisi Askar Turqanbayev isə öz yazdığı şeiri həm qazax, həm də Türkiyə türkcəsində oxuyub və böyük alqışlarla qarşılanıb. Qırğızıstanın rəsmi təmsilçisi Kojageldi Kuluyev gözəllik tərənnümçüsü və məhəbbət şairi kimi tanınan Molla Pənah Vaqifin sevgi şeirlərindən birini oxuyub.

Araşdırmaçı-yazıçı Hayrettin İvgin isə Azərbaycanın XX əsr böyük şairi Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirini səsləndirib. Türkmənistanın Türkiyə üzrə səfirlik əməkdaşı Berdi Sarıyer, TÜRKSOY-un Hakasiya təmsilçisi, Qaqouz üzrə millət vəkili İvanna Köksal, Krım türkü Müryüm Başkurt, Kərkük Kültür Dərnəyinin təsisçisi və sədri Şəmsəddin Kuzeçi və digər tanınmış qonaqlar da şeirlər oxuyub, maraq və alqışlarla qarşılanıblar. Yazıcı və şair, uzun müddət Azərbaycanda çalışmış Osman Baş yazdığı və ifa etdiyi “Xarı bülbül” şeirini ifa edincə gələnlərə təsirli anlar yaşadıb. Tədbir iştirakçılarına Xarı bülbülün gül olduğunu və Azərbaycanda yalnız Qarabağda, özəlliklə Şuşada bitdiyinin hekayəsini danışıb. TÜKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı bu yerdə növbəti “Türk Dünyası şairlər görüşü” layihəsi üçün həm də “Xarı bülbül” mükafatı təsis olunmasını təklif edib.

Poeziya gecəsinə türk dünyası və türkçülüklə bağlı musiqi və nəğmələr də rəng qatıb.

Tədbirin sonunda iştirakçılara mükafatlar verilib. Qeyd edək ki, “Türk Dünyası şairlər görüşü” TÜRKSOY, Beynəlxalq Söz Akademiyası və Beynəlxalq Yazıçılar və Aydınlar  Dərnəyinin birgə əməkdaşlığı və təşkilatçılığı ilə keçirilib.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:14