“907-ci düzəliş” təsdiqlədi ki, “azadlıq və demokratiya” ABŞ üçün manipulyasiya alətidir - RƏY

ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı” qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə yardımın göstərilməsini ehtiva edib. Qanun yenicə istiqlaliyyət qazanmış ölkələrdə bazar iqtisadiyyatına keçidi, iqtisadi-siyasi sabitliyin qorunmasını təmin etməli idi. Bu kontekstdə yanaşanda görünür ki, qeyd edilən qanun iqtisadi yardım proqramı olmaqla yanaşı, həm də siyasi anlam daşıyıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O qeyd edib ki, ABŞ-dan yardım almaları bu dövlətlərdə istiqlaliyyətə olan inamı möhkəmləndirməli, onları revanşist sosialistlərin təhdidlərindən qorumalı idi. Amma çox keçmədən bəlli oldu ki, “Azadlığa Dəstək Aktı”nı qəbul etməkdə ABŞ-ın məqsədi yeni müstəqillik qazanmış dövlətlərin istiqlaliyyətini qorumaq deyil, saxta dəstək proqramı adı altında Vaşinqton bu dövlətləri özünün təsir dairəsinə daxil etmək istəyib. Qısa müddət sonra - 1992-ci ilin oktyabr ayında “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin əlavə edilməsi ABŞ-ın gerçək niyyətini üzə çıxardı. Bu düzəliş ABŞ tərəfindən Azərbaycan hökumətinə istənilən təyinatlı birbaşa yardımın göstərilməsini qadağan edir. Hansı ki, məhz həmin dövrdə Azərbaycan dövlətinin dəstəyə və yardıma ehtiyacı var idi. Ölkəmiz bir tərəfdən müstəqilliyini yenicə qurduğu üçün keçid dövrünün çətinliklərini yaşayırdı, digər tərəfdən isə etnik separatizmlə üzləşmişdi. Ərazi bütövlüyünü qorumaq, suverenliyini təmin etmək yolunda mübarizə aparırdı. ABŞ məhz belə bir məqamda “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qəbul etməklə, ölkəmizi problemlər qarşısında yardımsız qoydu. Beləliklə, ABŞ azadlıq və demokratiya anlayışına münasibətinin saxta olduğunu büruzə verdi.

“907-ci düzəliş” mövzusunda diqqət çəkən daha bir nüans var. Bu düzəlişin qəbul edilməsi üçün irəli sürülmüş arqumentlər gülünc və absurddur. ABŞ arqument olaraq Azərbaycanın guya Ermənistanı blokadaya aldığını, “Qarabağa qarşı güc tətbiq etdiyini” əsas göstərib. Onların məntiqindən belə çıxır ki, Azərbaycan Qarabağın işğalına göz yummalı və onun itirilməsi ilə razılaşmalı idi. Bu cür yanaşma ilə ABŞ Azərbaycanın ərazi bütövlüyünə münasibətdə səmimi olmadığını ortaya qoydu”, - deyən ekspert vurğulayıb ki, bu gün ABŞ təkrarən eyni mövqeyi sərgiləyir. Vaşinqton Qarabağı işğaldan azad etdiyi, özünün ərzi bütövlüyü və suverenliyini bərpa etdiyi üçün Azərbaycan dövlətindən qisas almağa səy göstərir, “907-ci düzəliş” mövzusunu yenidən gündəmə gətirir.

O əlavə edib ki, bu məqamda düşündürücü suallar ortaya çıxır: “ABŞ və onun yan təşkilatları Azərbaycandan nə istəyirlər?”. Hələlik bilinən budur ki, onların niyyəti Azərbaycan xalqının iradəsinə təsir göstərmək, Qələbəsinə kölgə salmaqdır. Onlar xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiyyəti parçalamaq və ölkəni qarşıdurma zonasına çevirmək istəyirlər. Onlar, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin darmadağın etdiyi Ermənistan ordusunu yenidən dirçəltmək niyyətindədirlər. Qalib Azərbaycanın deyil, məğlub Ermənistanın işğalçılıq şərtlərinə uyğun sülh müqaviləsi bağlatdırmaq istəyirlər.

Buna görə də Azərbaycan cəmiyyəti ayıq-sayıq olmalı, məkrli oyunların mahiyyətini bilməlidir.

Xudaferin.eu

16:01