Yeni texnoloji nailiyyətlərin iqtisadiyyatda tətbiqi Çin-Azərbaycan əməkdaşlığının strateji mahiyyətini təşkil edir - ŞƏRH

Hazırda beynəlxalq münasibətlər sistemində Çinin artan rolu bu ölkəni özünəməxsus cazibə mərkəzinə çevirməkdədir. Çinin dünyanın təkcə siyasi mərkəzlərindən deyil, həm də ən nəhəng iqtisadi mərkəzlərindən biri olduğu şübhəsizdir. Həm coğrafi mövqe etibarilə, həm də iqtisadi əməkdaşlıq potensialına görə regionun ən mühüm ölkəsi olan Azərbaycan Çinlə böyük əməkdaşlıq perspektivlərinə malikdir. Üstəlik, ölkəmizin həyata keçirdiyi mühüm nəqliyyat–kommunikasiya layihələri bu imkanları daha da artırmaqla, Azərbaycanı həm də Çinlə Avropa arasında vacib tranzit ölkəsinə çevirir. Ona görə də hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlıq getdikcə daha çox aktuallaşır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.

Çin ilə Azərbaycan arasında əməkdaşlıq, tərəfdaşlıq münasibətlərində müsbət ardıcıllığın və dinamikanın müşahidə olduğunu diqqətə çatdıra deputat bunun özlüyündə təkcə iqtisadi kommunikasiya maraqları ilə izah edilən hadisə deyil, həm də qarşılıqlı etimada əsaslanan münasibətlər kimi dəyərləndirib. O deyib: “Son dövrlərdə dünyada baş verən regional və qlobal hərbi-strateji hadisələr kontekstində Çinlə Azərbaycanın birgə ideyası olan Orta Dəhliz layihəsi və onun səmərəliliyi daha cəlbedicidir. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün olduqca mühüm həlqəsi Azərbaycandır. Hazırda bu layihə üzrə yükdaşımalar iqtisadi səmərəlilik və təhlükəsizlik baxımından təcrübədə özünü doğruldur”.

H.Babaoğlunun fikrincə, ona görə də ölkəmizin təşəbbüsü ilə Yaxın və Orta Şərq müttəfiqlərimiz həm təbii coğrafi baxımından, həm də iqtisadi-siyasi maraqlar nöqteyi-nəzərindən bu layihənin iştirakçılarına çevrilməkdədir. Xüsusilə qeyd etmək lazımdır ki, bu münasibətlər sistemli xarakter daşımaqla perspektivdə həm də Çin–Türk Dövlətləri Təşkilatı əməkdaşlığına çevrilir. Hazırda ölkələrimiz arasında yükdaşımaların optimallaşdırılması və vahid tariflərin müəyyənləşdirilməsi ilə bağlı təşəbbüslər var, bu isə nəticə etibarilə vahid pəncərə siyasətinin tətbiqinə gətirib çıxaracaq.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında dostluq münasibətləri, qarşılıqlı hörmət və etimad, dövlətimizin başçısının Çinə səfərləri, qarşılıqlı məktublar iki ölkə arasında əməkdaşlığın inkişafı və daha da dərinləşməsi üçün siyasi zəmanətidir. Bu kontekstdə Çin sərmayəsinin Azərbaycan iqtisadiyyatına qazandırılması ayrıca bir hadisədir.

Diqqətə çatdırılıb ki, Sumqayıtda Çin sərmayəli kafel-metlax zavodunun işə düşməsi, “ACWA Power” şirkətinin yaşıl enerji ilə bağlı Azərbaycanda qurduğu stansiyanın texniki təminatının Çin şirkətləri tərəfindən həyata keçirilməsi, yaşıl enerji sahəsində əməkdaşlığın perspektivləri iqtisadi münasibətlərdə yeni istiqamətlər müəyyənləşdirir.

“Nəzərə almaq lazımdır ki, Çin müasir texnologiyalar və onların iqtisadiyyata tətbiqində Qərbin monopoliyasına son qoymaqdadır. Ölkəmizin də iqtisadi inkişaf məqsədləri məhz yeni texnoloji nailiyyətlərin iqtisadiyyata tətbiqinə hesablanıb. Bütün bunlar isə Çinlə Azərbaycan arasında əməkdaşlığın strateji mahiyyətini şərtləndirir”, - deyə Hikmət Babaoğlu əlavə edib.

Xudaferin.eu

15:18