“XUDAFERİN.EU” saytının Bayraq Günü qutlaması

9 noyabr Azərbaycanda dövlət simgəsi kimi Bayraq Günü həm də milli bir bayramdır. Çağdaş Azərbaycan dövlətçiliyinin tarixi kimi ilk dəfə dövlət bayrağı 1918-ci il 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuşdur. Nazirlər Şurasının sədri Fətəli Xan Xoylunun imzaladığı qərarda belə deyilir: “Milli Bayraq kimi mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq dövlət bayrağı kimi qəbul edilsin”.

1920-ci il 28 aprel tarixində Sovet Rusiyasının “Qırmızı Ordusu” qırmızılığına salaraq, bağımsız Azərbaycan dövlətini işğal etdikdən sonra, 1991-ci ilə kimi bu bayraq rəsmi şəkildə yasaq edilmişdir. 1987-ci ildə Azərbaycanda başlanılan Milli Azadlıq Hərəkatı dönəmində isə, yenidən bu bayraq ölkənin hər guşəsində yenidən dalğalanmağa başlamışdır. Beləliklə də, Azərbaycan Xalq Cümhuriyyətinin simgəsi (simvolu) olan Milli Bayrağımız hüquqi statusunu almışdır. Böyük öndər Məmmədəmin Rəsulzadənin də dediyi kimi: “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!” fəlsəfəsi yenidən xalqımızın və dövlətimizin simgəsi kimi düz 25 ildir dalğalanmaqdadır.    
Dəyərli xalqımız sizləri Bayraq Günü münasibəti ilə təbrik edirik. Hamımız üçün qutsal olan doğma Qarabağımızın azad edilməsi, Milli Bayrağımızın onun hər yerində yenidən dalğalanması gününün həsrəti ilə sizləri bir daha milli şərəfimiz olan Milli Bayraq günü hər birinizə sağlam həyat, sevgi dolu bir ömür diləyirik. Uca millətimizin hər bir üzvünün indi harada yaşamasından asılı olmayaraq, Milli Bayrağımızı hər yerdə uca tutmasını təmənna edirik.
Hörmətlə: “XUDAFERİN.EU” saytının kollektivi adından Elman Mustafazadə

 

Cəfər Cabbarlı

Azərbaycan bayrağına

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada,
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.
Şu görünüş bir ananın şəfqətinə oxşuyor,
Düşündükcə zövqlərimi, vicdanımı oxşuyor.

Bu ay, ulduz, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək:
Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,
-Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,
-Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
-Mədəniyyət bulmalı!

Səkkiz uclu şu ulduz da, səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
-Səhərlərə uçmuşdur!
Şu hilal da, türk bilgisi, düzgün sevgi nişanı,
-Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər- birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğrukəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın!
 

“Azərbaycan” qəzeti, 29 avqust 1919, № 263 

12:38