Vyanada Novruz şənliyi keçirilib, bayram tonqalı yandırılıb

 

Azərbaycanın Vyanadakı səfirliyi tərəfindən Novruz şənliyi keçirilib.

Səfir Qalib İsrafilov tədbirdə çıxış edərək Novruz bayramı münasibətilə iştirakçılara təbriklərini çatdırıb. Diplomat Novruz bayramının Azərbaycan xalqı, o cümlədən regionda yerləşən bir sıra xalqlar tərəfindən ənənəvi olaraq təntənəli şəkildə qeyd edildiyini bildirib, bu bayramın xalqımız tərəfindən ən qədim dövrlərdən bu günədək qorunub saxlandığını və geniş qeyd edildiyini diqqətə çatdırıb. Q.İsrafilov bildirib ki, Azərbaycan öz milli adət-ənənələrini qoruyub saxlayaraq yaşadan, eyni zamanda, tolerant və dünyaya açıq bir ölkədir. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu bir məkandır və müasir dövrdə “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli”, birinci Avropa Oyunları, eləcə də 50-dən artıq müsəlman ölkəsindən idmançıların qatılacağı IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda reallaşdırılan tolerant siyasətin bariz nümunələridir.

Səfir milli adətlərin qorunub saxlanmasının ölkə xaricində yaşayan soydaşlarımız və yeni nəsil üçün də vacibliyini vurğulayaraq, milli bayramlar və anım günlərində həmyerlilərimizin bir araya gəlməsinin əhəmiyyətini yüksək qiymətləndirib. O, tədbirin təşkilində göstərdiyi dəstəyə görə Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin rəhbəri Yardım Günəşə təşəkkürünü bildirib.

Bayram tədbirində uşaqlar üçün Novruz mövzusunda viktorina təşkil olunub və milli musiqi nömrələri səsləndirilib. Azərbaycanın milli mətbəxinin ləziz təamlarından və bayram şirniyyatlarından ibarət ziyafətdən sonra tədbir Novruz tonqalı ətrafında davam edib.

Xudaferin.eu
“Avropa Bürosu”

08:56