Urmulu öyrəncilər mollakratiya rejiminin Elm, Tədqiqat və Texnologiya nazirinə etiraz etdilər

 

Güney Azərbaycanın Urmu Texniki Universitetinin öyrənciləri üz-üzə qaldıqları problemlərlə əlaqədar İran mollakratiya rejiminin Elm, Tədqiqat və Texnologiya naziri və Urmu valisinin universitetə baxış keçirməsini tələb ediblər.

Universitetdə hazırlanan etiraz ərizəsini bu günədək 1000 nəfər öyrənci imzalayıb. Bu barədə Urmu Texniki Universitetinin Sendika Şurasının katibi Məhəmmədrza Salimi məlumat verib. “Urmu Texniki Universitetinin öyrənciləri Elm, Tədqiqat və Texnologiya naziri, Urmu valisi, Öyrənci Rifah Fondunun rəisi və Öyrəncilərin İşləri üzrə Təşkilatın rəisinə etiraz ərizəsi ünvanlayıb. Ərizə bu günədək 1000 öyrənci tərəfindən imzalanıb. Ərizədə universitetin inkişafı istiqamətində layihələrin icrasına mane olan amillər və öyrəncilərin yataqxana probleminə işarə olunub”- deyə o bildirib.

M.Salimi onu da bildirib ki, “öyrəncilər Urmu vilayətində əhalinin sayına görə az sayda şagirdin universitetə daxil olmasına etiraz edib və Urmu Texniki Universiteti və əyalətin digər ali təhsil müəssisələrinə yardımçı olmalarını istəyiblər.”

Öyrəncilər, universitetləri təsis edildiyi gündən heç bir Elm, Tədqiqat və Texnologiya nazirinin ona baxış keçirmədiyinə etiraz edərək hazırkı nazirdən ali təhsil müəssisəsinə baxış keçirməsini tələb ediblər. Bundan əlavə, onlar Urmu vilayəti valisinin universitetə baxış keçirməsini istəyib. Öyrəncilər bu vasitə ilə təhsil sahəsində mövcud olan müxtəlif problemlərini həll etməyə çalışır. M.Salimi ərizənin yaxın günlərdə Elm, Tədqiqat və Texnologiya naziri, Urmu valisi, Öyrənci Rifah Fondunun rəisi və Öyrəncilərin İşləri üzrə Təşkilatın rəisinə göndəriləcəyini bildirib.

 

Xudaferin.eu

Güney Azərbaycan, "Urmu Bürosu"

 

10:50