Türkiyə ilə Azərbaycan arasında bənzərsiz qardaşlıq münasibətləri ortaq tarixə və mədəniyyətə əsaslanır

Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan qardaşlıq münasibətləri ortaq tarixə və mədəniyyətə əsaslanır. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji əhəmiyyət kəsb edir.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcının müraciətində əksini tapıb.

Qarabağda ermənilərin 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Azərbaycanla yanaşı, Türkiyə vətəndaşlarının da sevincinə səbəb olduğunu bildirən səfir deyib: “Türkiyə bu Vətən müharibəsində öz qardaşlıq borcunu yerinə yetirərək, Azərbaycanı qətiyyən yalnız qoymadı. Müharibənin əvvəlindən sonunadək qardaşının yanında oldu, dosta və düşmənə birliyin gücünü nümayiş etdirdi”.

Son dövrlərdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıqda böyük irəliləyişin qeydə alındığını vurğulayan Cahit Bağcı bildirib: “Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən sonra enerji təhlükəsizliyimizi daha da artıran Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri işə salınıb. Bakı-Tbilisi-Qars dəmir yolu regiondakı nəqliyyat şəbəkəsinin inkişafı baxımından böyük potensiala malikdir. Türkiyə və Azərbaycan bütün imkanları ilə regionun təhlükəsizliyinə və sabitliyinə töhfə vermək məqsədilə səylərini birləşdirib”.

Xudaferin.eu

13:29