Türkiyə Azərbaycandan xam neft idxalını artırıb

Yanvarda Türkiyə Azərbaycandan 78 min ton xam neft idxal edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, yanvarda Türkiyənin Azərbaycandan idxal etdiyi xam neftin həcmi ötən ilin dekabr ayı ilə müqayisədə 5 dəfəyədək artıb. İlin ilk ayında Azərbaycandan neft idxalının Türkiyənin ümumi neft idxalındakı payı isə 2,53 faiz olub.

Ötən ilin dekabrda Türkiyə Azərbaycandan 15,7 min ton xam neft idxal etmişdi.

Qeyd edək ki, Türkiyə Azərbaycandan xam nefti Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə idxal edir. 2018-ci ildə BTC ilə təqribən 34 milyon tondan çox (255 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 327 tankerə yüklənib. 1768 kilometr uzunluğa malik bu boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan ötən ilin sonunadək BTC ilə ümumilikdə 417 milyon tondan çox (təxminən 3,12 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4085 tankerə yüklənərək dünya bazarına göndərilib.

Keçən il BTC üzrə əməliyyat xərclərinə təxminən 116 milyon dollar, əsaslı xərclərə isə təxminən 41 milyon dollar sərf edilib.

“BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).

Xudaferin.eu

21:54