Torpağı əkmirsənsə…vergi ver - Azərbaycanda yeni vergi

 

Bu ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə vergilər 100 kvadratmetrə görə 2 (iki) manat müəyyən edilib. Bu məbləğ hesablanaraq dövlət büdcəsinə ödənilməlidir. Artıq 2017-ci il yanvarın 1-dən yeni vergi tətbiq edilir. Burada əsas məqsəd istifadə olunmayan torpaqların kənd təsərrüfatında əkin məqsədilə istifadəsinin təmin edilməsidir.

 

İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslərə 500 manat, vəzifəli şəxslərə isə 1000 manat cərimə nəzərdə tutulur. Əkilməyən torpaqlara görə kəndlilərdən vergi tutulması ilə bağlı edilən xəbərdarlıq, göndərilən bildirişlər narazılığa səbəb olub. İstifadəsiz qalan kənd təsərrüfatlı təyinatlı torpaqlar daha çox cənub rayonlarında müşahidə olunur. Kəndlilər pay torpaqlarından istifadə edə bilməmələrinin başlıca səbəbini əkin-biçin prosesləri zamanı yaranan əngəllər, pulsuzluq, məhsulu bazara çıxara bilməməkdə görürlər. Kənd əhalisinin sözlərinə görə, dolanışığı əsasən, kənd təsərrüfatından əldə edirlər. Kənddə əkin əkmək, heyvan çoxaltmaq hər bir ailənin arzusudur. Ancaq kəndlilər bu arzularını yerinə yetirməyə qalxanda bu işdən yalnız böyük vəsait itkiləri ilə çıxırlar. Kənd sakinləri iddia edir ki, güzəştli gübrə, su, aqrotexnika yalnız varlıların sahələrinə verilir. Onlar xeyir götürmədikləri torpaq üçün niyə vergi ödədiklərin bilmirlər.

İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda torpağa dair vergilərin böyük əksəriyyəti aradan qaldırılıb: “Kəndli yalnız kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə vergi verir. Həmin əkin sahələrinin istifadə olunub-olunmamasının fərqi yoxdur, torpaq vergisi ödənilməlidir. Əgər kəndli o torpağı əkib-becərməyəcəksə, o ərazini nəyə görə saxlayır? Bəzi ölkələrdə təsərrüfat sahibi torpağı boş saxlamaq üçün əsaslandırılmış şəkildə hökumətə müraciət edir ki, torpağın dincə qoyulması lazımdır. Yəni, aqrotexniki əsaslandırma təqdim edirlər. Xaricdə torpaq sahibi bu cür üsullarla cəzadan yayınır. Ölkələr torpağı istifadə etməməyə görə cəza müəyyən edir. Azərbaycanda da əkilməyən torpaqların fermerlərdən Dövlət Torpaq Fonduna geri alınması ilə bağlı məsələ xeyli müzakirə olundu. Doğrudur, fermerlərdən torpaqların geri alınmasının əleyhinəyəm. Amma yararlı torpağın boş qalmaması üçün ehtiyacı olanlara icarəyə vermək lazımdır. Boş qalan torpağın təyinatı olmalıdır. Əgər torpaq istifadəyə yararlıdırsa, mümkün deyil ki, ondan istifadə edilməsin. Bu gün Azərbaycanda torpaq üçün vergi tutulması çox aşağı səviyyədədir”.

İqtisadçı qeyd edib ki, kəndlilərin pay torpaqlarından istifadə etmədiyi üçün vergidən imtina etməsi düzgün yanaşma deyil: “Kəndli tələb edə bilər ki, ərazilərdə su təchizatı yaxşılaşdırılsın, kənd təsərrüfatı ilə məşğul olmaq rentabelli deyil, çünki büdcədən fermerlər üçün ayrılan subsidiyaların məbləği yetərli deyil və sair. Bu, normaldır. Amma vergidən imtina etmək düzgün deyil. Azərbaycanda vergi mədəniyyəti formalaşmalıdır. Əvvəllər torpaq vergisi bələdiyyələrə verilirdi. Bələdiyyələrin büdcəsinin bir hissəsi fiziki şəxslərin torpaq vergisindən formalaşırdı. Hələ o zaman insanlar üçün qəbuledilməz idi ki, torpağa görə vergi ödəyir. Torpaq islahatlarından sonra torpaq vergisi Azərbaycan üçün yeni məsələ idi. Mülkiyyətində olan əmlaka görə mütləq vergi ödənməlidir. Bunlardan biri də torpaq vergisidir. Hətta götürülən məhsulun əlavə dəyər vergisi də var. Kənd təsərrüfatının qarşısına qoyulan məsələ ondan ibarətdir ki, o, ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin etsin. Ortada qalan xeyir fermerin maraqlı olması üçündür. Məhsul istehsalını mənfəətli etmək hökumətin problemidir. Fermerlər hökumət qarşısında bu problemi qaldırmalıdır. Nə etmək lazımdır ki, bu gün kənd təsərrüfatında çalışmaq fermer, kəndli üçün maraqlı olsun? Bu məsələnin həlli tapılsa, Azərbaycanda işsizlik problemi çox asanlıqla çözülər. Çünki Azərbaycanda yerli əhalinin 60 faizdən çoxu kənd təsərrüfatı vərdişlərinə malikdirlər”.

Dövlət tərəfindən hər bir ailəyə pay torpağı necə ayrılır?

 

Akif Nəsirli deyib ki, 1996-cı illərdə torpaq islahatı zamanı bu məsələ çox ciddi müzakirə olundu: “Təəssüflər olsun ki, həmin islahat vaxtı dünya təcrübəsindən xəbərdar olan ekspertlərin fikirlərinə yer vermədilər. Rayon və respublika üzrə torpaq sahələri bölünəndə torpaq payı müəyyənləşdirilmədi. O vaxtı hər kolxozun nə qədər sahəsi vardısa, onu kolxoz üzvlərinin sayına böldülər. Əslində bu, çox ədalətsiz bölgüdür. Ona görə də konkret rəqəm yoxdur ki, hər nəfərə düşən pay torpaq nə qədərdir. Ölkə ərazisində elə yer var ki, bir adama bəzən 1.5 hektar, bəzən 2 hektar, bəzən də 30 sot torpaq düşür. Səriştəsizlikdən ölkə üzrə bunun konkret həddini müəyyənləşdirmədilər”.

 

Yeganə Oqtayqız

Cebhe.info

 

09:06