Sehrli aləmdə: Ermənilərin özününküləşdirmək istədiyi ecazkar Xudavəng monastırı -REPORTAJ FOTO VİDEO

Əvvəli burda: Kəlbəcər yollarında: 3395 metr yüksəklikdən Xudavəng monastırına doğru - REPORTAJ

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Xudavəng monastırında iki saat

Monastırı gəzmək, çəkiliş aparmaq üçün iki saata yaxın vaxtımız var. Ağlınıza başqa şey gəlməsin, qayıdanbaş da eyni yollardan keçəcəyimizə görə burada çox yubansaq, Ömər aşırımında dumana-çənə düşə bilərik. Özümüzü çətinə salmamaq üçün hər dəqiqəni dəyərləndirməli, ləngimədən işlərimizi görüb vaxtında yekunlaşdırmalıyıq. Planda olmasa da, düşünürük ki, vaxt qalsa, gəlmişkən başqa yerləri də görək.

 Noyabrın 25-də erməni qoşunları Kəlbəcərdən çıxdıqdan sonra monastır Rusiya sülhməramlı qüvvələrinin himayəsinə verilib. Hazırda monastırın ərazisinə nəzarəti sülhməramlılar həyata keçirir. Monastırın girişindəki postda və ərazinin perimetri boyu rus sülhməramlılar xidmət aparırlar.

1609666286913_0KghHesm.jpeg (299 KB)

Həyəcanlıyam. Qarşımda əsrarəngiz bir mənzərə açılıb. Sanki orta əsrlərə düşmüşəm. Burada hər daş dil açıb danışır. Min ildən çox müddətdə bu füsunkar vadinin qoynunda özünə yer eləmiş kompleksi gəzmək, tariximizin bu möhtəşəm hissəsini yaxından tanımaq istəyirəm.

 Zəng qülləsinin qarşısından keçib Böyük Həsən kilsəsinin önündə dayanmışıq. Bizi iki erməni keşişi qarşılayır. Azərbaycan hakimiyyətinin razılığı ilə burada fəaliyyət göstərir, monastırın baxımını və gündəlik ayinləri həyata keçirirlər. 

Bir azdan bizimlə gələn Udi icmasının və Gəncə şəhərində yerləşən Rus-Pravoslav kilsəsinin nümayəndələri kilsədə şam yandıracaq, dualar oxuyacaqlar. Ayindən sonra isə kilsənin qarşısındakı meydançada süfrə açılacaq, Udi mətbəxinin ləziz yeməkləri süfrəni bəzəyəcək, gələnlər bu nemətlərdən dadacaqlar. Bəs necə, qarşıdan Milad bayramı gəlir. Ona görə də bu qədim Alban məbədində udilərin süfrə açması əlamətdardır. 

 Xudavəng və ya Dadivəng monastırı Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlıq vadidə, yüksək təpəlik üzərində yerləşir. Ərazi olduqca cazibədar təbiətə malikdir. Monastırın arxitekturası landşaftla həmahənglik təşkil edir.

Tanrının torpağı Xudavəng

 Reportajlarımız boyu elmi məsləhətləri ilə yardımını əsirgəməyən AMEA Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin sözlərinə görə, Xudavəng və ya Dadivəng adlanan monastır kompleksinin adındakı “Xuda” kəlməsi farscadan tərcümədə “Tanrı” deməkdir: “Dadi” isə Azərbaycan türkcəsində mövcud olan “dədə” sözünün süryanicə tələffüzüdür. Monastır kompleksinin adının ikinci hissəsindəki “vəng” kəlməsinin digər prototipi “vənd”dir. Süryani müəllif Mar Apas Katinanın əsərində “Bulqar vənd” ifadəsi işlədilməkdədir. Türkcə kəlmə olan “vənd” torpaq mənasını verir. Qarabağda bu cür toponimlərə çox rast gəlmək mümkündür. Məsələn, Qaravənd, Yağlavənd və s. Monastır kompleksinin adına diqqət edərsək, “Xudavəng” və ya “Xudavənd”, yəni “Tanrının torpağı” ifadəsinin yer aldığını görərik. Eləcə də “Dədəvəng” və ya “Dədəvənd” isə “dədənin torpağı” kimi ifadə oluna bilər”.

1609666692166_wXTF8vld.jpeg (198 KB)

 

Alimin fikrincə, hər bir xristian Alban məbəd kompleksinin öncələri kiçik bir məbəddən ibarət olması çox geniş yayılıb: “Kəlbəcərdəki Xudavəng monastır kompleksinin də yerləşdiyi yerdə Albaniya dönəmi xristianlığın yarandığı ilk illərində kiçik məbədin olması ehtimal edilə bilər. Çox güman ki, bu məbədin yerində hazırda kompleksin ən qədim tikilisi olan birnefli bazilika tikilib”.

Quliyevin sözlərinə görə, Azərbaycanda İslam yayıldıqdan sonra xristianlıq öz varlığını Albaniyanın dağlıq bölgəsində sürdürüb. Daha sonradan Xudavəngin də daxil olduğu bu bölgədə Arsax-Xaçın knyazlığı yaradılıb:“Bu knyazlıq Alban dövlətinin varisi idi. Əsassız olaraq bu sülalənin yaradıcısı Həsən Cəlalı Arranoğulları və ya Mehranilər sülalələrindən birinə aid edirlər. 

 Lakin tarixi qaynaqlarda bununla bağlı heç bir məlumata rast gəlinmir. Qaynaqlarda onun titulları içərisində “Xaçın və Arsaxın knyazı” və ya “Albaniya knyazı” kimi adlara rast gəlirik. Heç şübhəsiz ki, Həsən Cəlal xristian alban idi, lakin hər hansı alban sülalələrindən deyildi. Xudavəng monastırının genişlənməsi və inkişafı məhz Xaçın knyazlarının adı ilə bağlıdır. XIII əsrdə Həsən Cəlalın oğlu Vaxtanq kompleksi yenidən inşa edib və bura əlavə tikililər artırıb. 1214-cü ildə Arzu Xatun əri Vaxtanq və oğullarının xatirəsini əbədiləşdirmək üçün burada kilsə tikdirib. Azərbaycanın ən böyük monastır kompleksi olan Xudavəng kompleksinə yeddi bölmə daxildir. Burada Arzu Xatun məbədi ilə bərabər sonradan əlavə olunmuş Müqəddəs Qriqoris Məbədi və Həsən Cəlal kilsəsi də olduqca əhəmiyyətlidir. Həm abidənin adındakı türkizmlər, həm Vaxtanqın xanımının adındakı Xatun titulu, həm də yeddi rəqəminin memarlıqda istifadə olunması bu monastırın məhz Azərbaycan türklərinə aid olduğunu söyləməyə əsas verir”.

Xudavəngin sonrakı taleyindən də bəhs edən alim Baharlu və Bayandurlu sülalələri dövründə, eləcə də Səfəvilər zamanında ölkənin mərkəzindən xeyli uzaqda olduğuna görə məbədin tamamən diqqətdən kənar qaldığını vurğulayır: “Bəlkə də hansısa kiçik xristian topluluqları gəlib ibadət edə bilirdi. Amma bununla bağlı tutarlı fakta rast gəlinmir. Xanlıqlar dövründə də Xudavəng Qarabağ xanlığının ərazisinə daxil olur və o dövrdə Qarabağda olan xristian məlikliklərinin monastırına çevrilir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra isə Alban kilsəsinin hüquqları Rusiya tərəfindən alınır və Erməni Qriqoryan kilsəsinə tabe edilir”.

 SSRİ dövrünə gəldikdə isə B.Quliyev deyir ki, allahsızlıq təbliğ olunduğundan məscidlərlə yanaşı monastır və kilsələr də dağıdılır və ya bağlanır: “Buna görə də hardasa 70 il ərzində monastırdan heç ibadət yeri kimi istifadə olunmayıb, baxımsız vəziyyətə düşərək xeyli hissəsi məhv olub. 1993-cü ildə Kəlbəcər ermənilər tərəfindən işğal edildikdən sonra monastır da onların əlinə keçib və bərpa adı ilə monastırda müxtəlif təhriflər həyata keçirilib. Bizim hazırda gördüyümüz monastır ermənilər tərəfindən təhriflərə uğrayıb, xeyli hissəsi erməniləşdirilib”.

***

Artıq monastırın ərazisində alimin də bəhs etdiyi tikililər, onların hazırkı durumu haqqında gözümüzlə gördüyümüzü əyani təsvir etməyin vaxtıdır. Həsən Cəlal kilsəsindən başlayaq.

Həsən Cəlal kilsəsi

 Kilsə kollonadalı narteksin (aşağıda haqqında bəhs ediləcək) qarşısında, monastır həyətinin cənub tərəfində yerləşir. Mərkəzi günbəzli struktura malikdir. Kilsənin günbəz və barabanının hörgüsündə bişmiş qırmızı kərpiclərdən, divarlarının hörgüsündə kobud yonulmuş daşlardan istifadə olunub.

Kilsənin qapısının hər iki tərəfinə iri xaçdaşlar, o cümlədən yan divarlarına müxtəlif ölçülərdə xaçdaşlar hörülüb. Ön tərəfdəki böyük xaşdaşların qarşısındakı döşəmədə də lövhələr və ya sinədaşları var. Çox güman burada monastırın qurucularından kimlərsə və ya tanınmış din xadimləri dəfn ediliblər. Tikilinin tinlərindəki yeni hörgü izləri burada təmir işlərinin aparılmasından xəbər verir. O cümlədən divarlarına nizamsız şəkildə hörülmüş xaçdaşları da məbədin memarlığında ermənilərin öz izlərini qoymaq cəhdi kimi qiymətləndirmək olar.

1609667673637_A3XZOZaB.jpeg (241 KB)

 

Bu kilsə ilə yanaşı, kompleksin əksər tikililərinin divarları üzərində pərakəndə şəkildə həkk edilmiş qrabarca yazılar da çoxdur. Mütəxəssis yanaşması olmadan bunların hansı dövrə aid olduğunu söyləmək çətindir, əvvəldənmi var idi, yoxsa ermənilərin zamanındamı əlavə edilib bilmək olmur.

Narteks və ya zal

Həsən Cəlal kilsəsinin şimal tərəfində isə düzbucaqlı formasında üç tərəfi bağlı, cənub tərəfi isə enli arkalardan ibarət zal, başqa adıyla narteks yerləşir. Narteks kilsələrin girişində inşa edilən tikililərə verilən addır.

 Narteksin şərq tərəfi Arzu Xatun kilsəsinə, qərb tərəfi isə Zəng qülləsinə bitişikdir. Orta hissəsindən isə kiçik bazilikaya qapı açılır ki, bir azdan o müəmmalı qapıdan keçərək daxili həyətə, sonradan öyrənəcəyimə görə isə qədim bazilikaya çıxacam. Orada yaşadığım həyəcan və qorxu barədə isə bir qədər sonra.

Narteksin arkaları yoğun, ellips formasında sütunların üzərində dayanır. Bu yoğun sütunlar kompleksə xüsusi gözəllik verir, onun əzəmətini daha da artırır. Narteksin divarlarında müxtəlif ölçülərdə oyuqlar var. İstər divarlarda, istərsə də sütunlarda yeni suvaq izlərinə rast gəlmək mümkündür.

1609667776085_dAIexYDA.jpeg (280 KB)

Monastırın tikililəri bir-biri ilə yaxın məsafədə yerləşdiyi üçün havanın aydın vaxtında günəş şüaları istər Zəng qülləsinə, tikililərin damına, istərsə də onların nahamar divarlarına toxunaraq müxtəlif işıq-kölgə effektləri yaradır ki, bu da kompleksin ecazkarlığını dəfələrlə artırır. Bir neçə gün əvvəl yağan, hələ də kilsələrin, eləcə də kiçik bazilikanın damında, o cümlədən daxili həyətdəki (hələ ki, adı belə qalsın) altarın üstündə qalan qar örtüyü də məbədin görünüşünə tamam fərqli ovqat bəxş edir.

Güman ki, yağışlı havada da bu qədim, islanmış daşlar tamam ayrı bir əfsuna bürünür. Sanki kompleks ilin bütün fəsillərində təbiətlə vəhdət şəklində yaşayır, bir inci kimi vadinin ortasında parlayır.

Kompleksin gözü sayılan Arzu Xatun kilsəsi

Yuxarıda bəhs etdiyimiz narteksin şərq tərəfində ona bitişik, kompleksin başkilsəsi sayılan Arzu Xatun kilsəsi yerləşir. Məbəd 1214-cü ildə knyaginya Arzu xatunun sifarişi ilə əri Vaxtanq və oğullarının xatirəsini əbədiləşdirmək üçün tikilib.

Kilsə yüksək günbəzi və monumental həcmi ilə kompleks ərazisinə girənlərin diqqətini dərhal cəlb edir və ətrafındakı bütün tikililər arasında dominant mövqe tutur.

Kilsənin giriş portalı müxtəlif ornamentlərlə bəzədilib, portalın sağ tərəfindəki divarda isə qrabar dilində yazı həkk edilib. Doğrusu, bu yazının nə vaxt yazılması və məzmunu barədə məlumat verə bilməyəcəm.

 1609666598567_yj5ZKlj7.jpeg (194 KB)

Kilsənin cənub fasadının pəncərəsi üzərində isə barelyeflər - əllərində kilsənin maketini tutan iki insan fiquru var. Barelyeflərdə Arzu Xatunun övladları təsvir olunub. Cənub fasadında, tağın aşağı hissəsində (barelyeflərin altında) Arzu xatunun 19 sətirlik kitabəsi, həmçinin müxtəlif dövrlərdə kilsəyə edilmiş bəxşişlərdən bəhs edən tarixli və tarixsiz müxtəlif xırda kitabələr yerləşir, daha dəqiqi divara qazılıdı.

Bu kitabələr dövrümüzə kimi qorunub saxlanılıb.

Arzu Xatun kilsəsinin oğurlanan freskaları

Kilsəyə daxil oluruq. Başımızın üstündə çilçıraq asılsa da, içəri yarıqaranlıqdır, yalnız günbəzin pəncərələrindən düşən günəş işığının və altarın üstündəki şamdanlarda yanan şamların hesabına aydınlanır. Altarın önündə dayanmış iki keşiş heç kəsə fikir vermir, uca səslə qarşılarındakı kitabdan dua oxuyurlar.

Sol tərəfdəki oyuğun içinə ikona qoyulub, qarşısında müqəddəs su üçün daşdan hazırlanmış qab var. Kilsənin divarları boyanmayıb, öz təbii rəngindədirlər. Sağ divarında isə suvaq sanki kəsilib götürülüb. Mənbələrdə Arzu Xatun kilsəsinin divarlarının freska ilə bəzədildiyi barədə məlumatlar olsa da, günümüzə qədər onların çox az hissəsi gəlib çıxıb. Lakin mən divarlarda heç bir freska görmədim.

Sonradan internetdə axtarışlarım zamanı məlum oldu ki, aşağıda şəkillərini də verəcəyim iki freska günümüzə qədər gəlib çıxıb. Hətta şəkillərdən birində freskanın üstündə görünən kiçik pəncərə də mənim kilsədə gördüyüm divarın suvağı kəsilib çıxarılmış hissəsi ilə tamamilə uyğun gəlir. Suvağın düzbucaqlı formasında kəsilməsi onu deməyə əsas verir ki, ermənilər kilsəni təhvil verdikdə Zəng qülləsinin zəngi və kilsəyə məxsus müxtəlif artefaktlarla yanaşı, 13-cü əsrdən qalma freskaları da qazıyıb aparıblar. Kilsənin sol divarında da freska olmalı idi ki, hazırda o da yoxdur.

1609668703596_jJbvf4Vp.jpeg (83 KB)

Heç şübhəsiz bu vandallıq təkcə Azərbaycana məxsus tarixi-mədəni abidəyə vurulmuş zərər deyil, həm də bəşəriyyətin mədəni irsinə qarşı işlənilmiş vəhşilik kimi qiymətləndirilməlidir.

 Bunlar hələ bizim gözəyarı müəyyənləşdirdiyimiz oğurluq, vandallıq  hallarıdır. Görün, mütəxəssislər kilsəni araşdırsalar, daha hansı vandallıqlara və təhriflərə şahid olarlar, bir Allah bilir.

 Ümid edək ki, bu məsələlər araşdırılaraq UNESCO və digər təşkilatlara erməni vandallıqlarının nəticələri kimi təqdim ediləcək.

Kiçik bazilikanın alaqaranlıq otaqları

Arzu Xatun kilsəsindən çıxıb narteksdə kiçik bazilikaya açılan qapıdan keçirəm.

Haşiyə: Bazilika - adətən dini əhəmiyyəti olmayan, sadəcə toplanma funksiyası daşıyan dini tikililər üçün istifadə olunan memarlıq planıdır. Düzbucaqlı, uzunsov bina olub, üç, beş yaxud daha artıq aşırıma bölünür. Orta aşırım kənardakılardan nisbətən daha geniş və hündür olur. Adətən bazilikanın şərq tərəfində mehrab, qərb hissədə isə giriş yerləşir.

Orta əsrlərə aid bu kiçik bazilika qədim bazilikanın cənub divarına bitişik inşa edilib və ondan əhəmiyyətli dərəcədə ensiz və qısa ölçüdədir.

Bura bir-birinə bitişik iki otaqdan ibarətdir. Girişdən sağ tərəfdə mehrab yerləşir. Mehrabın qabağında ermənicə yazılmış lövhə qoyulub.

Soldakı otağa keçirəm, maraqlı nəsə gözümə dəymir. Burada bayaq dayandığımız həyətə deyil, başqa bir yerə - daxili həyətə qapı açılır. Nə otaqlarda, nə də həyətdə hələ ki, məndən başqa kimsə yoxdur, dörd tərəfdən divarla əhatə olunub. Nə gizlədim, içimdə həyəcanla yanaşı yünvülvari qorxu da var. Təklik nə yaman şeymiş! Elə bilirəm burda başıma nəsə pis iş gələcək. Ona görə tez-tələsik həyəti çəkib qayıtmaq istəyirəm. Lakin bu dəm arxamca gələnlərin öz dilimizdə danışıqlarını eşidib toxtayıram və bu dəfə addımlarımı ürəklə atıb həyətə çıxıram.

Qədim bazilikadakı məzarın sahibi

Xudavəng məbədi ilə bağlı bir çox məlumatları sonradan daha dərindən mənimsəməklə yanaşı, onu da öyrənəcəm ki, bayaqdan “həyət-həyət” dediyim yer əslində kompleksin ən əski tikilisi sayılan qədim bazilika imiş.

Hətta bu tikilinin başqa bir qədim tikili üzərində inşa edildiyini söyləyənlər də var. Qədim bazilikanın damı günümüzə qədər gəlib çıxmayıb. Buna görə də ilk baxışdan mən buranı kompleksin daxili həyəti sanmışam.

Qədim bazilikanın qərb tərəfinə Yepiskop Qriqor kilsəsi birləşir. Şərq tərəfi isə qövsvari altar şəklindədir. Təxminən bir metr hündürlükdəki altarın üstündə xaçdaş ucalır. Altında isə zirzəmiyə bənzəyən yer və barmaqlıqlı balaca dəmir qapı var.

Belə aydın olur ki, dayandığımız yer kompleksin ən qədim tikilisi hesab edilən bazilika olmaqla yanaşı, həm də mərkəzi sayıla bilər. Çünki burada Qafqaza xristianlığı gətirmiş Dadinin məzarı yerləşir.

 

 1609669089655_0FArB8a2.jpeg (126 KB)

Rəvayətə görə, Həvari Faddey xristianlığı təbliğ etmək məqsədi ilə Qafqaz Albaniyasına Dadi adlı şagirdini yollayır. Lakin o, Qarabağda əzablı ölümlə öldürülür. Xudavəng monastırı da məhz onun məzarı üzərində salınıb. Ermənilər isə iddia edir ki, 2007-ci ildə monastırın ərazisində arxeoloji qazıntılar zamanı bu məzar tapılıb və hazırkı şəkildə mühafizə olunur.

 Çəkilişimiz daha effektiv alınsın, deyə məzarın önündə qoyulmuş manqalfason şamdanlarda gördüyümüz şamları yandırırıq. Bunu görən keşiş soruşur:

- Siz xristiansız?

Deyirəm:

- Yox, sadəcə inanclı adamlarıq. Biz bütün dinlərə hörmət edirik. Xristian olmasaq da, atributlarına ehtiram göstəririk. Necə ki, Məhəmməd Peyğəmbəri sevirik, o cür də Həzrəti İsaya məhəbbətimiz var.

Keşiş təəccüblə baxır.

- Siz bilirsiniz ki, Quranda Həzrəti İsa haqqında ayrıca surə var? Orda onun özü və anası Həzrəti Məryəm haqqında geniş şəkildə bəhs olunur?

- Bəli, seminariyada təhsil aldığım zaman bu barədə oxumuşdum.

- İrəvanda anadan olmusunuz?

- Bəli.

- Adınız nədir?

- İqnati ata.

- Sizinkilər Kəlbəcəri təhvil verib gedəndə monastırın bir sıra müqəddəs əşyalarını da aparıblar. Hətta bu yaxında onların bir hissəsini İrəvanda nümayiş etdirdilər.

 

- Xəbərim yoxdur, mən bura təzə gəlmişəm, - astadan deyir.

- Burada hər gün nə edirsiniz?

- Hər gün səhər doqquzda qalxıb ilk kilsə ayinini həyata keçirik. Sonra bu ayin gün ərzində bir neçə dəfə təkrarlanır, bundan başqa bazar günləri ibadətlərimiz olur.

- Müharibə haqqında nə düşünürsüz?

- Mən din adamı olduğum üçün siyasət barədə danışmaq istəmirəm.

- Axı bu torpaqlar Azərbaycanındır.

- Mən yalnız sülh tərəfdarıyam. Düşünürəm ki, biz sülh içində yaşamalıyıq, Sovet vaxtı azərbaycanlı dostlarım da var idi. Sülh içində yaşayırdıq, məncə insanlar yenə sülh içində, dostluq şəraitində yaşamalıdırlar.

- Axı sizinkilər bizim dövlətin sərhədləri daxilində dövlət yaratmaq istəyirlər?

- Mən bu barədə danışmaq istəmirəm, sadəcə, bir din adamı olaraq düşünürəm ki, xalqımız qarşılıqlı dostluq şəraitində yaşamalıdırlar.

 “Sülh, sülh” deməsinə baxmayaraq, açığı onun da mənimlə danışmağa istəkli olmadığını görüb söhbəti bitirirəm. Artıq qədim bazilikada elə bir işimiz qalmayıb, monastırın girişindəki meydana qayıda bilərik.

  Ermənilərin Udilərə vurduğu zərbə

Biz kompleksi gəzib gələnə qədər Udi icmasının üzvləri artıq Həsən Cəlal kilsəsində dua edib, şam yandırıblar. İndi isə hamı süfrənin ətrafına toplaşıb.

Elə süfrə başındaca, ləziz təamlardan dada-dada Udi Mədəniyyət Mərkəzinin rəhbəri Oleq Danakari ilə söhbətləşirik.

- Gəlişinizin məqsədi nə idi?

- Xudavəng qədim alban məbədidir. Məqsədimiz o idi ki, gələk buradakı kilsələri ziyarət edək, ayin keçirək, dualar oxuyaq. O cür də etdik, şam yandırdıq, dua oxuduq. Düşündük ki, Xudafərin monastırında kiçik bir süfrə də açaq və onu Udi xalqının nemətləri ilə bəzəyək.

- Nə dualar elədiniz?

- Dua elədik ki, Allah bizə kömək olsun, xalqımıza kömək olsun. Dövlətimiz üçün dua elədik. Şəhidlərimizi yada saldıq.

- Bu məbədin Udi icması üçün mənəvi dəyəri nədir?

- Mənəvi dəyəri çox böyükdür. Çünki Erməni Qriqorian Kilsəsinin bizə vurduğu zərbəni heç ərəblər 8-ci əsrdə gələndə vurmayıblar. Baxmayaraq ərəblər Qafqaz Albaniyasının xeyli hissəsini islamlaşdırmışdılar, ermənilər isə bizim kilsələrin hamısını ya mənimsəyib, ya da dağıdıblar.

 

- Alban kilsəsi ilə erməni kilsələrinin fərqi nədir?

- Bəli, müəyyən fərqlər var. Xaçlarımızda fərq var, altarların quruluşu ayrıdır, kilsələrin memarlığı seçilir.

- Xudavəng məbədində ermənilərin apardıqları hansısa dəyişikliləri  müşahidə elədiniz?

- Bizdə altar alçaq olur, ermənilərdə isə hündür. Burda altar orta hündürlükdə idi. Kilsə zəngini də götürüblər, yalnız xaç qalıb. Ola bilsin ki, zəngin üstündə Alban mədəniyyətinə aid yazı olub. Özünüz də görürsüz ki, divarlarda yeni hörgü izləri də var.

 1609669251912_bBmt0eVO (1).jpeg (167 KB)

*** 

 

Monastırda yuxarıda sadaladığım əsas tikililərdən savayı köməkçi binalar da var. Onlar əsasən kompleksin cənub tərəfində yerləşir. Bu tikililərin çoxu vaxtilə təsərrüfat xarakteri olub, lakin əksəriyyəti günümüzə qədər gəlib çıxmayıb, dağılıb.

Burdakı yarımçıq divarın üstündə dayanıb xidmət aparan rus sülhməramlısını süfrəyə dəvət edirəm. Lakin nəzakətlə rədd edir və onunla söhbətləşməyim üçün bəhanə yaranır: 

- Necə keçir burada xidmət?

- Əladır.

- Hava həmişə belədir? Bu gün yaman günəşlidir.

- Hardasa bir həftə əvvəl möhkəm qar yağmışdı. Düzdür, xeyli əriyib, amma bəzi yerlərdə görürsən ki, qalıb. Əsl qış havası var buralarda. Elə bil evimizdə, Rusiyadayıq.

- Burda darıxmırsınız?

- Yox, yaxşıdır. Mən çox yerdə olmuşam. Lakin buranı çox bəyənirəm, olduqca gözəldir.

- Harada olmusunuz?

- Onu deyə bilmərəm. Amma buralar çox gözəldir, havası təmizdir.

- Məbəddə ibadət edirsiz?

- Mən yox, amma aramızda ibadət edənlər var. Siz də udisiz?

- Yox.

Bu dəfə o suala keçir.

- Buralısız?

Bayaq yolda yaşadığım hisslərin təsirindəndir, ya nədəndirsə özümdən asılı olmadan deyirəm:

- Bəli.

- Kəlbəcərli?

- Aha.

- Buralar yadınıza gəlir?

- Qaçqın düşəndə uşaq idim.

- Qayıdıb yaşamaq istəyirsiz?

- Əlbəttə. Bura bizim doğma torpaqlarımızdır. Lakin necə yaşaya bilərik ki, onlar mənim əmimi öldürüblər. 27 il qabaq bu dağları aşıb min əziyyətlə canımızı qurtarmışıq. Bəs onlar necə olsun?

1609669703918_B1jEDBay.jpeg (143 KB)

Söhbət ermənilərdən düşür. Ondan Xocalı haqqında soruşuram. 613 dinc sakinin öldürüldüyünü, aralarında körpələrin, qadınların, yaşlı insanların olduğunu deyirəm.

Deyir ki, xəbəri var. Hətta bu barədə videorolikə də baxıbmış:

- Əsl genosiddir.

- Bizim əsgərlərlə ünsiyyətiniz olur?

- Bəli. Rusca kim bilirsə, danışırıq. Burda səfərbərliklə çağırılmış əsgərlər vardı. Onlarla tez-tez ünsiyyətimiz olurdu. Artıq evlərinə buraxılıblar.

- Siz nə vaxt buraxılacaqsız?

- Biz hələ beş il buradayıq.

Söhbətimizin sonunda deyir ki, dayandığımız yerlərin Azərbaycan torpaqları olduğunu bilir və hər şeyin tezliklə qaydasına düşəcəyinə ümid edir.

Saat 13:40. Hava elə günəşlidir ki, sanki dağların qoynunda deyil, tropik çimərlikdəyik. Amma günəş yandırsa da, şaxta da hiss olunur. Bir az kölgəyə keçən kimi dağların soyuğu adamı kəsir.

Bayaqdan bu qədim alban məbədinin cazibəsi bizi öz sehrində saxlasa da, geri dönəcəyimiz sərt yolları xatırlayıb reallığa qayıdırıq.

Artıq getmək vaxtıdır.

Aşağıda, Azərbaycan postunda bir qədər dayanıb əsgərlərimizlə xudafizləşirik. Sonra isə Tərtərçayın müqəddəs sularından öpüb yola düzəlirik...

 

Xudaferin.eu

00:16