Səadət Abdullazadə ilə müsahibə

Onlar gənc, fəal və iddialıdırlar. Faydalı dəyişiklərin olacağına və bu dəyişiklərə səbəb olacaq ən mühüm təkanverici qüvvələrdən biri olacaqlarına əmindirlər. Hazırda `Yeni Nəsil Qadın Koalisiyası` `adı altında birləşirlər.

Bu Koalisiyanın təməl təsisçiləri 15 nəfərdir. Əslində isə sayları daha çoxdur. Birlikləri möhkəmdir. Əlaqələri davamlıdır. Gələcəyə baxışları müxtəlif olsa da hədəfləri eynidir; qadınlar ictimai proseslərdə daha yaxından iştirak etməlidirlər. Qadınlar öz mühitlərini özləri yaxşılaşdırıb layiqli yerlərini əldə etməlidirlər. Toplum qadınların yaxından iştirakı olmadan  heç bir uğur əldə edə bilməz, inkişaf edə bilməz, dünya ilə ayaqlaşa bilməz, qadınlar bu toplumu müasir dünya ilə ayaqlaşmağa vadar etməlidirlər.

Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin həyata keçirdiyi  `Yeni Nəsil Qadın Koalisiyası` layihəsi bu gün `xudaferin.eu` oxucularına onlardam daha birini – Səadət Abdullazadəni təqdim edir.

  • Sosial işçi və gənc aktivist Səadət Abdullazadə ictimaiyyət üçün faydalı şəxs olacağına nə zaman qərar verdi?
  • 2010-cu  ildə Bakı Dövlət Universitetinin Sosial İş fakültəsində təhsil almağa başlaydığımdan özümü bu sahəyə aid hiss etdim, axtarışlara başladım, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini yaxından izlədim. Düşünürdüm, görəsən mən harada olsam daha çox fayda verə bilərəm. Nəhayət, ruzgar mənim yelkənimi yönləndirdi. İlk öncə insan alveri qurbanları ilə bağlı bir layihəyə qoşuldum. Daha sonar əlilliyi olan insanların reabilitasiyası üzrə ixtisaslaşan bir QHT-ə üzv oldum. Hazırda Y-PEER Azərbaycan-da öz ictimai fəaliyyət sahəmi daha da genişləndirmişəm. Y-Peer Azərbaycan olaraq Bakı və bir neçə regionda gənclər və yeniyetmələrlə bağlı layihələr təşkil edirik.

-  Sosial işçi, könüllü işçi – bunlar yeni sahələr və yeni ifadələrdir… demək sən yeni dünyaya aid müstəvidəsən, eləmi?

-  Avropa və Amerika ölkələrində social iş bir ixtisas olaraq artıq öz yerini tapıb. Azərbaycanda bu sahə inkişaf etməyib, ona görə social işçi olmaq bəzən maddi baxımdan qəliz duruma düşməkdir. Bir müddət əvvəl belə düşünmürdüm. Sonra təlatümlü bir dönəm başladı. Sosial iş sahəsində fəaliyyət göstərən bir sıra yerli QHT-lər bağlandı. Onlara  verilən  vəsait ölkəyə buraxılmadı. Bütün ideyalar, görülən işlər yarımçıq qaldı. Mənim və mənim kimi nə qədər insanın işi yarımçıq qaldı. Onda bu reallığın fərqinə vardım. Oturuşmamış bir sistemdə mövcud olmaq son dərəcə riskli bir işdir. Hətta bəzən qəzaya aparıb çıxara bilər. Amma bütün hallarda bu qəzaları dəf edəcək zümrə olmalıdır. Yəqin o zümrə bizik. Təlatümlərin içində yürüyürük. Məhz o zaman yaxınlarım dedi ki, kaş başqa bir ixtisas seçəydim,  maddi sıxıntılar yaşamayacağım bir peşəm olardı. Bir tərəfdən baxanda onlar haqlı idilər.

- Məsələn, necə bir ixtisas?

    - Məsələn müəllimlik. Bağça müəllimliyi, uşaqları çox sevirəm və ya ibtidai sinif müəllimliyi ola bilərdi. Elə tarix müəllimi də ola bilərdim. Tarixi də sevirəm. Amma artıq gec idi, seçimi etmiş, yolumu tutmuşdum və davam etmək üçün hər yerə baş vururdum.

    - Könüllü işçi dedin bayaq… bu sahədə vəziyyət necədir?

- Bu da yeni bir anlayışdır Azərbaycan üçün. Oturuşmamış, inkişaf etməmiş bir istiqamətdir. Düzdür, hətta qanun belə qəbul edilib. Bir sıra qanunlarla yanaşı bu qanunu da `Yeni Nəsil Qadın Koalisiyası`nıntəlimlərində dərindən öyrəndik. Könüllülük get hansı layihədəsə pulsuz işlə, demək deyil. Bu, qanunla nizamlanan və mədəni səciyyə daşıyan bir haldır. Bu, eyni zamanda iş stajina daxil olan bir fəaliyyətdir. Müqaviləsi, anlaşması, zəruri xərclərinin ödənməsi tələb edilir. Amma təəssüf ki, bizdə bu anlayış hələ yerinə oturmayıb. Avropa ölkələrində ildə milyonlarla insan könüllük fəaliyyəti göstərir. Işsizlərdən tutmuş alimlərə, tələbələrdən tutmuş siyasi xadimlərə kimi könüllülük fəaliyyəti ilə məşğul olurlar. Bu mədəni və dövlət  və vətəndaşlar tərəfindən himayə edilən bir prosesdir. Bizdə isə qanun var, anlayışı və mədəniyyəti olmayan könüllülüyün qanunu. Boş bir şey. Amma mən əminəm ki, bu sahə dəyişəcək. Öz özünə deyil, bizim təkanımız və yeni yanaşmamız nəticəsində dəyişəcək.

- Ailən necə baxır sənin bu qəribə, çox vaxt ödənişsiz, necə deyərlər xeyirsiz fəaliyyətinə?

- Öyrəşiblər. Tələbəlik illərindən işləyirəm. İstər ödənişli, istər ödənişsiz, amma mütləq məşğulam. Ailəm hər zaman məni dəstəkləyib, işim olduğu vaxtlar da, olmadığı vaxtlar da. Hazırki vəziyyətdən də xəbərdardırlar. İndi Y-PEER Azərbaycanda könüllü olaraq işləyirəm. İşim məni xoşbəxt edir. Uşaqlarla, yeniyetmələrlə işləməkdən zövq alıram. Çətinliklər olsa belə bəzən elə məmnun oluram ki, hətta qorxuram, birdən ödənişli iş tapa bilsəm bunları necə buraxıb gedərəm. Bu yanaşmama özüm belə gülürəm, çünki ciddi şəkildə ödənişli iş axtarıram…bunsuz mümkün deyil. Amma bütün hallarda bu kimi könüllü işlərimdən əl götürəcək deyiləm.

- Səadət, fəaliyyət sahən çoxistiqamətlidir, amma görürəm ki daha çox qadınlarla işləyirsən. Qadınların problem aşıb daşır, lakin  sənə ən çox tikan kimi batan qadın problemı hansılardır?

- Çətin sualdır. Həm də maraqlı ifadədir; tikan kimi batır. Əsas maraq dairəm gender mövzusudur. Təhsilimi də bu sahə üzrə davam etdirməyi düşünürəm. Gender əsaslı zorakılıq, cinsinə görə selektiv abort və erkən nikah məni ən çox narahat edən məsələlərdir. Əlbəttə, bütün bunların başında qadın maaariflənməsi gedir. Qadınların öz hüquqlarını bilməsi, təhsilin qadın üçün əlçatımlılığı, təhsilini davam etdirmək istəyən qadına dövlət dəstəyi… bunlar qlobal məsələlərdir. Ciddi yanaşma, dövlət dəstəyi istəyir. Biz isə ictimai sector olaraq yalnız dəstək verə bilərik. Hər halda əgər genderlə bağlı təhsilimi davam etdirmək istəyim həyata keçərsə gələcəyimi yalnız bu istiqamət üzrə qurmaq istəyirəm. Amma könüllülük və ictimai fəaliyyət hər zaman olacaq və mənim tərəfimdən qadınlar arasında  xüsusi olaraq təşviq olunacaq. Bu, mənim həyat tərzimdir.

-  İşinlə əlaqədar son 5 ildə yəqinki,  maraqlı  hadisələrlə rastlaşmısan. Birini bizimlə paylaşa bilərsənmi?

-  2013-cü ildə social reabilitasiya ilə məşğul olan bir təşkilat 10 rayonu əhatə edən layihə həyata keçirirdi, mən də həmin layihənin koordinatorlarından biri kimi regionlara səfər edirdim. Getdiyim rayonlarda əlilliyi olan uşaqların valideynləri ilə görüşür, onlara səyyar mobil xidmət haqda məlumat verirdik, əlilliyi olan uşaqların həyat bacarıqlarını inkişaf etdirmək üçün onlara pulsuz psixoloq, fizioterapevt yardımı təklif edirdik. Bəzi valideynlər bu təklifimizi xoş qarşılayırdılar, ancaq elələridə olurdu ki, tam biganə formada bunu rədd edirdilər. Hətta bir valideyn “mənim uşağıma bu lazım deyil, bezmişik artıq, gözləyirik nə vaxt öləcək” deyə cavab vermişdi. Bax o zaman social işdə ilk zərbəmi almışdım. Ancaq vaxt keçdikcə çəkdiyim zəhmətin bəhrəsini görürdüm, bu da məni yol qoyduğum işə davam etmək üçün motivasiya edirdi. Həm də, bu gətirdiyim nümunədən fərqli nümunələrə də rast gəlirdim. Anaların, ataların qeyri adi fədakarlıqlarının şahidi olurdum. Bu hadisələr adamı filosof edir. İnsanların, düşüncələrin, qəlblərin, fəaliyyətlərin elə çeşidlərinə rast gəlirsən ki, sıravi bir ömürdə onları görnək, bilmək, müşahidə etmək mümkün deyil. Heç kimi, heç nəyi qınamırsan, gördüyün hər qəribəliyə anlayışla yanaşmağı öyrənirsən.

 

-  Sosial işin mənasını az sözlə necə ifadə edərdin?

-  Social iş insanı sevmək,  qayğısına qalmaq, əlindən tutmaq, hər halına anlayışla yanaşmaq, daşıdığı yükə şərik olmaq deməkdir. Social işin mükafatı böyükdür, bəzən də yoxdur, Mükafatı, əvəzi, qarşılığı düşünmədən çalışmağı bacarmaqdır social iş. Mən hətta küçə uşaqları ilə bağlı hər hansı bir layihədə iştirak etmək istərdim. Eləcə də bu mövzuda social tədqiqat aparmaq  yaxşı təcrübə olardı. Bilirsiniz, bütün bu sahələr Avropada ayrı-ayrı tədqiq edilən, öyrənilən, elmi işlər, dissertasiyalar həsr edilən, institutların  təşəbbüslər, təkliflər irəli sürdüyü sahələrdir. O ölkələrdə dövlət araşdırmaçıların verdiyi təklif və təşəbbülər üzərində qurur siyasətlərini. Fəsadları aradan qaldırmaq üçün həyatın bu kimi sahələrinə yalnız inzibati qaydada deyil, həm də alimin, araşdırmaçının, social işçinin gözü ilə baxır. Mən istəyirəm bizim ölkəmizdə də belə olsun. Bunun üçün əlimdən gələni edirəm.

 Müsahibəni hazıladı: Hüsniyə

Xudaferin.eu

 

 

18:15