Ərdoğan üçün ən böyük təhlükə

Qadın lider sol və sağdan və eləcə də AKP-dən səsləri oğurlayacaq

Türkiyədə referendumdan sonra MHP-dən istefalar başladığı bir zamanda narazıların yaradacağı yeni partiya gündəmə gəlib. Narazıların rəhbəri Meral Akşenerin yaradacağı yeni partiyanın adının Milliyyətçi Türkiyə Partiyası- MTP olacağına dair xəbərlər var. Siyasi kulislərdə yayılan məlumata görə, yeni partiyada M.Akşener çox sayda tanınmış partiya üzvlərini birləşdirmək üçün artıq fəaliyyətə keçib. 

İngiltərədə nəşr olunan “Financial Times"in xəbərinə görə, MHP daxilindəki müxalif qanadın lideri Meral Akşener AKP hakimiyyətinə meydan oxumaq üçün yeni partiya yaratmaq istiqamətində fəaliyyətə başlayıb: "Ekspertlər mərkəz sağ qüvvələri AKP hakimiyyəti üçün ən böyük təhlükə olaraq görür. Keçmiş daxili işlər naziri Akşener belə bir hərəkata rəhbərlik edəcək ən yaxşı namizəd hesab oluna bilər. Akşenerin müdafiəçiləri onun həm millətçiləri, həm laikləri, həm də islamçıları ətrafına toplayacaq şəxs kimi xarakterizə edir. Akşener sol və sağdan və eləcə də AKP-dən səsləri oğurlayacaq”.
Qeyd edək ki, Meral Akşener Türkiyədə istər MHP, istərsə də CHP-nin, bununla yanaşı həm də vətəndaş cəmiyyətində bu ölkənin Mustafa Kamal Atatürk dəstəkçilərinin ən çox qəbul etdikləri yeni liderlərdən biri olaraq görülür. Meral Akşener Türkiyənin ilk qadını olaraq Daxili İşlər naziri vəzifəsində çalışıb. Türkiyə Böyük Millət Məclisinin başqanı və başqan yardımçısı olubdur. 
 

Xəzər

Cebhe.info

 

06:18