Ramiz Əmirli: “Hədəfimiz dədələrimizə məxsus alpaqutu Macarıstanda inkişaf etdirməkdir”

Macarıstan Alpaqut Federasiyasının rəhbəri Ramiz Əmirli: “Dünya karatenin mənbəyini Yaponiya olaraq tanıdığı kimi, alpaqutu da qədim türk idman növü olaraq tanıyacaq”

Azərbaycan oxucusuna Ramiz Əmirli adı tanışdır. Bəli, Macarıstanda yaşayan həmyerlimiz, Macar-Azəri birgə cəmiyyətinin sədri olan Ramiz bəy. “Yeni Müsavat” onunla həm yaşadığı ölkədə, həm də Azərbaycanda xeyli söhbət edib. Ramil Səfərovun Azərbaycana ekstradisiya prosesini bütün detalları ilə bilən, bu haqda danışan həmyerlimiz bu günlərdə yenidən Azərbaycandadır.

Azərbaycanı Macarıstanda təmsil edən R.Əmirli bu dəfə idman sahəsində də bir uğura imza atıb. O, artıq Macarıstanda fəaliyyət göstərən Alpaqut Federasiyasının prezidenti təyin edilib.

Bizimlə söhbətində öncə bu federasiya ilə bağlı danışan müsahibimiz oxucuları maraqlandıran  bir çox mövzulara da toxundu.

- Ramiz bəy, xoş gəlmisiz məmləkətə və bizim redaksiyaya. Öncə yenicə yaranan federasiya və sizin ora rəhbər təyin edilmənizlə bağlı danışaq.

- Artıq dünyada 12 dənə dövlətdə alpaqut idman növü üzrə idman federasiyası yaranıb. Bunlardan biri də  Macarıstanda fəaliyyət göstərir. Macarıstan da türk mənşəli xalq olduğuna görə belə qərara gəlindi ki, burada da alpaqut idman növü üzrə federasiya yaransın. Doğrudur, Macarıstan da idman ölkəsidir. Amma Alpaqut tipli, Turan mənşəli xalqların, qədim babalarımızın döyüş növlərindən ümumiləşdirilmiş bir idman növü yaradıblar.

- Mümkünsə, oxucularımıza kiçik bir arayış verək. Nədir alpaqut? Bu idman növlərinin hansı qoluna daxildir, özündə nəyi ehtiva edir?

- Alpaqut milli idman növüdür. Turan coğrafiyasında yaşayan türkdilli xalqların döyüş mədəniyyətlərindən götürülmüş, müasir dövrün şərtlərinə, idman qaydalarına uyğun sintezləşdirilmiş, ərsəyə gətirilmiş bir döyüş sənətidir. Sözün hərfi mənası “alp” “döyüşçü”, “kut” “müqəddəs” deməkdir. “Müqəddəs döyüşçü” mənasını bildirir.

Ramiz Emirli (3).jpg (55 KB)

Türk döyüş sənəti olan alpaqut artıq Türkiyə, Özbəkistan, Qazaxıstan, ABŞ, Kanada, Almaniya, Belçika, Çexiya, Rusiya, Gürcüstan, İran kimi ölkələrdə də inkişaf edib. Alpaqut döyüş sənəti Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirərək, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində konsepsiyalaşdıraraq, dərin fəlsəfi ideoloji mənası olan və kökləri sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edir. Milli özünə məxsusluq hissini inkişaf etdirən və super etnomədəni fəlsəfəni milli düşüncə əsasında konsepsiyalaşdıran alpaqut idman növü, uşaqlarda milli iftixar hissini, Vətənə və Dövlətə hörmət və məhəbbət hissini formalaşdırır.

- Sizin bu federasiyanın yaranmasında, onun rəhbərliyinə gətirilmənizdəki rolunuz və iştirakınız necə oldu?

- Mənimlə Azərbaycan Alpaqut Federasiyasından cənab Vasif Namazov əlaqəyə girdi. Mənə müraciət olundu ki, bu işə yardımçı ola bilərəmmi? Bu, yarım il bundan öncə baş vermişdi. Mən də orda bu işlə məşğul oldum. Bir məşqçi tapdım. Onunla fəaliyyətə başladıq. Çox qısa müddət ərzində kubok keçirildi. Noyabrın 5-6 tarixlərində baş tutan bu kubok zamanı idmançılarımızdan üçü də bu yarışda iştirak etdilər. Biri qazax idmançısına qalib gələrək, birinci yerə çıxdı. O biri də ən güclü sayılan İran idmançısına məğlub olaraq üçüncü yerə çıxdı. Bu, hər halda qısa bir zamanda böyük bir nailiyyət idi.

95e12189-40da-447a-b3e2-71cbae6c1a08.jpg (70 KB)

“Macar turistlər Azərbaycandan daha çox Gürcüstana getməyi tərcih edirlər, biz də çalışırıq ki, onları vətənimizə cəlb edək”

- Yəni bu günə qədər Macarıstanda bu istiqamətdə nə federasiya vardı, nə də bu idman növü.

- Heç biri yox idi. İlk sərəncam indi verildi. Mənə təqdim olunan sənədlər əsasında onu idman federasiyasında qeydiyyatdan keçirəcəm. Qanunla bu idman növünü yaymağa başlayacam.

- Bəs ölkədə mövcud olmayan bir idman növünü necə və hansı yollarla yayacaqsız? Gəncləri, uşaqları bura cəlb edə bilmisiz?

- Bu idman növünə ən yaxın, uyğun olanını - karateni seçdik və o uşaqları da həmin istiqamət üzrə təlimləndirdik. Ona görə də alındı. Bu iki idman növü o qədər yaxındır ki, uşaqlardan biri azyaşlılar arasında birinci yerin sahibi oldu. Birinci yerin sahibi Vanckek David, üçüncü yerin sahibi isə Körmendi Adrian oldu. Məşqçimiz isə Schvercs Kobert idi.

Ramiz Emirli (1).jpg (967 KB)

- Bəs Azərbaycan Alpaqut Federasiyası ilə əlaqələr, əməkdaşlıq hansı səviyyədədir?

- Hər il Turan ölkələrindən birində bu yarış keçirilir. Azərbaycanda keçirilən dünya kuboku idi. Gələn il planlaşdırılır ki, Azərbaycanda bu idman növü üzrə dünya çempionatı keçirilsin. 2019-cu ildə isə bu çempionat Türkiyədə keçiriləcək. Türkiyədə Alpaqut İdman Federasiyasının rəhbəri ölkə başçısı cənab Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğandır. Biz də artıq yaxşı nəticələr əldə etdik. Amma bu sahə üzrə ən güclüsü İran komandasıdır.

- Hədəfiniz nədir federasiya rəhbəri olaraq? Bu günə qədər ölkədə olmayan bir idman növü üzrə federasiyaya rəhbərlik edirsiz.

- Hədəfimiz bu idman növünü inkişaf etdirməkdir. Macarıstan Turan xalqları sırasındadır. Məqsədimiz kökümüzə, soyumuza qayıtmaq, dədələrimizə məxsus döyüş növünə yenidən həyat verib, gündəmə gətirmək, gələcək nəsillərə o döyüş növünü öyrətməkdir. Bütün dünya karatenin mənbəyini Yaponiya olaraq tanıyıb qəbul etdiyi kimi, alpaqutu da türk idman növü kimi öncə türkdilli xalqlar sırasında, sonra da dünyada tanıdıb yaymaq istəyirik.

- Son illər dünyada Azərbaycan diasporunun səsi nisbətən yüksəlməyə başlayıb. Beynəlxalq tədbirlərdə ölkəmizin haqq səsini ucaldanlar çoxluq təşkil edir. Macarıstanda vəziyyət necədir? Siz bu istiqamətdə hansı işləri görürsünüz?

a1c8a1ba-8bf4-4cc5-bd0a-5ad94ff62c5f.jpg (145 KB)

- Azərbaycan diasporu istər Avropada, istərsə konkret Macarıstanda güclənib. Bir canlanma hiss olunur. Uzağı bir-iki aya orada sayt açacağıq, qərar verilib, üzərində iş də gedir. Macar, ingilis dillərində olacaq. Artıq bu saytın heyəti də təsdiqlənib, hətta işə də başlamışıq. Azərbaycanda müəyyən instansiyalara məlumat vermişik və bunun razılığını almışıq. Macarıstanda diasporumuz da öz gücü ilə fəaliyyət göstərir. Macarıstan elə bir dövlətdir ki, ölkədən nə müxalifət axını var, nə də başqa qarışıqlıq. Ölkəmizdə əks qüvvə hiss etmirik. Qardaş ölkəyik. Amma dövlətimizin siyasətinin təbliği ilə məşğuluq, orda oxuyan azərbaycanlı tələbələrin arxasındayıq. İstiqamət götürmüşük. Son zamanlar Türkiyə diasporu ilə münasibətləri daha da sıxlaşdırmışıq.

- 2017-ci il Macarıstana qaçqın axınının çox zəif olduğu il kimi qeydə alındı. Çünki ölkə hakimiyyəti daha öncədən qaçqın, miqrant mövzusunda öz kəskin siyasətini nümayiş etdirmişdi.

- Siz, “Yeni Müsavat”ın reportyorları olaraq 2015-ci ildə Macarıstana qaçqın axınını müşahidə etmək üçün gələndə bir neçə düşərgədə şəxsən özünüz oldunuz. Həmin vaxt qaçqınlar olsa da, indi onlar tamamilə yoxdur. Çünki çoxu ya ölkəsinə geri qaytarılıb, ya da getmək istədiyi ölkəyə göndərilib. Macarıstanda qaçqın axını, qaçqın yoxdur. Dünyada müharibə ocaqları da sakitləşib. Qısa zamanda bütün qaçqınlar öz vətənlərinə geri qayıdarlar.

- Amma bu ölkə ilk gündən miqrantlara qarşı sərt münasibəti ilə seçilirdi.

- Bəli, baş nazir cənab Orban Viktor cənablarının ilk gündən tutduğu siyasət bu idi. O deyirdi ki, Suriyada, İraqda müharibənin təməlini kim qoyursa, qoy onun əziyyətini də onlar çəksin. Mən dinc ölkəyəm, müharibə olan bölgəyə silah satmıram.

cf771ca5-6d29-4102-94f8-e4278cb647d6.jpg (79 KB)

- Ölkə əhalisi bu qərardan çox razı idi. Biz o zaman şəhərdə sorğu keçirəndə də bunun şahidi olmuşduq.

- Əlbəttə. Ölkə əhalisinin ödədiyi vergi əsasında qaçqına müavinət verilirsə, bu, avtomatik olaraq etiraza səbəb olur. Avropa insanı tamam başqa dünyagörüşündə, səviyyəsindədir. Amma Suriyada, İraqda heç bir dünyagörüşü, savadı olmayan adam gəlib Avropanın mərkəzində müasir geyimli qadını görüb, özünü idarə edə bilmir. Avropada miqrantların yerli qadınlara qarşı nə qədər təcavüz faktı oldu, xatırlayırsız? Mədəniyyətlərin toqquşması idi bu. Ona görə də ciddi problem oldu.

- İldə bir dəfə də olsa Azərbaycana gəlirsiz. Müşahidələriniz necədir? İnkişaf nə qədərdir? Hər gəlişinizdə Azərbaycan sizə görə daha dəyişik görünürmü?

bff696e5-224d-4945-bb6b-8d33adc3a560.jpg (158 KB)

- Ölkəyə gələn qonaq yerli insandan daha çox bu dəyişiklikləri hiss edir. Mən hər dəfə gələndə Bakı metrosundan istifadə edirəm. İnkişaf var, amma arzuedilən səviyyədə deyil. Çox adam işsizlikdən şikayət edir. Hesab edirəm ki, müharibə şəraitində olan ölkədə hamı əlbir olmalı, bu vəziyyətdən çıxış yolunu birgə axtarmalıyıq.

- Sonda bir məqamı da soruşum. Son illər Azərbaycana gələn turistlərin sayında artım var. Xüsusən ərəb ölkələrindən, Rusiyadan və zaman-zaman Avropadan ölkəmizə turist səfəri edənlər artıb. Amma bu siyahıda macar turistlərin adına çox nadir halda rast gəlinir. Bunun xüsusi bir səbəbi varmı? Macarıstandakı turizm şirkətləri Bakıya turlar təşkil etmirmi?

- Məncə, siyahıda macarlar da var. Amma bir gerçək də var ki, macarlar Azərbaycandan daha çox Gürcüstanı tərcih edirlər. Bunun bir səbəbi bizdə təbliğatın zəif olmasıdırsa, digər səbəb də qiymətlərlə bağlıdır. Turizm reklamı zəifdir. Bunun üzərində çalışmalıyıq. Biz çalışırıq ki, macarları turist kimi ölkəmizə cəlb edə bilək. Hesab edirəm ki, qısa zamanda bu problem də öz həllini tapacaq.

Sevinc TELMANQIZI
Fotolar Məhəmməd TÜRKMƏNİNDİR
Musavat.com

 

17:16