Qubad İbadoğludan deputatlara sərt ittiham

“Deputatlar büdcə barədə susur, ictimai müzakirədən qaçır, mətbuatda isə maaş davası aparırlar”.

Tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu 2017-ci il dövlət büdcəsində tutduqları passiv mövqeyə görə onları qınayıb. ADR lideri Q.İbadoğlu bildirib ki, ilin sonuna 40 gün qalmasına baxmayaraq  hələ də, parlamentdə geniş müzakirəsinin gecikməsindən narahatçılığını dilə gətirib.  Büdcə zərfi ilə bağlı mövqeyini öz Facebook səhifəsində bölüşən Q. İbadoğlu bildirib ki, deputatlar büdcə barədə susur, ictimai müzakirədən qaçır, mətbuatda maaş davası aparırlar. Onun sözlərinə görə, rəhbərlik etdiyi  ADR Hərəkatının növbəti ilin büdcəsi ilə əlaqədar yaranmış narahatçılığı bölüşmək üçün büdcə dinləməsi keçirib və bura millət vəkilləri dəvət edilsə də, sonda heç biri qatılmayıb: “Bu müzakirəyə büdcə işi əlaqdar olan, islahat adı altında yaradılan dövlət orqanları ilə yanaşı parlamentin rəhbərliyi, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri və digər komitə sədrləri rəsmi dəvət alsa da dövlətin büdcəsini hazırlayan, müzakirə və qəbul edən, sonra da talayan rəsmilərdən qoşulan olmadı. Hətta deputatların arasında özünü cəsarətli götərənlər belə gəlib sözünü deməkdən çəkindilər, halbuki bu müzakirəni onlar təşkil edib bizi dəvət etməliydilər ki, biz də onların narahatlğını bölüşüb, hökümətdən növbəti ilin büdcə layihəsini tələb etməliydik. Çünki, 1 ay 10 gündən sonra cari il başa çatır, yeni il başlayır, hələ də növbəti ilin büdcəsi Milli Məclisin müzakirəsinə təqdim edilməyib. Parlamentin əsas işi sayılan büdcə müzakirələrinə bir çox olkələrdə növbəti ilə 6-9 ay, hətta ən pis halda bu müzakirələrə ilin sonuna 3 ay qalmış start verilir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycanda dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir”- deyə, Q.İbadoğlu vurğulayıb.
O əlavə edib ki, görəsən, son 10 ay hökümət nə ilə məşğul olub ki, son 10 ilin dollar ifadəsində ən kiçik büdcəsini belə hazırlaya bilməyib?! “Görünür, böyük iştahı olan üçün kiçik büdcəni poqnozlaşdırmaq daha çətindir”- deyə, o bildirib.
Q.İbadoğlu bildirib ki,  “Büdcə sistemi haqqında” Qanunun 13-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. “Bu gün noyabrın 19-dur, qanunda nəzərdə tutulan ən son müddətdən 1 ay 5 gün ötür, amma Milli Məclis üzvlərinə növbəti ilin büdcə paketi hələ təqdim olunmayıb. Buna baxmayaraq Məclis üzvləri mətbuatda büdcənin müzakirəsinin niyə gecikdirilməsini deyil, məvaciblərini artımını müzakirə edirlər. Mənim etirazım yoxdur, amma onlar nəzərə almalıdırlar ki, məvaciblərinin artımları elə büdcə sənədinin müzakirəsindən asılıdır, onu mətbuatda yox, parlamentdə müzakirə etmək lazımdır”- deyə, o vurğulayıb. ADR lideri deyib ki, bu günə olan məlumata görə, 125 nəfər Milli Məclis üzvündən 1 nəfər də olsun mətbuatda büdcə sənədinin gecikdirilməsindən danışmayıb, elə bil ki, bu belə də olmalıdır. “Baxmayaraq ki, indiki iqtisadi böhran dövründə büdcə sənədi əvvəlki illərlə müqayisədə daha çox müzakirə olunmaldır ki, onu daha da mükəmml hala gətirmək mümkün olsun. Amma təcrübə göstərir ki, parlamentə gedən büdcə ordan yalnız kosmetik dəyişikliklərlə çıxır. Çünki, orda da müzakirələr formal xarakter daşıyır. Artıq Rusiya Duması federal büdcəni 1-ci oxunuşda qəbul edib, Gürcüstan palamenti oktyabrın 10-dan büdcə müzakirəsinə başlayb. Azərbaycan parlamenti isə hələ də gözləyir. Çox güman ki, dekabrda başlayacaq büdcə müzakirəsi bir neçə günə də yekunlaşacaq və beləliklə ölkənin 1 illik iqtisadi həyatının taleyi parlamentdə bir neçə gündə “həll olunacaq””- deyə, Q.İbadoğlu bildirib.

Gununsesi.info

12:42