Qazax səfiri Timur Urazaev İrəvanda erməniləri aşağıladı

İrəvandakı “ArmenPress” informasiya mərkəzində Qazaxıstanın səfiri Timur Urazaev mətbuat konfransında “Qazaxstan erməni soyqırımını tanımır və belə bir soyqırımın olduğuna inanmır. Soyqırım məsələsində dəfələrlə Ermənistan tərəfi, eləcə də bizim ölkədə mövcud olan “erməni icması” Qazaxstan dövlətindən erməni soyqırımının tanınması məsələsi ilə bağlı müraciətlər edib. Bizim fikrimizcə, 1915-ci ildə baş vermiş faciələri yenidən gündəmə gətirməyin heç bir mənası yoxdur. Əgər Ermənistan tərəfi “soyqırım” məsələsinin tanınmasını istəyirsə, o zaman hansı dövləti suçlu bilirsə, onun ünvanına müraciət etsə, bud aha yaxşı olar. 1920-1930-cu illərdə Qazaxstan çox böyük bir fəlakəti yaşayıb. Faktiki olaraq, bizim respublikanın əhalisinin 40 faizi aclıqdan və soyuqdan həlak olub. Bundan əlavə, sərt sovet rejiminin apardığı siyasət nəticəsində qazax xalqına qarşı tarixin ən dəhşətli soyqırımı aparılıb. Ancaq, bizlər keçmişə deyil, irəliyə baxmağı hədəf seçmişik. Əgər soyqırımlar məsələsini qabartmış olsaq, bu zaman ikinci bir sual yaranacaq. Kimdir günahkar? Biz hesab edirik ki, zaman gələcək Türkiyə və Ermənistan arasında ən səmimi və mehriban əlaqələr inkişaf edəcək. 1930-cu illərdə mənşəcə erməni olan Levon Mirzoyan sovet hökumətinin birbaşa təyinatı ilə Qazaxstan Respublikası Kommunist Partiyasının rəhbərliyinə təyin olunan kimi, onun ilk işi bizim qazax xalqının soyqırıma məruz qalması siyasətini həyata keçirmişdir. Onun rəhbərliyi altında onminlərlə deyil, yüzminlərlə qazax insanları “qırımızı terror”un qurbanları olmuşlar. Əlbəttə ki, bizim qazax xalqına qarşı “qırmızı terror”un əmrini Stalin və Beriya vermişdi. Ancaq, bu dəhşətsaşan cinayəti həyata keçirən Levon Mirzoyan oldu” kimi fikirlərini açıqlamışdır. Onun söylədiyi bu fikirlər faktiki olaraq Ermənistan mətbuatının gündəminə çevrilmişdir.

Erməni mətbuatı Qazaxstanla bağlı bu fikirlərə də aydınlıq gətirməyə çalışmışdır: “Nursultan Nazarbayevin idarə etdiyi Qazaxstanda daim erməni xalqı müxtəlif səviyyəli təhqirlərlə qarşılaşır. Hətta iqtidara dəstək verən KİV-lərdə belə, daim erməni xalqının “naşükür” bir toplum olduğu qeyd olunur. Bütün bunlar azmış kimi, Qazaxstan indi də birbaşa Ermənistanın özündə erməni xalqı üçün müqəddəs olan hisslərinə həqarət etməyə başlamışdır”. 
İrəvandakı KİV-lər onu da qeyd edirlər ki, MDB-nin (Müstəqil Dövlətlər Birliyi) strukturu olan “Kollektiv Müdafiə Şurası”nda da Qazaxstan daim Ermənistana alçaldıcı münasibət sərgiləyir. Qazaxstan hər zaman MDB, BMT və digər uluslararası birliklərdə Qarabağ məsələsində Türkiyə və Azərbaycanın mövqelərini dəstəkləmişdir. Erməni KİV-ləri onu da qeyd edirlər ki, erməni xalqına qarşı bunca həqarətli münasibəti olan Qazaxstan və onun diktatoru Nursultan Nazarbaevlə bağlı erməni lobbisi beynəlxalq miqyasda təbliğat siyasətini gücləndirməlidir.  

“ArmenianReport”

08:23