Primorye diyarında yaşayan azərbaycanlılar “Dostluq meridianları” festivalında xalqımızın ənənələrini təqdim ediblər

 

Rusiyanın “Vesti. Primorye” telekanalında Primorye diyarında yaşayan həmvətənlərimiz haqqında süjet göstərilib. Həmin süjetdə Vladivostokda keçirilmiş “Dostluq meridianları” festivalı və onunla əlaqədar xalq gəzintiləri barədə söhbət gedir. Festivalda xalqımızın mədəni irsi, Azərbaycan mətbəxinin xörəkləri, milli geyimlər təqdim olunub. Qeyd edilir ki, hazırda Primorye diyarında 158 millətin nümayəndələri yaşayır. Süjetin müəllifi ölkəmizi xalçalar, ləziz şərq yeməkləri və mahnı oxuyan dağlılar diyarı kimi təqdim edərək, Primorye sakinlərini Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti ilə tanış edir.

Azərbaycan diasporunun nümayəndəsi Elnur Rafət yalnız ən hörmətli qonaqlar üçün hazırlanan “Şah plov” barədə məlumat verib. Festivalın qonaqları üçün xalqımızın ənənəvi desertlərindən sayılan mürəbbəli çay süfrəsi açılıb. Diasporun daha bir nümayəndəsi ətirli Azərbaycan çayının dəmlənməsi qaydası barədə məlumat verərək deyib: “Burada yüksək dağlıq ərazilərdə bitən 20 növ otdan istifadə edilir. Belə çayı Qafqazın hər yerində deyil, məhz Azərbaycanda hazırlayırlar”.

Azərbaycan artistlərinin ifasında Müslüm Maqomayevin repertuarından “Sinyaya veçnost” mahnısı səslənəndə Üç tərəfdən dənizlə əhatə olunmuş Vladivostok şəhərində qeyri-adi bir ab-hava yaranıb. Qafqazlılara xas olan ənənəvi baş geyimi də rusiyalılara tanışdır. Rus kişilərinin neçə-neçə nəsilləri papaq qoymağa vərdiş ediblər. Vüqar Məmmədov deyib: “Papaq yayda insanın başını günəşdən, qışda isə şaxtadan qoruyur”. Regionda yaşayan 15 min azərbaycanlı bu diyarda necə güclü şaxtalar olduğunu yaxşı bilir. Ona görə, milli geyimimizin bu elementi Primorye diyarında xüsusən qış vaxtı çox gərəklidir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:38