Pakistan universitetində “Azərbaycan Diplomatiyasının 100 illiyi: Azərbaycan-Pakistan əlaqələri” mövzusunda məruzə dinlənilib

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Bəhriyə Universitetində “Azərbaycan Diplomatiyasının 100 illiyi: Azərbaycan-Pakistan əlaqələri” mövzusunda məruzə edib.

Xudaferin.eu xəbər verir ki, səfir Azərbaycan diplomatiyasının yaranma tarixi, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi mərhələləri, Azərbaycanın diplomatik missiyalarının məqsəd və fəaliyyəti haqqında geniş məlumat verib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin sələfi sayılan müasir Azərbaycan Respublikasının müstəqilliyinin bərpası, ilk illərdə qarşılaşdığı çətinliklər, keçdiyi keşməkeşli yol haqqında danışaraq bu çətinliklərin aradan qaldırılmasında, ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

Tarixboyu Ermənistanın Azərbaycana qarşı daim təcavüzkar siyasət yürütdüyünü bildirən diplomat azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar, soyqırımlar haqqında ətraflı bəhs edib. Əli Əlizadə müasir dövrdə də Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davam etdiyini deyib. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul olunmuş qətnamələrinə, tələblərinə məhəl qoymayan Ermənistan region üçün ciddi bir təhlükəyə çevrilib.

Səfir Azərbaycanın sosial-iqtisadi inkişafı, bütün sahələr üzrə əldə etdiyi nailiyyətlərdən bəhs edərək deyib ki, regionda Ermənistan kimi təcavüzkar qonşusunun, onun apardığı işğalçı siyasət nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün vətəndaşının olmasına baxmayaraq, Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi altında dinamik inkişaf edir, daxili siyasi-iqtisadi nailiyyətlərlə yanaşı, xarici siyasət sahəsində də böyük uğurlara imza atır, dünya dövlətləri arasında mövqeyini gündən-günə daha da möhkəmləndirir.

Səfir Azərbaycanın Pakistan ilə əlaqələrə xüsusi önəm verdiyini bildirərək deyib: “Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dost və qardaş ölkələr sırasındadır. Ölkələrimiz daim bir-birlərini dəstəkləyirlər”.

Diplomat iki ölkə arasında mövcud olan möhkəm siyasi və hərbi əlaqələr fonunda həyata keçirilən iqtisadi, ticari, elmi, mədəni, turizm, humanitar və sosial layihələrə diqqət çəkib, əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb. O, xalqlararası əlaqələrin də inkişafının sevindirici olduğunu, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosialyönümlü layihələrinin dostluq və qardaşlığın möhkəmlənməsinə öz töhfəsini verdiyini bildirib.

Çıxışdan sonra səfir Əli Əlizadə tələbələri maraqlandıran müxtəlif sualları da cavablandırıb, həmçinin universitet televiziyasının proqramının qonağı olub, Azərbaycan-Pakistan əlaqələrinin perspektivlərinə dair fikirlərini bölüşüb.

Xudaferin.eu

15:21