Netanyahu: İranın nüvə proqramının gizli arxivini aşkarlamışıq

İsrail kəşfiyyatı İranda hərbi nüvə proqramının mövcud olmasını sübuta yetirən yarım tona yaxın məxfi material əldə edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə, İsrail baş naziri Binyamin Netanyahu açıqlama verib.

İsrailin hökumət başçısı Tel-Əvivdə xüsusi bəyanatla çıxış edib. Netanyahu İranın Vyanada bağlanmış nüvə sazişinin tələblərini pozduğunu iddia edən sənədləri təqdim edib.

“Söhbət dünya ictimaiyyətinin buna qədər xəbərsiz olduğu sənədlərdən gedir. Bu sənədlərin əldə olunması İsrail kəşfiyyatının ən böyük nailiyyətlərindəndir.

Bu sənədlər İranın dünya ictimaiyyəti ilə razılaşmaya gəlmək və sanksiyalardan azad olmaq üçün yalan danışdığını sübuta yetirir. İsrail bu sənədləri ictimailəşdirməklə, təkcə özünə deyil, həm də bütün regiona böyük xidmət göstərmiş olur.

Bir neçə gündən sonra ABŞ prezidenti Donald Tramp İran sazişi ilə bağlı son qərarını verəcək. İnanıram ki bu qərar həm İsrail, həm ABŞ, həm də bütün dünyanın təhlükəsizliyi üçün düzgün qərar olacaq”, - deyə Netanyahu bildirib.

Netanyahunun sözlərinə görə, Vyanada nüvə sazişinin bağlanmasından sonra, Tehran nüvə proqramını gizlətmək üçün əlindən gələni edir. İsrail baş naziri iddia edir ki, Tehran öz nüvə arxivini gizli yerə köçürüb.

“Ancaq bir neçə həftə əvvəl İsrail kəşfiyyatı həmin arxivdən 55 minə yaxın sənəd və fotoşəkil əldə edə bilib. Daha 55 min fayl 183 diskdədir”, - deyə Netanyahu diqqətə çatdırıb.

10:51