Neft bazarı: “Qızıl dövr” qayıdacaqmı?

 

Dünya bazarında neftin kəskin ucuzlaşması, xüsusilə, iqtisadiyyatı neftdən asılı olan ölkələrdə ciddi maliyyə problemləri yaratdı. Ucuzlaşma tendensiyası uzun sürdüyü üçün yaranan problemlər böhran həddinə qədər getdi. Bu gün də neftin qiymətləri əvvəlki dövrlərə nisbətdə xeyli aşağıdır. Qeyd edək ki, OPEC ölkələri dünya bazarında neftin qiymətini tənzimləmək üçün müəyyən addımlar atdı, hasilatın azaldılması ilə bağlı qərar qəbul etdi. Ancaq ekspertlər hesab edir ki, OPEC-in atdığı bu addımlar neft qiymətlərinin bahalaşmasında önəmli rol oynamadı.

OPEC ölkələrinin hasilatı azaltmasına baxmayaraq, neft ixracını artırdı. Məsələn, Rusiya neft hasilatını azaltsa da, bu ilin avqust ayında özünün rekordunu təzələdi və bazara 4.9 faiz artıq neft çıxardı. Bu və bu kimi digər amillər də bazarda təklifin tələbi üstələməsinə səbəb oldu. Digər tərəfdən Amerika Birləşmiş Ştatları (ABŞ) özünün neft ehtiyatlarını satışa çıxardı. Bu da bazarda neft bolluğu yaratdı. Bu gün ABŞ, Səudiyyə Ərəbistanı, Kanada, Rusiya və digər ölkələrin mütəmadi olaraq neft ixracını artırması, qiymətlərin 50 dollar civarında qalmasına səbəb olur. Ancaq son günlər neft bazarında müəyyən qədər aktivlik hiss olunur. Belə ki, bir neçə gündür neft qiymətlərində cüzi də olsa, artım müşahidə olunur. Cari ilin avqust ayı ilə müqayisədə dünya bazarlarında neft qiymətləri 3 dollar bahalaşıb. Bu da iqtisadiyyatı neftdən asılı olan ölkələrdə müəyyən qədər ümid yaradır. Təbii ki, neftin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün də önəmli faktordur. Ölkəyə gələn xarici valyutanın təxminən 80 faizi məhz neft gəlirlərindən asılıdır. Təsadüfi deyil ki, ölkədə baş verən iki kəskin devalvasiyanın da səbəbi kimi məhz neft qiymətlərinin kəskin ucuzlaşması göstərilirdi. Qeyd edək ki, ölkədə baş verən devalvasiya zamanı dünya bazarında neft qiyməti 30 dollar civarında idi. Bu gün isə neft qiymətləri 56 dolları ötüb. Neftin son bir həftədə davamlı olaraq bahalaşması qiymətlərin daha da artacağı ehtimalını gündəmə gətirir.

Maraqlıdır, neft qiymətlərinin bahalaşma tendensiyası nə qədər davam edəcək və bu bahalaşmanın son həddi nə qədər ola bilər? “Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı açıqlamasında neft qiymətlərində kəskin bahalaşma gözlənilmədiyini deyib: “Son bir ildə gedən proseslərdən bəlli oldu ki, neft elə 50-60 dollar civarında qalacaq. Tələb-təklif, ABŞ-ın və digər neft ölkələrinin bazara təsiri qiymətləri bu civarda tənzimləyir. OPEC-in də atdığı addımların qiymətə təsiri olmadı. Bu onu göstərir ki, hansısa qeyri-rəsmi razılıqlar əldə olunub. Bu da qiymətlərin yalnız müəyyən çərçivədə dəyişməsinə səbəb olur. Hesab edirəm ki, neftin qiyməti yaxın 2-3 ildə maksimum 60 dollar olacaq. Əslində bu çox ədalətli qiymətdir. Çünki ən çox neft istehsalçı olan ölkələrdə neftin maya dəyəri 10-20 dollar civarındadır. Ona görə də 50-60 dollar ədalətlidir. Sadəcə, qiymətlərin kəskin ucuzlaşması neft ölkələrinə zərər vura bilər ki, bu da gözlənilmir. Qiymətlərin bu civarda dəyişməsi isə müxtəlif tendesiyalarla bağlıdır. Böyük ölkələrin neftə olan tələbatı artdıqda qiymətlər yüksəlir. Digər tərəfdən İŞİD-in mövqelərini itirməsi səbəbi ilə dünya bazarına ucuz neft çıxarışı azalıb. Bu da neft qiymətlərinin yüksəlməsinə səbəb olur. Ancaq uzunmüddətli bahalaşma və ya ucuzlaşma gözlənilmir. Yaxın 2-3 ildə maksimum 5 dollar ətrafında dəyişiklik ola bilər ki, bu da alternativ enerjilərin yayılması ilə bağlıdır”.

Vilayət Muxtar

Cebhe.info

 

10:02