NATO Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır ŞƏRH

Azərbaycan xarici ölkələrlə və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını davam etdirir. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə əməkdaşlıq bu baxımdan xüsusilə önəm kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Azərbaycan-NATO tərəfdaşlığının 30 illik tarixi olduğunu xatırladan deputat əlavə edib: “Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu tərəfdaşlıq müsbət olub. Azərbaycan müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr Azərbaycanın hərbi qulluqçuları olublar. Bu isə ölkəmizin NATO ilə əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir”.

V.İskəndərovun sözlərinə görə, NATO da öz növbəsində Azərbaycanla əməkdaşlığa çox önəm verir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır: “NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfərinə də bu kontekstində yanaşmaq düzgün olardı. Baş katib Bakıda mətbuata bəyanatında bildirdi ki, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır və biz uzun illərdir bir yerdə çalışırıq. Azərbaycan-NATO tərəfdaşlığının təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa da söykəndiyini diqqətə çatdıran Alyansın Baş katibi bunun alqışalayiq olduğunu diqqətə çatdırıb. Bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir”.

Xudaferin.eu

15:38