Natiq Cəfərli: “Dövlət məndən ancaq vergi və rüsum tələb edə bilər”

 

“180 gün məhdudiyyəti haradan çıxdı?”

“Dünən Gömrük Komitəsi ilə iqtisadiyyatımıza təzə “paz” olan Maliyyə Bazarlarına Nəzarət Palatası birgə tədbir keçiriblər, yeni bir sistemin -ixrac mallarına görə vəsaitləri ölkəyə gətirməyənlər üçün “qırmızı kanal” sisteminin təqdimatı olub”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli “feysbuk” səhifəsində yazıb. “Gömrük Komitəsi heç, onlar çoxdan ölkə iqtisadiyyatının boğazına keçən ipdir, amma bu yeni MBNP iqtisadiyyata ciddi mane olan quruma çevrilir və ən acınacaqlı hal budur ki, Palatada gənc, savadlı insanlar toplaşıb, sadəcə özütəsdiq sindromuna, belə ağır xəstəliyə yoluxublar”.

““Qırmızı kanal” sisteminin tətbiq olunması planlaşdırılır”

Cəfərli qeyd edir ki, DGK-nin Fəaliyyətin qiymətləndirilməsi və İnkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev təqdimatda çıxış edib, bir-birinə daban-dabana zidd, hətta qəzəbli gülüş doğuran iki teziz səsləndirib: “1. İxrac olunan mal və göstərilən xidmətə görə vəsaitin ölkəyə gətirilməsini təmin etməyən şirkətlər barəsində ciddi tədbirlərin görülməsi üçün plan hazırlanır. Tədbirlər planına əsasən DGK idxal-ixrac əməliyyatları üzrə “qırmızı kanal” sisteminin tətbiq olunması planlaşdırılır. İxrac olunan mal və göstərilən xidmətə görə vəsaitin ölkəyə gətirilməsini təmin etməyən şirkətlər barəsində bütün qurimlar öz səlahiyyət çərçivəsində müvafiq, çox ciddi tədbirlər görəcək.

2. Prezident tərəfindən ölkədə sahibkarlığın inkişafı və ticarətin asanlaşdırılması ilə bağlı mühüm qərar və fərmanlar imzalanıb, görülən tədbirlər və qəbul edilən qərarlar sahibkarlıq fəaliyyətində əsassız müdaxilənin aradan qaldırılmasına, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edib”.

 

“Liberallaşma hara, belə məhdudiyyətlər, qadağalar, cəzalar hara?”

 

“DGK-nın nümayəndəsinin sonra Palata nümayəndəsi çıxış edib və deyib ki, bu “qırmızı kanal” sisteminin tətbiq edilməsində əsas məqsəd ölkənin xarici iqtisadi o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsidir. Camaatı tamam dolayblar, liberallaşma hara, belə məhdudiyyətlər, qadağalar, cəzalar hara?” - deyə iqtisadçı sual edir. Cəfərli yeni qaydaların “tərcüməsi”ni izah edib: “Bu “kanalın” məğzi odur ki, Əbdülhəsən kişi öz torpağında 50 ton kartof becərib, onu Rusiyada satandan sonra bütün vəsaiti valyuta şəklində 180 gün ərzində ölkəyə gətirməlidir. Day-day öz torpağında, özünün becərdiyi, halal kartofunun puluna, məsələn, Rusiyadan ev-maşın ala bilməz. Ya da, Məsmə xala sex açır, xalça toxuyur, bu malı Avropaya ixrac edir, amma mütləq pulunu 180 günə ölkəyə gətirməlidir. Xalamız o xalçaların puluna Berlində oxuyan nəvəsinə balaca bir ev ala bilməz. Ya da çaxır istehsal edib satan Ağarəhim qardaşımız, öz çaxırının pulunu 180 günə mütləq ölkəyə gətirməlidir, o pula həmən xaricdən yeni dəzgahlar, texnologiyalar ala bilməz”.

 

“Halal qazancımı necə istəsəm, dünyanın harasında istəsəm xərcləmək hüququm var”

 

Cəfərli təkrar sual edir, ay hökumət, ey qalstuklu müəllimlər, kartof mənim, xalça mənim, mal mənim, müqavilə mənim, riski də mənim - siz kimsiz ki, mənim puluma, qazancıma nəzarət edəsiniz?: “Bu mənim mülkiyyət hüququmun pozulmasıdır, hansı xarici iş adamı burada iş qurar? Hansı yerli buznesmen ixracla məşğul olar? Axı, 180 gün məhdudiyyəti haradan çıxdı? Bəlkə mən müştəri yığıram, xarici tərəfdaşıma 6 ay, 1 il sürə verirəm ki, malımı tanıtsın, normal satsın, tələsməsin - 180 gün tamam olan kimi mən nə edim? Gedim Qansla dalaşım, Mişelə kəllə atım? Belə də qaydalar olar?! Bu zehniyyətlə ölkəni çökdürürsünüz, olmaz axı. Bu məntiq heç hüquqa sığımr. Öz halal qazancımı mən necə istəsəm, dünyanın harasında istəsəm xərcləmək hüququm var, dövlət məndən ancaq vergi və rüsum tələb edə bilər - vəssalam”.

Şamo
Hurriyyet.org

 

10:26