NƏ QƏDƏR ƏRAZİMİZ İŞĞALDADIR?

 

SOS: Rəsmi, qeyri-rəsmi qurumların uyğunsuz rəqəmləri biabırçılıqdır

İşğala məruz qalan ərazilərimiz 10 deyil, 19-dur

Azərbaycanla bağlı ən həssas məqamlardan biri işğalda olan torpaqlarımızın ərazisilə bağlıdır. Erməni təcavüzkarları 1988-ci ildən üzübəri Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinin bütövlüyünü pozaraq, torpaqlarımızın bir qismini işğala məruz qoyub. 1988-ci ildən nəzərə alsaq, 29 ildir işğalda olmasına baxmayaraq, hələ də torpaqlarımızın 20 faizdən çox, 20 faiz, 20 faizdən az ərazilərinin zəbt olunması haqqında mətbuatda qeyri-dəqiq məlumatlara rast gəlirik. Konkret neçə kvadrat kilometr torpağımızın zəbt edilməsi haqqında məlumat yoxdur.

İşğal tarixini bilməyən şagirdlər suçlanır, amma...

 

Torpaqlarımız uğrunda şəhid olanların, yaxud işğalda olan rayonlarımızın kampaniya xarakterli anım tədbirlərində mətbuat, televiziya tez-tez məktəblilərin, gənclərimizin yaddaşını imtahan edib, işğal tarixlərini və zəbt olunan rayonlarımızın adlarını soruşur. Bilməyənlər suçlanır, lağ obyektinə çevrilir. Rəsmi qurumlar cavab verməlidir: neçə kilometr ərazimiz zəbt olunub? Amma aidiyyatı qurumlardan soruşan yoxdur ki, neçə rayonumuzu, neçə kəndimizi, nə qədər ərazimizi işğalçı qüvvələr tutub? Hələ 2012-ci ildə bu mövzuya toxunmuşdum. Həmin vaxt tarixçi alim, araşdırmaçı Tariyel Faziloğlu ilə bu barədə söhbət eləyərkən belə cavab vermişdi ki, işğal əraziləriylə bağlı statistik məlumatlarda xeyli yanlışlığa yol verildiyinə görə, baş verən yanlışlığı aradan qaldırmaq üçün bir çox rəsmi dairələrə müraciət edib. Nazirlər Kabinetinə ünvanladığı sorğu əsasında cavab da alıb. Hazırladığı məlumat toplusunu aidiyyatı qurumlara göndərib ki, baş verən yanlışlıq aradan qaldırılsın, amma rəqəmlərdə qeyri-dəqiqlik hələ də qalmaqdadır.

1,8 mln. kv.km-dən 130 min kv.km ərazi qalmışdı – 1828-ci il...

 

Azərbaycanın XIX əsrdən indiyədək nə qədər ərazisinin zəbt olunması haqqında tarixçi Tariyel Faziloğlunun hazırladığı məlumat toplusunu bir daha oxucuların nəzərinə çatdırırıq. 1813-1828-ci illərdə baş vermiş müharibələr nəticəsində Çar Rusiyası Qacar dövlətinin Araz çayından şimal sahilindəki ərazilərini (130 min kv. km) işğal edib. İşğal nəticəsində təxminən 1,8 mln kv. km olan ərazimiz iki hissəyə bölünüb.

1. İşğaldan sonra Qacar dövlətinin Araz çayından cənubdakı ərazisi -təxminən 1,65 mln kv. km;

2. Qacar dövlətinin Çar Rusiyası tərəfindən işğal olunmuş Araz çayından şimaldakı ərazisi - təxminən 130 min kv. km;

3. 1918-ci ildə təzyiq nəticəsində ermənilərə verilən İrəvan xanlığının ərazisi - təxminən 9 min kv.km;

4. 1918-ci il hadisələri zamanı Rusiyada qalmış Dərbənd xanlığının ərazisi - təxminən 7 min kv. km;

5. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ərazisi - 114 min kv.km;

6. 1920-ci ildə AXC-ni işğal etmiş Sovet Rusiyası tərəfindən bölüşdürülmüş Azərbaycan əraziləri (Ermənistan SSR-ə verilənlər- Zəngəzur, Göyçə, Şərur, Dərələyəz, Dilican, Ağbulaq, Vedi…, Gürcüstan SSR-ə verilən - Borçalı) - təxminən 27,4 min kv.km;
 

1991-ci ilə qədər 130 mindən 43,4 kv.km ərazi mənimsənib

1. 1920-1991-ci illərdə Sovet Rusiyasının işğalı altında olan Azərbaycan SSR-in ərazisi - 86,6 min kv.km.

1990-cı illərdə Azərbaycan Respublikasının Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı separatçı erməni silahlıları tərəfindən işğal edilmiş əraziləri:

 

Naxçıvan ərazisi, 2 kənd (19 yanvar 1990-cı il, Kərki k-di; 17 fevral 1990-cı il, Günnüt k-di), sahəsi 19 kv. km;

Xankəndi ərazisi (26 dekabr 1991-ci il), sahəsi 1048 kv. km;

Xocalı ərazisi (26 fevral 1992-ci il), sahəsi 940 kv. km;

Şuşa ərazisi (8 may 1992-ci il), sahəsi 289 kv. km;

Xocavənd ərazisi (2 oktyabr 1992-ci il), sahəsi 1458 kv. km;

Ağdərə ərazisi (7 iyul 1993-cü il), sahəsi 1705 kv. km;

Kəlbəcər ərazisi (2 aprel 1992-ci il), sahəsi 3050 kv. km;

Laçın ərazisi (18 may 1992-ci il), sahəsi 1883 kv. km;

Ağdam ərazisi (23 iyul 1993-cü il), sahəsi 1150 kv. km;

Cəbrayıl ərazisi (23 avqust 1993-cü il), sahəsi 1050 kv. km;

Füzuli ərazisi (23 avqust 1993-cü il), sahəsi 1390 kv. km;

Qubadlı ərazisi (31 avqust 1993-cü il), sahəsi 802 kv. km;

Zəngilan ərazisi (29 oktyabr 1993-cü il), sahəsi 707 kv. km;

Qazax ərazisi (25 oktyabr 1992-ci il), 7 kənd, sahəsi 669 kv. km;

Ağstafa ərazisi (28 oktyabr 1992-ci il), 2 kənd, sahəsi 60 kv. km.

Cəmi: 16220 kvadrat kilometr.

Hərbi ekspert: "Nəinki 1 kilometr, 1 metrin də hesabı dəqiq aparılmalıdır"

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Hurriyyet.org çox vacib məqama toxunur, nəinki 1 kvadrat kilometr, 1 metrin də dəiqiq statistikası verilməlidir ki, sabah Azərbaycan ərazi itkilərimizlə bağlı işğalçı tərəfə qarşı iddia qaldıranda, kompensasiya tələbi irəli sürəndə rəqəmlər dəqiq olsun: “Əvvəl deyirdilər ki, 23 faiz torpaqlarımız işğal altındadır, sonra 20 faizdən çox olması haqqında məlumatlar səsləndi. Ola bilsin ki, bu məsələyə Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəqiq aydınlıq gətirə bilər. Ekologiya Nazirliyinin peyk aparatları vasitəsilə əraziləri izləmək imkanı var.

Qarabağ Azadlıq Təşkilatının saytında mən ümumilikdə neçə kvadrat metr ərazinin işğal olunması haqqında səhv eləmirəmsə, məlumata rast gəlmişdim. İşğalda olan ərazilərin sakinləri bu gün Azərbaycanın digər yerlərində məskunlaşıblar, o əhalidə artım, azalma ola bilər, amma ərazi dəyişməzdir. Neçə kilometr ərazimiz işğaldadır bunun statistikası dəqiq verilməlidir ki, düşmən tərəf bundan bizim əleyhimizə istifadə eləməsin. Odur ki, sabah erməni tərəf bizə başqa iddialar irəli sürsə, öz ərazilərimizlə bağlı dəqiq məlumatlar olmasa, bizim üçün çox çətin olacaq”.

Hərbi ekspert dedi ki, Azərbaycanın sərhədlərinin dəqiq müəyyənləşməsiylə bağlı digər qonşu dövlətlərlə də mübahisəli torpaqlar mövcuddur: “Gürcüstanla Qax tərəfdə sovetlər dönəmindən razılaşdırılmamış ərazilərimiz var. Dağıstanla sərhəddə yarısı Rusiya, yarısı Azərbaycan tərəfdə olan Məhərrəmkəndin hələ də sərhədi tam dəqiqləşdirilməyib”.
 

QAT sədri: “Nazirlər Kabineti yanında İşçi qrupu da dəqiq hesablamayıb”
 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da hesab edir ki, bu mövzu aidiyyatı dövlət qurumlarının ciddi araşdıracağı tədqiqat işidir: “Bir neçə il bundan öncə xəritəni qarşıma qoyub əldə etdiyim məlumatlar əsasında hesablama apardım, mənim hesablamama görə, bu rəqəm 20 faizdən çox olmadı. Amma mənim hesablamam rəsmi sayıla bilməz. Nazirlər Kabineti yanında Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupundan itkilərimizlə bağlı mən bir neçə dəfə məlumatlar almışam. Amma bu dəqiq məlumatlar olmayıb. Konkret rəqəmlər ortalıqda yoxdur. Heç işğal günləri barədə də məlumatlar dəqiq deyil. Qazax rayonunun işğalda olan kəndləri haqda 3 mənbədən məlumat aldım – birini Qazax rayon İcra Hakimiyyəti, birini “Qaçqınkom”un yerli şöbəsi, birini də QAT-ın yerli şöbəsindən verdilər, 3-ü də fərqli oldu. Hesab edirəm ki, bu məsələlərlə bağlı dövlət tərfindən maliyyələşən, ciddi araşdırma aparan qurum yaradılmalıdır. Hamının rəsmi qəbul edəcəyi dəqiq mənbə olmalıdır”.

İşçi qrupunun keçmiş üzvü: “Səlahiyyət “Qaçqınkom”a verilib”

 

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun ötən ilin dekabrınadək üzvü olub. Onun sözlərinə görə, hazırda sözügedən işçi qrupunun səlahiyyətləri Qaçqın və Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə verilib.

 Faiq İsmayılov öncə bizə sual verdi ki, işğalda olan ərazilərimizin neçə kvadratmetr olmasını ictimailəşdirmək nə əhəmiyyət kəsb edəcək (?!-red.)

Sonra bildirdi ki, sözügedən işçi qrupunun üzvü olarkən əsasən itirilmiş tarix, mədəniyyət abidələrinin qiymətləndirilməsi işiylə daha çox məşğul olub. Bu dəyərləndirməni də işğalda olan rayonların icra hakimiyyətlərinin verdiyi məlumatlar əsasında hazırlayıb, icra hakimiyyətlərinin saytından da istənilən məlumatı götürmək olar.

İşğaldan zərər çəkən rayonlar 19-dur

 

O, dedi ki, 1988-ci ildən bəri işğaldan zərər görmüş ərazilərimiz 19 saydadır. Onlardan 15-inə faktiki olaraq əsaslı şəkildə zərər dəyib. Faiq İsmayılovun səsləndirdiyi rəqəmlər Tariyel Faziloğlunun səsləndirdiyi rəqəmlərə uyğun gəlmədi: “15 rayona əsaslı şəkildə zərər dəyib. Bu rayonlar Xocalı (ərazisi 936 kvadrat kilometrdir), Xocavənd (458 kv.km), Şuşa (289 kv.km), Zəngilan (707 kv.km), Qubadlı (802 kv.km), Laçın (1835 kv.km), Kəlbəcər (1936 kv.km), Füzuli (1390 kv.km), Cəbrayıl (1049,8 kv.km), Ağdamdır (1154 kv.km). Təəssüf ki, Ağcabədi, Tərtər, Qazax, Göygöl, Naxçıvan Muxtar Respublikasında işğalda olan ərazilər haqqında dəqiq məlumat yoxdur. Erməni təcavüzündən zərər dəyən digər ərazilər Gədəbəy, Goranboy, Tovuz, Beyləqan rayonlarıdır. Onu da deyim ki, Ağdərənin ərazisi 1795 kvadrat kilometr olub. Ağdam, Tərtər, Kəlbəcər arasında bölüşdürülüb. 1992-ci ildə Milli Məclisin qərarı ilə inzibati ərazi vahidləri dəyişdiriləndən sonra bu bölgü aparıldı. Məsələn, sovetlər dönəmində Xankəndinin tabeliyinə şəhər və ətraf ərazilərlə birgə 5 rayon daxil idi, ümumi sahəsi 8 min kvadrat kilometrdir. Sonradan bölgü aparıldı. Xankəndi Xocalı rayonunun mərkəzi şəhəri oldu.

“Qaçqınkom”un saytında biabırçı rəqəmlər var”

 

İctimai təşkilat rəhbəri dedi ki, “Qaçqınkom”un saytı, AMEA-nın bəzi saytlarında olduqca qeyri-dəqiq məlumatlar var: “Həm tarix-mədəniyyət abidələrinin sayı, həm də ərazi baxımından çox ciddi qüsurlar var. “Qaçqınkom”un saytında biabırçı rəqəmlər var. Tarix İnstitutunda, eləcə də akademiyanın digər saytlarında da məlumatlar dəqiq deyil”.

Faiq İsmayılov onu da dedi ki, Mədəniyyət və Turizm Nazirliyi itirilmiş tarix-mədəniyyət abidələri haqqında onların verdiyi məlumatı qəbul eləmir: “Neçə illərdi həmin abidələrin siyahısını bu nazirlik tərəfindən qeydiyyata aldıra bilmirik.Apardığım tədqiqat nəticəsində bu rəqəm 4 minə yaxındır. Gürcüstan, Rusiya arxivlərinə, hətta Ermənistan mənbələrinə də istinad eləmişəm. Amma nazirlik deyir bu rəqəm 900-dür. Cəmiyyət üçün bir kataloq buraxıb, elektron məlumat bazası yaratmaq olar. Eləcə də ərazilərimizin kvadrat kilometrindən tutmuş, kənd təsərrüfatına, sosial obyektlərinə, təhsilinə, səhiyyəsinə dəymiş zərərin qiymətlərinə, vətəndaşa dəymiş ziyana qədər bütün məlumatlar bu bazada yer almalıdır”.

Tarix İnstitutundan verilən məlumata görə, institutun saytında verilən məlumat “Qaçqınkom”un saytından götürülüb.

İşğal olunan rayon icra hakimiyyətlərinin saytında sicilləmə

 

Adıçəkilən icra hakimiyyətlərinin saytlarını nəzərdən keçirdik. İcra hakimiyyətlərinin saytında rayonların tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, səhiyyəsi, təhsili, mədəniyyəti, idmanı haqqında müəyyən məlumatlar var, amma ərazi bölümü, konkret neçə kvadrat metrin işğal altda olması haqda məlumat yoxdur. Bəzi icra hakimiyyətləri saytının coğrafi mövqe bölümündə ərazilər haqqında verilən məlumat vikipediya məlumatına uyğun gəlmir.

 

Dövlətin təməli, kökü olan torpağa sahib çıxmasan...

 

Bu yazını türk xaqanı Mete xanın fikirləriylə bitirirəm, amma mövzumuz bitmir: “Torpaq dövlətin təməli və köküdür. Torpağı əcdadlarımız bizə irs qoyub gedib,orada babalarımızın sümükləri uyuyur. Mən öz atımı, sevimli kənizimi tunqhulara ona görə verdim ki,onlar mənə məxsus idi. Amma torpağı verə bilmərəm, çünki bu torpaq mənim deyil, xalqındır, bu əmanət gələcək nəslə çatdırılmalıdır".

2018-ci ildə torpaqlarımızın işğal tarixi başlanğıcının 30 ili tamamlanır. Bəlkə yubieyləri qeyd etmək şakəri olan aidiyyatı qurumlar – icra hakimiyyətləri, “Qaçqınkom”, AMEA, müvafiq nazirliklər, komitələr, qeyri-hökumət təşkilatları bir araya gəlib nəhayətdə konkret bir rəqəm hesablasınlar. Biz real, tarixi faktları üzə çıxarmaqda laqeydlik göstərdikcə, işğalçı Ermənistan və dünyadakı erməni lobbisi saxta tarix yaradıb həm real, həm də virtual dünyaya sırımaqda davam edir.

P.S. Mövzuya qayıdacağıq.

Sevil Hİlalqızı
Hurriyyet.org

 

14:29