Müdafiə Nazirliyi: İki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür

İyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

“Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

Xudaferin.eu

16:11