Müdafiə naziri xidməti müşavirə keçirib

İyulun 19-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi “Artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq” fikirlərini müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd edib. Nazir döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsini tapşırıb.

Azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki son vəziyyəti təhlil edən müdafiə naziri gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan general-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Xudaferin.eu

16:03