“Mən döyüşə imtiyaz üçün getməmişdim...” – Tanınmış Qarabağ qazisi

O, doğum günü savaşa yollanmış adamdır. Sanki gözünü savaşa açıb, sanki vətənin müdafiəsi üçün doğulub. 

O zamandan bu yana hər gün onun doğum günü, hər açılan sabah savaş sabahıdır. Hər gün savaş, hər yer Qarabağ. Səbuhi Kamal oğlu Rəhimli. 1970-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olub. 1988-1990-cı illərdə sovet ordusunda, Xabarovsk diyarının Komsomolsk-Amur şəhərində xidmət edib. 1990-1995-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1995-1999-cu illərdə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışıb. 1994-cü ildən dövrü mətbuatda müxtəlif səpkili yazılarla tanınır, telekanallarda layihələrlə çıxış edir. “Ekspress” qəzetində şöbə müdiri, “Amin” qəzetində redaktor işləyib. 1999-cu ildən bu günə qədər təsis etdiyi “Qoroskop” qəzetinin baş redaktoru vəzifəsində çalışır. Səbuhi Rəhimli 1998-ci ildən həm də astroloq kimi fəaliyyət göstərir. 38 kitabın müəllifidr. Onlardan 2-si elmi, 2-si şəhidlər, 4-ü şeirlər, qalanları astroloji mövzulardadır. Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və şəhid Həsən Həsənov haqqında çəkilən (2016) “Dünya susmasın!” filminin müəllifidir. İnternet kanallarında onun ön cəbhədən lentə aldığı süjetlər də yayımlanmaqdadır.

Özünə doğum günü hədiyyəsi
Səbuhi savaşa yollanmasının tarixçəsini belə nəql edir: 1992-ci ilin Xocalı faciəsi məndə ilk qığılcım yaratdı. Əksər gənclər kimi qisas hissi bütün ruhuma hakim kəsilmişdi. Həmin vaxt Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kursunda təhsil alırdım. O dövrdə müxtəlif siyasi liderlər televiziya vasitəsilə vətəndaşları vətəni qorumağa çağırış edirdilər. Cəbhədəki vəziyyəti, ümumiyyətlə, siyasi olayları öyrənmək üçün gündəlik mətbuatı izləyirdim. Martın ilk günləri idi. Universitetə gedəndə “Səhər” qəzeti alıb “Malakan bağı”nda oxumağa başladım. Gözüm boya-başa çatdığım Tərtər rayonunun Seydimli kəndindən bəhs edən bir xəbərə sataşdı. Ermənilərin atdığı raketin kəndə düşməsi nəticəsində kənd sakini İmran kişinin və iki nəvəsinin yaralandığı yazılırdı. Xəbəri oxuyan kimi qəzeti büküb universitetə getdim. Dərsin başlamasına 10 dəqiqə qalırdı. İçəri girib bütün kurs yoldaşlarımla vidalaşıb döyüşə getmək haqqında qərar verdiyimi dedim. Təbii ki, bu addımıma ən müxtəlif reaksiyalar verildi. Lakin artıq qəti qərar vermişdim. Sonra BDU-nun yataqxanasına gəlib dostlarımı aradım, onlara cəbhəyə getmək istədiyimi dedim. Bildirdilər ki, Suraxanıda əsasən tələbələrdən ibarət könüllülər toplanır. Mənimlə eyni fikirdə olan daha bir neçə nəfər gördüm. Qərara gəldik ki, yarımçıq işlərimizi tamamlayıb iki gün sonra batalyona yazılaq. Martın 11-i polis kapitanı Fərman Quliyevin rəhbərlik etdiyi Suraxanı könüllülər batalyonuna üzv yazıldıq. Martın 22-də isə cəbhənin Tərtər bölgəsinə yola düşdük. Bu təqvim doğum günümə düşürdü və məncə, doğum günündə döyüşə könüllü yollanan insanlar çox deyil.

Gecə zülmət, erməni, çaqqal və bayquş səsləri

- İlk getdiyiniz günü və savaşmanızı necə xatırlayırsınız?

- Tərtərə martın 22-si axşam saatlarında çatdıq. Rayon qaynayırdı. Çoxsaylı hərbi geyimlilər və mülki insanlar vardı. Biz hamıdan fərqlənirdik, çünki ilk milli hərbi geyimi bizim batalyon geyinmişdi: kürkümüzdə və pencəyimizdə milli bayrağımız vardı, üstəlik, yaşıl rəngə daha yaxın geyim idi. O vaxta qədər kim nə gəldi geyinirdi. 3 saata qədər mərkəzdə gözlədik ki, hara göndəriləcəyimiz barədə qərar çıxarsınlar. Nəhayət, qərargahdan göstəriş verildi ki, rayonun Seydimli kəndində məskunlaşaq. Deyəsən, bəxtim gətirmişdi, çünki bu yer öz kəndimiz idi. İlk günlər daha çox səngərdə durur, Tərtər çayının sahilində hərbi təlimlərə, atəş məşqlərinə gedirdik. Gecələr səngərdə olmaq açıq döyüşdə olmaqdan daha vahiməli idi. 300-400 metrliyimizdə olan ermənilər gecələr azdırıcı manevrlər edir, bayquş və çaqqal səsləri çıxarırdılar. Təsəvvür edin, heç nə görünmür, hərəkət sezilmir və əlimizdə avtomat yalnız qabağa baxırdıq ki, qaraltı görünsə, atəş açaq.

Ermənistana 3 günlük Xocalı hədiyyəsi

İlk döyüşümüz tarixə yazılan 10 aprel hücumu oldu. Bu barədə çox danışmışam və çoxları həmin gün nələr baş verdiyini bilir. Yalnız onu deyim ki, o döyüşdə Xocalıya qarşılıq xeyli təskinlik tapdıq və Ermənistan üç gün matəm elan etdi. Hücuma günorta saatlarında, heç bir əmr gəlmədən, döyüşçülərin fərdi təşəbbüsü ilə başlanıldı. Cəmi iki saata Marağa kəndinə daxil olduq. İlk dəfə parçalanmış meyitlər, kənara düşən bədən parçaları gördüm. Həmin anda qorxu hissi olmasa da, daxildə qəribə bir duyğu yaranır: ölüm haqqında düşünmürsən, qorxmursan, amma yanında olanlar bir-bir ölür. İlk döyüş debütündən sonra hətta yanındakıların ölümü də sənə təsir etmir. Çünki anlayırsan ki, bu, müharibədir, ölüm labüddür. Bəlkə də elə müharibədə labüd olan əsas şey elə ölümdür. Mən döyüş vaxtı gündəlik yazırdım. Hər detalı, hər hadisəni qələmə alırdım. Müharibədən sonra isə döyüş xatirələrimi yazmışam. Bu baxımdan nəyisə xatırlamağa ehtiyac yoxdur, hamısı yazılıb qalıb. Sadəcə, zamanı gələndə yazdıqlarımı yayacağam. Xatirələr isə çoxdur. Ordumuz Ağdərə istiqamətində möhtəşəm hücum əməliyyatları aparanda, səhv etmirəmsə, “3-cü sovxoz” deyilən ərazidə 20-yə yaxın erməni döyüşçü təslim olmuşdu. Döyüşçülərimizdən biri (hansı batalyondan olduğunu bilmirdim) onlardan birinə yaxınlaşıb xeyli baxışdılar, nəsə danışdılar. Sən demə, bunlar sovet əsgərliyində yaxın dost olublar, daima birlik nümayiş etdiriblər. Döyüşçümüz komandirlərdən xahiş etdi ki, onu azad etsinlər, öz növbəsində vaxtilə o erməninin yaxşılıqlarını gördüyünü də dilə gətirdi. Yarım saatlıq söhbətdən sonra Abovyandan olan o ermənini azad etdilər və şərt qoydular ki, bir daha döyüşdə iştirak etməsin. O da söz verib yola düşdü.

Ölmüş erməni - bazar yoldaşı...

Uşaqlıqdan Tərtər bazarında gözümüzə Levon adlı olduqca kök bir erməni dəyərdi. O qədər kök idi ki, taksilər onu götürmürdü. Yadıma gəlir, orta məktəb illərində həyətimizdə becərdiyimiz bütün sarımsaqları ona topdan satardım. Marağada yaşayırdı. 1992-ci ilin 11 mayında məlum kəndə ikinci dəfə hücum edəndə bir darvazanın qarşısında onun meyitini gördüm. Mərmidən ölmüşdü. Batalyon uşaqlarımızdan Hafiz Mahmudov niyə ona bu qədər baxmağımın səbəbini soruşanda yarı-zarafat “uzun müddət bazar yoldaşım olub” dedim.

Univermaqa sancılan bayraq arzusu

Ağdərə şəhəri alınmaq üzrə idi. Ağır yaralanmış bir döyüşçünü meydandan çıxarırdıq. Gəncə ləhcəsi ilə danışırdı. Çox qan itirmişdi. Huşu getmək üzrəydi. Pencəyinin altından bayraq çıxarıb verdi ki, bunu Ağdərə alınanda “raykom”un binasına sancarsınız. Bayrağı aldım. Amma şəhər azad olunanda həmin binaya bayraq sancıldığı üçün onu univermağın üstünə taxdım.

Buna nə ad qoyaq, deyək ki, Ağdərədə donuz tərəfindən şəhid edildi?

Ağdərə yenicə azad olunmuşdu. Bizə göstəriş verilmişdi ki, evləri bir-bir yoxlayaq ki, gizlənənlər ələ keçirilsin. Şəhər bazarının yanında çökək bir məhəllə vardı. Ora yaxınlaşanda bir tövlədən səs eşitdim. Ehtiyatla içəri girəndə böyük bir donuzun üstümə gəldiyini gördüm. Özümü necə itirdimsə avtomat əlimdən düşdü. Donuz təxminən iki metrliyimə çatanda nəfəslikdən atəş açıldığını gördüm. Baxdım ki, Tərtər batalyonunda vuruşan əmim oğlu Bəhmandır. Məndən xeyli böyük olan əmim oğluna təşəkkür etmək istəyəndə qəhqəhə ilə sözümü kəsdi: “Ə, ayıbdır, vallah. Bura qədər pis-yaxşı gəlmisən. Camaat şəhid olur, yaralanır, bə buna nə ad qoyaq? Deyək ki, Səbuhi Ağdərədə donuz tərəfindən şəhid edildi?” Xeyli gülmüşdük buna. Sonralar orada olduğumu hardan bildiyini soruşdum. Sən demə, anam kənddə ondan xahiş edibmiş ki, gözü üstümdə olsun.

Tədricən ölən adam

- Qucağınızda keçinən, son sözünü deyən əsgər olubmu, olubsa nə deyib?

- Qucağımda yox, yanımda keçinən az olmayıb. Ağdərə hücumları başlayanda xeyli meyit və yaralı görmüşdüm. Amma tədricən ölən adamı ilk dəfə görəndə dəhşətə gəlmişdim. Goranboylu bir döyüşçünün boğazına güllə dəyəndə yaxınlaşdıq yardım edək, əlimizdən bir şey gəlmədi – qan axdı-axdı və o da canını tapşırdı.

Unudulan arzular...

Müharibədə olduğum vaxt 22 yaşım vardı, subay idim. Çünki siyasi fəallıq və karyera haqqında düşüncələr digər duyğuları kölgədə qoymuşdu. Yolumu gözləyən yalnız tələbə yoldaşlarım, müəllimlərim idi. Çünki batalyonumuz onsuz da öz kəndimizdə yerləşirdi, ailəm, qohumlarım gözümün qabağında idi. Arzulara gəlincə, açığı, dəqiq bilmirəm o vaxtkı arzularım nə idi?! Təbii ki, döyüşçü kimi Qarabağın azadlığı ola bilərdi, gələcəkdə sənət uğurları qazanmaq istəyi ola bilərdi. Hər halda, yəqin ki arzusuz olmamışam. Bizim alayda az qala hamı tələbə idi. Rusdillilər də vardı, İçərişəhərdən, Bakı kəndlərindən olanlar da. İçimizdə atası məktəb direktoru, hansısa rayonda müəssisə baş mühasibi olanlar da az deyildi. Varlı balaları döyüşə getməməlidir. Çünki onlar qismən qorxaq olurlar, komfort yaşayışdan qəfil barıt qoxulu səngərə düşmək dəhşətdir. Onları zorla döyüşə aparmaq boşuna qurban vermək deməkdir. Hətta onlardan əsir düşən olarsa, daha dəhşətlidir. Düşünürəm ki, belələri ya arxa cəbhədə fəaliyyət göstərməli, ya da müəyyən maliyyə vəsaiti köçürməklə hərbi qulluqdan kənar olmalıdır. Bu metod daha səmərəlidir. Döyüşə hər adamı aparmazlar, döyüşə döyüşçülər gedər.

Cəmi 5 ay yaşadı

Ağdərə azad olunandan az sonra minaya düşüb ölümcül yaralandım və yarım ildən də çox yataqdan qalxa bilmədim. Mən yaralı olduğum müddətdə könüllülər batalyonları sürətlə ləğv olunurdu. Suraxanı batalyonu da eyni aqibətlə üzləşdi. Ümumi götürsək, cəmi 5 ay yaşadı batalyonumuz və o 5 ayda ancaq qələbədən-qələbəyə getdik. Biz qalib döyüşçülər olduq.

Qələbədən-qələbəyə... Toydan-toya....

- Döyüş dostlarınızla bu gün də əlaqəniz varmı?

- Demək olar ki, hamısı ilə. Azından ayda bir dəfə toplaşırıq. Onların arasında sonradan hərbidə qalıb polkovnik səviyyəsinə qədər ucalanlar da var, siyasilər də, iş adamları da, alimlər də. Döyüş dostlarım zarafatla məni batalyonumuzun mətbuat katibi elan ediblər, nə yenilik olsa, xəbər vermək məsuliyyəti mənim üzərimdədir. O vaxt demək olar ki, hamımız subay idik, bu günsə övladlarımızın toyunda iştirak edirik: sonuncu Sumqayıtda fevralda olmuşdu, növbəti may ayında Zərdabda olacaq. Bacardığımız qədər hamısında iştirak edirik.

Mənim həyat konstitusiyam

- Dövlətin hansı imtiyazlarından yaralanırsız?

- Mən həyat konstitusiyama rüşvət maddəsi qeyd etməmişəm. Ömrüm boyu 1 manat da rüşvət verməmişəm, almamışam. Allahın izni ilə ölənə qədər də belə olacaq. Bu məsələdə isə rüşvət umurlar. Bilirsiniz, mən döyüşə hansısa imtiyaz üçün, maddi məqsəd üçün getməmişdim, sadəcə vətən, yurd darda idi, getdim xilas etməyə. İndi bu gün halal haqqımı rüşvətlə alaramsa, özümü vacib bir əməliyyat planını ermənilərə ötürmüş sanaram. İnandırım sizi, 7-8 ay qoltuq ağacları ilə rayon-paytaxt arası yol ölçdüm, müxtəlif orqanlara get-gəl etdim, çox yordular məni. Nə qədər nüfuzlu, vəzifəli, ictimai xadim, hətta keçmiş komandirlər mənə kömək etmək istəyiblər, amma sonu rüşvətə ilişdiyi üçün imtina etmişəm. Bu gün də iki nəfər bunun üçün fəaliyyətdədir. Amma sorağı gəlir ki, rüşvətsiz mümkün deyil. Şükür Allaha, pis-yaxşı dolanıram. Mənə indi yalnız dövlət hesabına müalicə lazımdır. Hər iki ayağı minadan zədələnən, üstəlik, 1994-cü ilin metro partlayışında ağır yaralanan adam kimi müalicəm qaçılmazdır. Ağrıları sadalayıb kövrək fon və ya özümə qarşı rəhm hissi yaratmaq istəmirəm. Sadəcə düşünürəm ki, buna haqqım çatır. Belə görürəm ki, mənim problemlərimin həlli üçün də prezident gərək sərəncam versin. Yoxsa rüşvətsiz heç nə mümkün deyil.

Nihat Cəbrayıl
musavat.com

00:37