Məmməd Ənsari: Hüquq müdafiəçiləri sənətkarları cəlb etməyin yollarını axtarmalıdır

 

Məmməd Ənsarinin sözlərinə görə, İran Azərbaycanında bəzi sənətkarlar insan haqları, ətraf mühit problemləri və heyvan haqları kimi mövzulara önəm verirlər, amma onların bu sahələrdə edə biləcəkləri məhduddur. Güneyli bəstəkar və hüquq müdafiəçisi “Amerikanın Səsi@ radiosu ilə söhbətdə sənətkarları insan haqları fəaliyyətlərinə cəlb etməyin yollarını dəyərləndirib.

Ənsarinin dediklərinə görə, “ümumiyyətlə İranda hakimiyyətin insan haqları fəaliyyətlərinə münasibətinə baxanda bunun rahat olmadığını başa düşmək olar. Dövlətin müxtəlif qolları bu növ fəaliyyətləri siyasi fəaliyyət kimi görür.”

Amma o, bəzi sənətçilərin bu çətin şərtlərə baxmayaraq müəyyən işlər gördüyünü bildirir: Sənətkarlar var ki, Urmiyə Gölü ya heyvan haqları ilə bağlı film çəkir. Ya siyasi məhbus ailələrinin yanında duran sənətkarlar var...

“Xüsusilə son vaxtlar, sənətkarlar çalışırlar bəzi məsələlərə münasibət bildirsinlər. O cümlədən, edam, ətraf mühit məsələsi, ana dili kimi mövzularda. Urmiyə Gölü ya heyvan haqları ilə bağlı film çəkirlər. Ya sənətçilər görürük ki, siyasi məhbus ailələrinin yanında olurlar və ya onlar sərbəst buraxılanda onların yanında görünərək dəstək edirlər.”

Məmməd Ənsari əlavə edir, “öz sənət fəaliyyətlərində bu mövzulara yer verən sənətçilər var. Amma birbaşa bu fəaliyyətlərə qatılmaq təhlükəli ola bilir. Misal üçün, musiqiçi Həsən Ağa Dəmirçi siyasi məhbusların yanında olur amma özü də təhlükə ilə qarşılaşır.”

Qərb ölkələrində sənətkarların sərgilədiyi ictimai fəaliyyətlər və yardım kampaniyalarına diqqət çəkən Ənsari İrandakı sənətkarların əllərinin o qədər də açıq olmadığını ifadə edir. Təbrizli bəstəkarın fikrincə, sənətkarlar ən az öz izləyicilərinin qarşılaşdığı ictimai problemlər xüsusunda məsuliyyətsiz deyillər:

“Sənətkarlara missiya müəyyənləşdirmək rahat deyil. Amma, bir sənətçi şöhrət sahibi isə, demək ki, onun bir izləyici qrupu var. Sənətkarın, ən azından öz izləyicilərinin insan haqları mövzusunda bir işlər görməsi onun vəzifəsidir məncə. Doğrudur o öz sənəti ilə tanınıb, amma onun sənətini izləyən o kütləyə görədir ki o orada görünür.”

Məmməd Ənsarinin dediklərinə görə, toplumda insan haqları mövzularında sənətçilərin rolunu artırmaq üçün həm sənətçilərin həm də insan haqları fəallarının çalışması lazimdir.

“Biz bu məsələni doğru-dürüst qoya bilmədiyimiz üçün düzgün nəticə də ala bilmirik. İctimai quruluşlarımızı gücləndirə bilsək, insan haqları üzərində çalışan doğru-dürüst bir qrup olsa, digərləri üzərində də yaxşı təsir göstərilə bilər... Bizim quruluşlarımız sadəcə insan haqları baxımından deyil, siyasi baxımdan da zəifdir... Həm sənətkarlar bunun yollarını axtarmalıdırlar. Həm də insan haqları fəalları məsələni doğru-dürüst ortaya qoymaqla gərək elə zəmin yaradalar ki, sənətkarlar da həvəslə gələ insan haqları fəaliyyəti ilə məşğul ola,” deyə güneyli musiqiçi və insan haqları fəalı əlavə edir.

Amerikaninsesi.org

15:44