Millət vəkilləri Cənubi Koreyada Xocalı soyqırımından danışıblar

 

Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Dilarə Cəbrayılova və Pərvin Kazımzadə Koreyanın paytaxtı Seulda olublar. Səfər çərçivəsində millət vəkilləri Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov, Milli Assambleyanın Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Hvanq Yanq Çeul və deputat xanım Pak İn Suuk ilə görüşüblər.
Görüşlərdə ölkələrimiz arasında münasibətlərin inkişafına, iqtisadi sahədə əməkdaşlığın vəziyyətinə, inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bir-birindən uzaqda yerləşən ölkələrimiz arasında yaxşı münasibətlər formalaşıb. 1992-ci ildə diplomatik əlaqələrin yaranmasından etibarən Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli səfərlərin, xüsusilə dövlət başçılarının səfərlərinin xüsusi rolu olub. Hər iki ölkənin təmsilçiləri münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığı genişləndirməyin qarşılıqlı faydası olacağına əminlik ifadə ediblər.
Deputat xanım Pak İn Suuk da Kareya Respublikasının Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.İki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasını sevindirici hadisə kimi qiymətləndirib.

Azərbaycan nümayəndə heyətinin Milli Assambleyanın Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Hvanq Yanq Çeul ilə görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, bu cür qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafındakı rolu vurğulanıb.Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyəti böyükdür. Bu istiqamətdə dostluq qruplarının üzərinə böyük vəzifə düşür. Görüş zamanı iki qardaş ölkə arasında mövcud olan dostluq münasibətlərindən də danışılıb, Azərbaycanda aparılan islahatlar, iqtisadi inkişaf haqqında da məlumatlar verilib. Bildirilib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın bir sıra ölkələri ilə əməkdaşlıq edir. Bu ölkələrin arasında Koreya Respublikası ilə əlaqələr xüsusi yer tutur. Dostluq münasibətlərinin inkişafında hər iki ölkə başçısının apardığı siyasət önəmli rol oynayır.

Görüşlərdə Dağlıq Qarabağ problemi diqqət mərkəzində olub, Xocalı Soyqırımı barədə ətraflı məlumat verilib. Bildirilib ki, XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə düşən və azərbaycanlılarla yanaşı, bütünlükdə bəşəriyyətə qarşı vandalizm aktı olan Xocalı faciəsindən artıq 25 il ötür. Yerlə yeksan edilən şəhər, xüsusi amansızlıqla qətlə yetirilən yüzlərlə azərbaycanlı, dəhşətli işgəncələrə məruz qalan minlərlə əsir vətəndaşımız, hələ də taleyi bəlli olmayan onlarla sakin Xocalı faciəsinin ürəkağrıdan həqiqətləridir. 25 ildir ki, ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqda davam edir və BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və başqa təşkilatlar tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymur. Bu gün də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir, yüz minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir.

Milli Assambleyanın Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri bildirib ki, Cənubi Koreya parlamentinin binasında Xocalı Soyqırımının 25- ci ildönümünə həsr olunmuş anım mərasimi və “Azərbaycan dünən, bu gün” adlı fotosərgi keçiriləcək. Orada faciəni əks etdirən fotoşəkillər sərgilənəcək. Görüşlər zamanı millət vəkilləri Cənubu Koreyanın nümayəndə heyətini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını bildirib, onları Azərbaycana dəvət ediblər.

Hicran Məmmədova

Azertac.az

11:15