Milli tariximizin İrəvan səhifələri haqqında həqiqətlər

Nazim MUSTAFA,
Dövlət Mükafatı laureatı

Milli tariximizin İrəvan səhifələri haqqında həqiqətlər

“Lenta.ru” internet saytı ötən ilin avqust ayının 3-də öz oxucularına “Keçmiş SSRİ ölkələrinin paytaxtları” rubrikasından növbəti bir materialı təqdim etmişdir. Ermənistan paytaxtı İrəvan haqqında qələmə alınan “Urartu səltənətinin ürəyində” adlı bu yazı sözün həqiqi mənasında növbəti erməni həyasızlığı, rusiyalı həmkarlarımızın isə  məlumatsızlığı ucbatından yaydığı ağ yalandan ibarətdir. Material müəllifləri XXI yüzilin ikinci onilliyində, Afrikanın ən geridə qalmış ölkələrinin belə az da olsa dirçəldiyi dövrdə tamamilə dağılıb gedən İrəvandan oxucu qabağına çıxarılacaq bir şəkil verə bilmədiklərinə görə ölkə paytaxtından söz açıb Türkiyə ərazisini – Ağrı dağını göstərirlər. Bu saxtakarlıq azmış kimi, yazının mətni də məhz ermənicəsinə qələmə alınmışdır. Yəni əllərinə düşən məqamı, tarixi saxtalaşdırmağa, öz iyrənc cəfəngiyyatlarını dünya oxucusuna həqiqət kimi sırımağa çalışırlar. Həmin saxtakarlıqların aradan qaldırılması üçün elm ocaqlarımız və ziyalılarımız həmişə ortaya əsaslı tarixi faktlar qoyub, ermənilərə tutarlı cavab veriblər. Ancaq, fikrimizcə bu qəbildən olan ən tutarlı cavab ölkə ictimaiyyətinə təqdim olunmuş bir elektron resursdur. Vicdanı olan istənilən erməni bu  sayta nəzər salandan sonra həqiqəti söyləməyə dili gəlməsə də, heç olmazsa, yalan yazmaqdan usanmalıdır. Söhbət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının işləyib hazırladığı “İrəvan şəhəri” elektron resursundan gedir. Kitabxananın direktoru Mayıl Əhmədovun rəhbərliyi ilə reallaşdırılan layihənin elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, elmi işin müəllifi isə Tarix İnsititunun elmi əməkdaşı, Dövlət Mükafatı laueratı Nazim Mustafadır. “İravan.info”adlı bu elektron resurs “Müqəddimə”, “Tarixi arayış”, “Şəhərin tarixi”, “Şəhərin əhalisi”, “İrəvan xanlığı dövrü”, “Rusiya işğalı dövrü”, “İrəvanı idarə edənlər”, “Etnik təmizləmə”, “Elm, təhsil, mədəniyyət”, “Memarlıq və incəsənət”, “Ədəbiyyat”, “Sənədlər”, “Tanınmış irəvanlı ziyalılar” və başqa bölmələrdən ibarətdir. Burada qədim Azərbaycanın ən mühüm şəhərlərindən olan İrəvanın tarixi mənbələr, arxiv sənədləri və mükəmməl tədqiqatlar əsasında işıqlandırılır. “Lenta.ru”da yayılmış növbəti erməni yalanına cavab olaraq həmin resursun müəllifinin bir yazısını hörmətli oxuculara təqdim edirik. Hər bir azərbaycanlı üçün qədim Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər doğmadır. Müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqlular, Eldənizlər, İlxanlılar, Teymuroğluları, Qaraqoyunlu, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar kimi Türk dövlətlərinin, daha sonralar isə Çar Rusiyasının tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Güney Qafqazda ilk erməni dövləti elan olunduqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. İrəvan şəhəri 40°08 dəqiqə quzey en dairəsi və 44°10 dəqiqə doğu uzunluğunda, Ağrı vadisinin quzey-doğu hissəsində yerləşir. Dəniz səviyyəsindən təqribən 900-1000 metr yüksəklikdə salınan İrəvan şəhəri hər tərəfdən bağlarla əhatə olunmuşdur. Qədimdən yalnız Azərbaycan Türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir.

XIX əsrin əvvəllərində rus qoşunlarının işğalından sonra şəhərin adı Erivan (Grivanğ) kimi yazılmış, daha sonralar, XX yüzildə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan adlandırılmışdır. Erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adının Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi istehkam məqsədilə inşa edilmiş və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan əlaqəsi olmamışdır. Qədim yaşayış məntəqəsi olan, orta əsrlərdən şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə, 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. Yalnız XX əsrin ikinci yarısından Erebuni qalasının yerləşdiyi Qanlı təpəni də şəhərətrafı əraziyə daxil etmişlər. Urartulular dövrünə aid tapılan mixi yazılardan aydın olmuşdur ki, e.ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır. İrəvan və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin  Türk dilində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi- mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı örnəyə rast gəlinməmişdir. Urartuluların süqutundan Ərəb Xilafətinin yaranmasınadək 1200 il ərzində heç bir mənbədə bu yaşayış məntəqəsinin adı çəkilmir. Bunları bəzi obyektiv erməni tarixçiləri də etiraf edirlər. Ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan, yalnız Azərbaycan Türklərinin yaşadığı bu qala-şəhər, eyni zamanda, Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyliyi və İrəvan Xanlığı dövründə social-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir. Zəngi (indi Hrazdan adlandırıblar) və Gedər çaylarının arasında yerləşən İrəvan şəhəri orta əsrlərdə quzeyl-batı və quzey-doğu tərəfdən dağlarla və təpələrlə, güney və güney-batı tərəfdən isə əkinə yararlı vadi ilə əhatə olunmuşdu. İrəvan qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı. Coğrafi baxımdan strateji əhəmiyyət kəsb etdiyi üçün İrəvan şəhəri daim müharibələr meydanına çevrilmiş, dəfələrlə əldən-ələ keçmişdir.

Müharibələr və zəlzələlər nəticəsində böyük dağıntılara məruz qalan şəhər, hər dəfə qısa müddətdə yenidən bərpa edilmişdir. Çox məşhur olan İrəvan qalası və bağları şəhərə gələn bütün səyyahların diqqət mərkəzində olmuş, onlar haqqında geniş məlumatlar verilmişdir. Quru subtropik iqlim zonasında yerləşən İrəvan şəhəri, olduqca münbit və bərəkətli torpaqlarla əhatə olunmuşdur. Məşhur İrəvan bağları və bostanları İrəvan xanlarının müxtəlif dövrlərdə Zəngi və Gedər çaylarından çəkdirdikləri kanallarla suvarılmışdır. Zəngi çayından şəhərdəki və ətrafdakı bağları suvarmaq üçün 4 kanal - Mamrə, Abu-həyat, Dəlmə və Təzəkənd kanalları çəkilmişdi. Şəhərin güneyindəki bağlar Gedər (Qırxbulaq) çayından çəkilən kanal və arxlarla suvarılırdı. İrəvan torpaqlarından ildə 2-3 dəfə məhsul götürülürdü. XX əsrin əvvəllərinədək İrəvan şəhəri 4 mənbədən - Zəngi çayı, Söyüdlük adlanan ərazidəki çoxsaylı bulaqlar, Gedər (Qırxbulaq) çayının şəhər bağlarından keçən hissəsində tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə təmin edilirdi. XX yüzilin əvvəlində İrəvandan təqribən 19 kilometr uzaqlıqda Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin çəkilməsində şəhərin imkanlı azərbaycanlılarının müstəsna xidmətləri olmuşdu. Xanlıqlar dövründə İrəvan şəhəri dörd kvartaldan - Qala, Şəhər (Şəhri), Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olmuşdur. Sayca çox az olan ermənilər yalnız şəhərin ətrafındakı bəzi qəsəbələrdə yaşayırdılar. Şəhər (Şəhri) massivi İrəvanın ən qədim hissəsi olmuşdur. Şəhərin batısında yerləşən Təpəbaşı massivində (hazırda Kond adlanır) Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailəsi (boşalar) məskunlaşmışdılar. Təpəbaşı massivini Şəhər massivindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Şəhərin güneyindəki Dəmirbulaq massivində (indi  Karanki Tağ adlanır) yalnız azərbaycanlılar yaşayırdılar. İrəvan qalasında isə fransız səyyahları C.Tavernye və C.Şardenin qeyd etdikləri kimi, yalnız müsəlmanlar (yəni azərbaycanlılar) yaşayırdılar. Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bircə dənə də olsun tarixi memarlıq abidəsi mövcud deyil. Çünki İrəvanda ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar.
İrəvandakı tarixi-memarlıq abidələri Doğu memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər. İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadrat şəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. XIX yüzilin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. Mərkəzi hissədə Böyük Meydan adlanan 400x400 metr ölçüdə meydan yerləşirdi. Ağır yükləri çəkmək üçün Qantar tərəzisi, yüngül yükləri çəkmək üçün Mizan tərəzisi bu meydanda yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı. Pənah xan Makılının imarətinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı adlanırdı.

İrəvanda Doğu memarlıq üslubunda 8 hamam - Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim (sonuncu İrəvan xanının qardaşı Həsən xanın qızı), Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Bu gün İrəvanın mərkəzindəki Respublika meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, muğam məclislərinin keçirilməsi üçün xüsusi otaq ayrılmışdı. XIX yüzilin, XX yüzilin başlanğıcında İrəvanda adları Azərbaycan Türkcəsində səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.
Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan 772-si şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbasdərəsi, Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kənkan, Kərpicxana bağlarının ad-sanı İrəvandan çox uzaqlara yayılmışdı. İrəvan bağlarının məhsulları qurudulmuş şəkildə Avropaya ixrac edilirdi. Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin ən böyük dəyirmanları olmuşdur. Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Şah Abbas, Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın Türk şəhəri olmasını nişan verirdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca dağıdılmışdır. Güney Qafqazın ən böyük məscidi olan Göy Məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Yalnız Dəmirbulaq məscidi 1988- ci ilədək öz məqsədinə xidmət edirdi, indi həmin məscid də yer üzündən silinmiş, onun yerində hündürmərtəbəli bina ücaldılmışdır. Şəhərdə məscidlərlə yanaşı, Poğos-Petros və Katoğke kilsələri vaxtilə xristian missionerlərinin vəsaiti hesabına tikilmişdi və məqsəd ermənilərin şəhərə axınını təmin etməkdən ibarət idi.
XX yüzilin əvvəllərinədək İrəvan qalası, onun içərisində yerləşən Xan sarayı, Abbas Mirzə məscidi şəhərin tarixi-memarlıq incilərindən hesab olunurdu. Erməni vandalları İrəvan qalasını və onun içərisindəki bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdəki azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələri bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər. XX əsrin 30- 40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhəllələri mövcudluğunu qoruyub saxlayırdı. Ermənilər İrəvanda XIX yüzilin başlanğıcından məskunlaşdıqları üçün öz məhəllələri azərbaycanlı məhəllələrini üzük qaşı kimi əhatələmişdi. 1950-1960-cı illərdə azərbaycanlıların kompakt yaşadıqları məhəllələri, onların qədim qəbiristanlıqlarını yeni tikililər inşa etmək bəhanəsilə yerlə yeksan etdilər. Azərbaycanlılara qarşı törədilən 1905-1906-cı illər kütləvi qırğınları, 1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyaları İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. İrəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət izlərini silən, ardınca azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa nail olan ermənilər indi tarix kitablarından, dərsliklərdən azərbaycanlıların izini silməyə çalışırlar.

13:18