Məhəmməd Əmin Rəsulzadə məğlub xalqların sonrakı qalibiyyəti haqqında...

M.Ə.Rəsulzadənin bu yazılarında  torpaq itirmiş, istiqlaldan məhrum olmuş xalqların əslində ruhdan düşməməsi, sonadək mücadilə etməsinin vacibliyi məqamlarına toxunulur.Bizim indi qarşılaşdığımız problemi-yəni torpaqlarımızın 30 ilə yaxındır ki işğalda qalması faciəsini başqa xalqlar da digər formalarda yaşayıblar.Çexlər,finlər,polyaklar və digər  millətlər illərlə azadlıq mücadiləsi apararaq ruhdan düşməmış,  torpaqlarını düşmən işğalından azad etmişlər. M.Ə.Rəsulzadə məqalələrinin birində Polşa xalqının qəhrəman oğlu, görkəmli dövlət xadimi marşal Pilsudskinin bu sözlərini hər zaman təqrir edirdi:”Məğlub olub da ruhdan düşməmək!”. Xalqların mücadiləsindəki bu əhəmiyyətli məqamları  diqqətə alıb M.Ə.Rəsulzadənin 1925-ci ildə çap olunmuş”İstiqlal məfkurəsi və gənclik” yazısından,1927-ci ildə İstanbulda nəşr etdiyi “Yeni Qafqasiya” jurnalındakı məqalələrdən müəyyən hissələri oxuculara təqdim edirəm. Bu yazılar nəşrə hazırladığım “M.Ə.Rəsulzadə,Əsərləri,2-ci cild (Mühacirət dövrü)” kitabına daxil edilib.
 
Nəsiman Yaqublu, tarix elmləri doktoru
 
                                    
                                     M.Ə.Rəsulzadə
                               İstiqlal Məfkurəsi və Gənclik
                   (Azəri Gənclər Birliyi toplantısında verilmiş bir konfrans)
 
Finlər haqqında:
 
Rusiya əsarətindən qurtulub da “Millətlər cəmiyyətinə” daxil olan Finlandiya Avropa dövlətləri ailəsinə siyasətən daxil olduqdan daha əvvəl xalq arasında söylənən “rono”lardan ibarət olan “Kalavela” mənzuməsilə Avropa mədəniyyəti ailəsinə girmiş, bir millət olduğunu daha çox əvvəl isbat etmişdir.
 
Finlandiya nüfus etibarilə üç milyondur. İndi müstəqil bir dövlət halında yaşayan və Ural-Altay cinsindən olan bu millət əvvəlcə İsveç dövlətinin bir hissəsi idi. Məzhəbcə isveçlər onların mürşüdü idilər. Finlandiya protestandır. Protestan finlər İsveç məmləkətində hər növ hüquqa malikdilər. Hətta kral seçkisində də iştirak edərlərdi. Bunun üçün özlərini yüksək bir harsa malik olan İsveç mühiti içində əritmiş, fin əyan və arifləri tamamilə isveçləşmişdi. Rusiyaya keçdikdən sonra finlərdə yeni bir cərəyan başladı. Bu cərəyanın rəislərindən Arvidson “biz isveçlikdən çıxdıq, rus da olmaq istəmirik, o halda fin olacağız” deyirdi. Bu hərəkatın əməli nəticəsi Helsinkfors darülfünuna fin dili kafedrasını əlavə etməkdən ibarət qaldı. Finçilik hələ bu günkü şəklini almamışdı. Fin ziyalıları hələ İsveç dilində tərbiyə olurdu. Finlərin ən böyük və vətənpərvər şairi Runeberq  əsərlərini isveçcə yazırdı.
 
1831-də fin ədəbiyyat cəmiyyəi təşəkkül etdi. Bu, fin tarixində çox böyük bir dövr təşkil eləmişdir. Bu cəmiyyət ilk təşəkkül etdiyi ildə “Kalavala”nın ilk çapını nəşr eləmişdir. Bundan sonra ədəbiyyat cəmiyyətinin fəaliyyəti ilə xalq arasında dildən-dilə söylənib duran əski xalq dastanından “rono”ların toplanmasına əhəmiyyət verildi. Tainki bu toplanan dastanları yek-digərini bağlayan Lennort 1849-da “Böyük “Kalavala”nı nəşr elədi. Finlərin başını ucaldan bu “poem” 50 ronodan və 227  beytdən ibarətdir.
 
“Kalavala” ilə fin ədəbi dilinin əsası yarandı. Fin darülfünundakı “Kalavala”ya aid dərsləri ilə Qasraren fin gəncliyində fin xəlqiyyatı ilə fin dilinə qarşı böyük bir eşq və həyəcan doğurmağa müvəffəq oldu. Bu harsı cərəyan daha sonra fin milliyyətpərvərliyi təhrik elədi. Fin milliyyətpərvərlərindən Senelman “finlər geridir, çünki ictimai hərəkatlarında milliyyət əsası itirilmişdir” deyirdi. Onun mübarizəsi ilə  fin dili ibtidai məktəblərdə öyrənildi. 
      Finçilik cərəyanı bir çox müxalif və müvafiq mərhələlərdən keçdikdən sonra hal hazırda tamamilə qalib gəlmişdir.
                                                                      İstanbul, 1925-ci il
 
Milliyyət prinsipinin Avropada qələbəsi(3)
(Azəri Gənclər Birliyi toplantısında verilmiş bir konfrans)
 
Milli Çex hərəkatı:
 
Slav millətləri miyanında(sırasında) milliyyətpərvərliyə elmi və məfkurəvi bir şəkildə ən ziyadə hizmət edən millət çexlər olmuşdur. 1620 sənəsində siyasi istiqlallarını qeyb edən çexlər Avstriya imperatorluğunun təbəəliyinə düşüyorlar. Əvvəlcə böyük ədəbiyyata malik olan Çex milləti tədricən sönməyə başlıyor. Almanlar Çex hars və ədəbiyyatını təmsil edən böyük adamları türlü yollarla təzyiq ediyorlar. Münəvvərlərdən bir çoxu öldürülüyor, bir qismi də digər məmləkətlərə hicrət etmək məcburiyyətində qalıyorlar. Mühacir çexlər içində tərbiyə aləmində aləmşümul şöhrətə haiz olan Komenius dəxi bulunuyordu. Təbii tərbiyənin ana lisanında olması tezisini (ideyasını) ilk dəfə olaraq meydana qoyan böyük alim iştə bu Komeniusdur. Refermasyondan bəhs edərkən Luterin papalığa qarşı milli intereslərə(maraqlara) istinad etdiyini qeyd eyləmişdik. Ən əsl çex bulunan Huss Luterdən daha əvvəl dini islahat əsasını müdafiə eyləmiş və tərəfdarlarını katolikliyi müdafiə edən German dövlətlərinə qarşı, dini motiflə də olsa, milli Çex mövcudiyyət və harsını(mədəniyyətini) müdafiə eyləmişdir.
XVIII əsrin sonları və XIX əsrin ibtidalarında çex milləti təkrar oyanmağa başlıyor. Bu oyanıqlıq almanlaşmış aristokrasi ilə şəhər əhalisindən ziyadə köylülərə istinad ediyor. Bir zamanlar tamamilə mən(məhv edilmiş) edilmiş bulunan çexcə, sonra məmləkəti idarə məqsədilə alman hökuməti tərəfindən qismən təlimə başlıyor, bundan çex milliyyətçiləri istifadə ediyorlardı. Çexlərin bu intibahı Napolyon müharibəsinə təsadüf ediyor.  
1838 ixtilalını mütaqib(uyğun) zühur edən yeni Avropa təbəddülatı(dəyişmə) və həyati təcrübələr sayəsində milliyyətpərvər Çex romantizmi təbdil(dəyişdirilmə) olunaraq Havliçek kibi nəzəriyyəçilər ədəbiyyata bir məcra veriyorlardı. Havliçekə görə çexlər hər şeydən əvvəl kəndi kəndilərini bulmalıydılar. O, “Rusiyanın gəlib də bizi qurtaracağını bəkləyib oturmaq qədər qolay və faydalı bir şey olamaz” diyordu. Fəqət bunun nə qədər şanlı bir şey olacağında şübhə ediyordu. “Milli bənliyimizi təhkim etmək və qayəmizi irəlilətmək üçün kəndimiz də bir şey yapmalıyız” deyə vətəndaşlarını bizzat hərəkət və fəaliyyətə dəvət ediyordu. Havliçeqə görə “Slavyanlıq bir realitedir, fəqət Slav elləri realitesindən mütəşəkkil bir realite”. 1848 ixtilalını mütəaqib yetişən çex nəslində Havliçeqin təyin etdiyi istiqamət üzərində yürüyənlər çoxalmış və bu nəsil bugünkü Rəisi Cümhur Masarik kibi pişvalar yetişdirmişdir.
 
 “Yeni Qafqasiya”, 18 mart 1927, №11-12
 
Milliyyət prinsipinin Avropada qələbəsi(4)
(Azəri Gənclər Birliyi toplantısında verilmiş bir konfrans
Lehistan(Polşa) faciəsi:
 
Slavyan  ədavətinin bir cəbhəsi almanlığa, digər cəbhəsi də türklüyə mütəvəcceh(üz tutan) olduğunu söylədik. Fəqət slavyan olaraq bir millət də var ki, ədavətini bir tərəfdən qismən almanlığa tovcih(üz döndərmə) etməklə bərabər, digər tərəfdən türklüyə deyil, rusluğa tovcih etmişdir. Bu, Lehistan millətidir. Lehistan slav millətlərinin ən mədənisi əddolunmaqdadır. Ruslar Varyaqlara(Baltik dənizi hövzəsində yaşayan xalqlar) gedərək kəndilərinə nizam və asayişi təmin üçün rəis aradıqları bir zamanda Katolik Lehistan yüksək bir mədəniyyət və səltənətə malik idi. Bu məmləkət cahan ədəbiyyatına, musiqisinə, elm və fənninə Mitskeviç kibi Şopen kibi, Madam Küri kibi məşhur vermişdir. İyirmi milyon nüfusa malik böylə mədəni bir dövlətin 19-cu əsr ibtidalarında Rusiya, Almaniya və Avstriya arasında inqisama(bölünmə) uğraması Lehistan xalqı üçün dərin bir faciə təşkil eyləmişdir. Lehistanın qismi mühimmi, slavyan imperatorluğu Rusiyanın əlinə keçmişdi. Rusiya kəndinə xas olan vəhşət və qabalıqla Lehistan kültürünə qarşı çox şiddətli davranıyor, rusdan dəfələrlə mədəni olan Lehistan xalqı cəbrlə ruslaşdırılmaq istəniyordu.
 
Rus məzaliminin(zülmlərinin) bu icraatı vaxtilə beynəlmiləl Avropa münasibəti rəsmiyəsində belə oyandırmış, Knyaz Karçakov rus çarizminin diplomatik vəziyətini qurtarmaq üçün az mürəkkəb sərf eyləməmişdir. Bu münasibətlə təati(mübadilə,dəyişmə) edilən diplomatik notalardanr. Rus məzalimini(zülmünü) təsvir və təsbit etmək nöqteyi nəzərindən ən şayani-diqqət olan, o zamankı İngilis Xariciyə naziri Palmerstonun notasını gözdən keçirəlim. Palmerston notasında diyordu ki: “... Rus hökuməti milləti təşkil edən sifətləri Lehistan milliyyətindən söküb atmaq üzərədir. Milli Leh(polyak) boyalarının məni(qadağa), rəsmi münasibətdə ruscanın tətbiqi, Lehistan məktəb və maarif müəssisələrinin ilgası(ləğv etmə), Leh çocuqlarının ruslaşdırılmaq məqsədi ilə Rusiyaya nəqli, bir çox Leh ailələrinin daxili Rusiyaya təbidi(sürgünü), kura nəfəri toplanışındakı şiddətlər, rus məmurlarının təyini, kilsə əmlakı üzərinə vəz olunan kontrol; bütün bunlar Lehistan otonomisinin ilqası ilə burasının aləladə bir rus vilayətinə çevrilmək istəndiyini göstərir”.
 
Bittəbi bütün bu zülmlərə qarşı Lehistan münəvvərləri laqeyd qalmıyor, tarixdə nadir görülən bir əzm və cəladətlə(igidlik) istiqlallarının istirdadı(geri alma, geri istəmə) üçün çalışıyorlardı. Lehistan üç dəfə üsyan eyləmiş, üç dəfə parçalanmışdır. Hər dəfəsində şiddətlə və məzalimlə basdırılan bu üsyanlardan sonra Lehistan xalqına bir növi dini mistisizm ruhu gəlmişdir. Əksəriyyətlə Parisə iltica(sığınma,pənah) edən Lehistan milliyyətçilərindən bir qismi Lehistanın xilasını bütün Avropa demokrasisinin xilasından bəkləyərək sosyalistliyə meylənnmiş və buna görədir ki, 1848 İxtilalında(inqilab,qiyam) Lehistan istixsalının(xilas olma) şüarı sosyalist internasyonalının milliyyət məsələsindəki əməli və rəmzi şüarını təşkil eyləmişdir.
Lehistan mühacirlərinin digər qismi isə milliyyətpərvər və təsəvvüfkar(sufilik) qərib bir məslək və ya məzhəbə salik(yol gedən,yolçu) olmuşlardı. Bu məslək Lehistan tarixi fikri və siyasisində Missiyonizm (Məsihçilik) namıyla mərufdur(məşhurdur). Bu məsləkə aid fikirlərin ilk naşiri Voronskidir. Voronskiyə görə bəşəriyyət xəstədir. Bu xəstəlik mühafizəkarlıqla hürriyyətpərvərliyin hali mücadilədə olmasından irəli gəlir. Mühafizəkarlar xeyri, liberallar da haqqı təmsil edərlər. Xeyir ilə haqq təlif(əsər yazma,kitab tərtib etmə) edilirsə, bəşəriyyəti xəstəlikdən qurtarır. Yəhudilərdə olduğu kibi, Lehistan məsihçiləri də xilası ümid və intizarda buluyorlardı.
 
Voronskinin bu mistik nəzəriyyəsi getdikcə işləndi və Lehistanın istiqlalını fəda etməsiylə, bütün bəni növi bəşərin bir növi bəsi(çox,çoxluq) badəl-mövtinə hizmət etmiş olduğu əqidəsi təhəddüs etdi. Bu əqidəyi böyük bir bəlağət və həyəcanla nəşr edən şair Adam Mitskeviçdir. 19-cu əsrin ən böyük şair və ədibi əddolunan Mitskeviç, dini və mistik fikir və qayələrini mütəsəvviflərdən Novoyanskidən almışdı. Novoyanski isə peyğəmbəranə təbşiratda(şad xəbər) buluyordu. Bu təbşirata(şad xəbərə) görə Cənabi Haqq Lehistanı qurban verməklə bəni bəşəri qurtarmaq istəmişdi. Bəni bəşərin ümumiyyətlə yeni həyata girəcəyi sırada Lehistan da hürriyyət və istiqlalinə qovuşacaqdı.
 
“Yeni Qafqasiya”  jurnalı, İstanbul
1 nisan 1927 / 28 ramazan 1345, yıl: 4, sayı: 13,  s. 8-10

22:15