Əli Əliyev: “Müxalifətin fəallaşması zamanı yetişib”

 

 “Azərbaycanda idman sistem olaraq oliqarxiyaya bağlanıb. Oqtay Əsədov, Rövnəq Abdullayev, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Elman Rüstəmov, Hüseynqulu Bağırov, İsmət Abbasov, Fazil Məmmədov, Azad Rəhimov və digərləri müxtəlif federasiyaları maliyyələşdirirlər”. Bu barədə VİP sədri Əli Əliyev “feysbuk” səhifəsində yazıb.

 

“Haram idmanımızın maliyyə qaynağıdır”
 

“Bu şəxslər təkcə hökümətdə vəzifə tutmurlar, həm də ictimai-maliyyə yükü kimi idmanın müxtəlif sferalarına rəsmən başçılıq edirlər. Hətta bir neçə federasiyanın rəsmən prezidenti olanlar da var. Maraqlıdır ki, bu YAP funksionerləri hansı mənbədən idman turnirlərini, səfərləri, maaşları və s. xərcləri əldə edirlər? Əlbəttə ki, maaşları buna çatmaz. Bizneslə məşğul olmağa qanun icazə vermir. Onda hansı mənbədən Azərbaycan idmanı maliyyələşir? Belə çıxır ki, haqqında əsatirlər dolaşan büdcə talançılığı, korrupsiya, monopoliya - bir sözlə oğurluq və haram idmanımızın maliyyə qaynağıdır. Belə çıxır ki, iqtidarın öyündüyü, ən uğurlu saydıqları idman sahəsinin mayası da haramla yoğrulmaqdadır”, - deyib partiya sədri.

 

“Tədricən komanda monolitliyi pozulur”

 

Ə. Əliyev qeyd edib ki, indi maraqlı tərəfi ortaya çıxır: “Nədən güləşçilər asilik etdilər? Belə çıxır ki, oliqarxiya “kasıbladığından”, yaxud gəlirləri nisbətən azaldığından, ola da bilər daxili münasibətlər pozulduğundan daha komandanın ümumi uğuru onları maraqlandırmır. Aydın olur ki, tədricən komanda monolitliyi pozulur. Siyasi dəyişikliklər üçün zəmin belə xırda detallardan yaranır. Hakimiyyətin artıq əvvəlki kimi idarə edə bilmədiyi faktı ortadadır. Qalır aşağıların əvvəlki kimi yaşamaq istəməməsi. Bu da var, lakin yetər ki, ixtisaslaşmış kəsim, yəni siyasi müxalifət bunu təşkil etsin. Ona görə, müxalifətin fəallaşması zamanı yetişib. Müxalifətdaxili inteqrasiya bu hərəkətin birinci mərhələsi olmalıdır. Hamı təkəbbürünü kənara qoyub, xalqı siyasi baxımdan təşkilatlandırmada iştirak etməlidir. Bu qətiyyən məsləhət deyil, sadəcə, istək, özümüz üçün isə vəzifədir”.

 

Cavid
Hurriyyet.org

 

09:12