Iranın “Qafqazda 17 şəhəri” strategiyası

Sovetlər Birliyi dağıldıqdan sonra, Cənubi Qafqazda strateji marağı olan dövlətlər sırasında İran özünün xüsusi doktrinasını hazırlamaq üçün ölkənin Qum şəhərində dini, paytaxt Tehranda isə Xarici İşlər nazirliyinin tərkibində isə “İranın Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzi”ni yaratdı. Hətta nazirliyin nəzdində “Risalət” adlı dərgi nəşr etməklə bu strategiyanın elmi-nəzəri əsasları barədə araşdırmaları gündəmə gətirməyə  başladı. “Risalət” dərgisinin ilk saylarında (1991-ci il 2-ci sayı, səh. 4) belə qeyd olunurdu: “Azərbaycan Respublikasının quruca adı belə İran dövləti üçün daim təhlükə mənbəyi olacaqdır”. Hər iki mərkəzin Qafqaz siyasətində uzlaşdırılmış əsas hədəfləri isə bundan ibarətdir: “İndiki Ermənistan, Azərbaycan və Gürcütan tarix boyu “Böyük Ariya”- fars mədəni-siyasi qatının təsir dairəsində olubdur və bu proses SSRİ-nin dağılması səbəbindən yenidən İranın nəzarətinə keçməlidir”

“Aran” Mədəni Müəssisəsi və Qafqaz

Qumdan və Tehrandan istiqamətləndirilən hədəflərə hesablanmış İrəvan (Ermənistan), Tiflis, Batumi, Sarvan (Marneuli), Rustavi (Gürcüstan), Dərbənd (Dağıstan), Beyləqan, Bakı, Bərdə, Gəncə, Quba, Şəki, Lənkəran, Salyan, Mingəçevir, Sumqayıt və Şuşa (Azərbaycan) şəhərləri daxil olmaqla “Qafqazın 17 şəhəri” strategiyası İranın “Qafqaz siyasəti”nin əsas tərkib hissəsidir. 20 ilə yaxındır ki, bu “17 şəhər” modeli arasında uzlaşdırılan bir sıra şəbəkələr qurulubdur. Buraya, tarixi abidələr, coğrafi, mədəni-dini birliklər, elm və ədəbiyyat xadimlərindən ibarət ictimai qurumların yaradılması, müxtəlif qəzet və jurnalların nəşri, ictimai və sosial yönümlü qurumlar, biznes və maliyyə sektorları daxildir. Bütün bunları uzlaşdırmaq üçün “Aran” Mədəni Müəssisəsi adlı mərkəzi yaradaraq həmin şəbəkələrin koordinasiya şəklində fəaliyyətini nizamlanır.  İranın Tehran, İsfəhan, Yəzd, Qəzvin, Qum, Ərdəbil, Məşhəd, Kirman, Mazəndaran, Rəşt, Lahican, Şiraz və digər universitetlərində çalışan mütəxəssislər tərəfindən hazırlanan layihələr ilk öncə XİN-ə və buradan isə “Aran” Mədəni Müəssisəsinə təqdim olunur. Bu proyektlərdə “Qafqazda iri şəhərlərin və onların çevrəsindəki coğrafi ərazilərin qədim İran torpaqları” mövzusu ilk öncə İranın televiziya və radio kanallarında, qəzet və jurnallarında uzun müddətdir ki, geniş şəkildə təbliğ olunur. Digər tərəfdən isə , bu strategiya bütün orta məktəb və univüersitetlərin dərsliklərinə daxil edilibdir. Bununla da hər bir İran vətəndaşının beynində “Güney Qafqaz İranın tarixi coğrafi ərazisidir” anlayşı mövcuddur. Bu siyasətlə yanaşı parallel şəkildə İran vətəndaşlarının Qafqaz regionları ilə biznes, ticarət və maliyyə əlaqələri də həmin prinsiplərə söykənilməklə istiqamətlərndirilibdir. “Aran” Mədəni Müəssisəsi tərəfindən Qafqazda iddia olunan 17 böyük şəhərdə yaradılan xüsusi nümayəndəliklər isə İranın strateji maraqlarına hesablanan tədbirləri və görülən işləri nizamlayır. Qafqazda fəaliyyət göstərən və İrana məxsus biznes şəbəkələri isə həmin mərkəzin proyektlərinin maliyyələşdirilməsində borcludurlar. Tehrandakı analitiklər qeyd edirlər ki, ölkədəki teokratik rejimi qorumaq üçün “Aran” Mədəni Müəssisəsinin nəzarətində olmaqla Azərbaycan, Ermənistan və Gürcüstanın siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, social, mədəni, dini və digər sahələri barəsində məlumatlar əldə etməklə, İran regionda çevik şəkildə fəaliyyət göztərmək imkanlarını əldə edir. Məhz bu yolla İran Qafqazda başda ABŞ və İsrail, Avropa Birliyi daxil olmaqla böyük güclərin və NATO siyasətinin genişlənməsinin qarşısını almaq, regionda sosial, iqtisadi və demokratik proseslərin inkişafına mane olmaq mümkündür.

Prosesə elmi münasibət və hədəflər

Tehran Universitetinin professoru Cavad Şəfinəjad “Risalət” dərgisində belə qeyd edir: “İranın quzey qonşusu olan Azərbaycan Qafqazda ən böyük dövlətdir. 2008-ci ildən başlayaraq Azərbaycanın milli gəlirləri sürətlə artmaqdadır. Bu ölkənin enerji resursları ilə parallel şəkildə digər iqtisadi sahələrin inkişaf etməsi İran üçün artıq çox ciddi problemlərə səbəb olacaqdır. Buna görə də "Aran" Mədəni Müəssisəsi regionda daha çevik fəaliyyət göstərməlidir. Bunu xüsusilə teokratik müstəvidə gücləndirməklə hədəflərimizi modernləşdirmək strategiyası üzərində kökləməliyik”. İsfəhan Universitetinin professoru Mütəfəkkir Azadi isə İranın Azərbaycan və Qafqaz siyasətinə toxunaraq bunları təklif edib: “Qafqaz xalqlarının indiki düşüncə tərzi İranla ortaq tarixi, mədəni və dini hisslər müstəvisində artıq təhlikə mənbəyinə çevrilib. Regionda strateji maraqları olan ölkələr də belə bir prosesdə aktiv rol oynayırlar. İranın strateji maraqları artıq bir sıra hücumlara məruz qalıb. Buna görə də teokratik baxışlar üzərində köklənərək "Fitrət", "Həsrət", "Hicrət" və "İraq" mövzuları ictimai fikirdə genişləndirilməlidir. İran bir dövlət olaraq uzun müddət məhz bu taktika ilə Suriya, Livan, Fələstin və Türkiyədə qurmuş olduğu təsisatları vasitəsilə mövqeyini gücləndirə bilibdir”. Uzun müddət İranın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Əliəsğər Şerdust qeyd edir ki: “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ömrü uzandıqca, İran üçün daha böyük təhlükə mənbəyinə çevirlir. Çünki, Azərbaycanın milli gəlirləri artmaqla, bu dövlətin mədəni həyat tərzinin güclənməsi birbaşa Güney Azərbaycan məsələsinə çox ciddi şəkildə təsir edir. İran Azərbaycan məsələsində ortaya qoyduğu doktrinanın 1-ci mərhələsini çoxdan başa vurub. Biz hal-hazırda 2-ci mərhlənin tamamlanması prosesini izləyirik. 3-cü mərhələyə başlamaq üçün indidən kadr siyasətini daha da gücləndirməyə çalışmalıyıq. Məhz 3-cü mərhələnin sayəsində İrandakı teokratik rejimi qorumaq mümkündür”.   

İdeoloji hədəf və “beyinlərin yuyulması”

Ayətullah Hərəmullahi “İranın Qafqazdakı hədəfləri” əsərində yazır: “Türkiyədən fərqli olaraq, bu gün İran dövləti Azərbaycan və Gürcüstan siyasətində xeyli geridə qalır. Buna görə də, biz Azərbaycanda təsiretmə yollarına daha çox maliyyə sərf etməliyik. İctimai təsir vasitəsi qismində iki ölkə ziyalılarının arasında “obyektiv əlaqələr”in gücləndirilməsi, ağır həyat şəraiti olan elmi işçilərə “xüsusi qayğıların göstərilməsi”, Azərbaycanın hər yerində fars dilinə olan marağın artırılması (xüsusilə dindarlar arasında) və lazım olan ədəbiyyatın pulsuz və ya çox ucuz qiymətə satışının təşkili,  əruz vəznində yazılan müasir ədəbiyyatın təbliğinin genişləndirilməsi və digər təsir vasitələri çoxşaxəli forma və məzmunda əsas həyat mənbəyinə çevrilməlidir”. Yəzd Univesitetinin professoru, “Qafqazdakı böhranlar” üzrə ən böyük mütəxəssislərdən biri hesab olunan Əmir Əhmədiyan ”Qafqaza doğru” tədqiatında yazır: “Qafqazda İranın təhlükəsizliyi strateji hədəflər coğrafi hədəflər müstəvisində inkişaf etdirilməlidir. Bu sırada Qafqazın 17 şəhəri ən böyük strateji maraq dairəmiz olmaqla yanaşı, həmin  regionları daim İranın təsir dairəsində saxlamalıyıq. Xüsusilə cəmiyyətə təsir vasitəsi kimi İranda dini təhsil almış kadrların “teoloq alimlər” modeli qismində dini-mənəvi sahədə ön sırada durmalıyıq. Məhz bu kadrlar ordusunun sayəsində Qafqazın keçmiş İran ərazisi olmasını ictimai fikirdə təsirini gücləndirə bilərik. Bu sırada Azərbaycanın vilayətlər (region) qismində idarə olunması modelinin tətbiq olunmasına çalışmalıyıq. Çünki, hər bir region özünün coğrafi şəraitlə uzlaşan iqlim qurşğanın fəlsəfəsinə bağlıdır”. Uzun müddət İran xüsusi təhlükəsizlik xidmətinin əməkdaşı qismində Türkiyədə fəalıiyyət göstərmiş Əkbər Gənci Azərbaycanla bağlı bu ölkənin XİN-i üçün hazırladığı 200 səhifəlik hesabatında açıq şəkildə qeyd etmişdir ki: “Azərbaycan Respublikası hər qarış torpağı üstündə müstəqil olana qədər İran üçün daim təhlükə mənbəyidir”. Təbrizdə fəaliyyət göstərən “Səhər TV” kanalının rəhbəri olan Əsgər Fərdi hələ ötən yüzilin 90-cı illərində Azərbaycan, Ermənistan və Gürcüstana səfərlər edərək “Qafqazın 17 şəhəri” mövzusunda 40 bülümdən ibarət sənədli televizya filmini çəkibdir. Bu filmdə açıq şəkildə qeyd olunur ki, Qarabağ qədim İran vilayətlərindən biridir və indi bu torpaqları Ermənistan deyil, xarici qüvvələr işğal ediblər. Qarabağ savaşı Ermənistan-Azərbaycan məsələsi deyil, bu, daha çox NATO və İran savaşının müstəvisində baş veribdir. İran heç bir vəchlə bu torpaqların Azərbaycannın tərkibinə qatılmasına imkan verməməlidir. Çünki, Qarabağ Azərbaycanın ərazisi olaraq birlşdirilərsə, sırada İrandakı teokratik rejim üçün böyük təhlükələr ortaya çıxacaqdır. Buna görə də İranda təhsil almış kadrların sayəsində Azərbaycan əhalisinin diqqəti Qarabağa deyil, daha çox “Fələstin məsələsi”nə yönəldilməlidir.  

Elmi tədqiqatlarda təhriflər   

Son 20 ildə İranda Azərbaycan və Qafqaz tarixi barədə planlı şəkildə təhrif olunmuş hədəflərə hesablanılan və nəşr edilən bütün elmi tədqiqat əsərləri Azərbaycan dövlətinin ərazisində yayılmaqdadır. Bununla yanaşı İranda təhsil almağa gedən gənclər də elə həmin elmi əsərlərin ruhunda yetişdirilirlər. Bu sırada Əhməd Həmədani, Rza İnayətullah, Zəkəriyyə Qəzvini, Həmdullah Mustofi,  Məhəmməd Hüseyn Xələfi, Abdullah Bəşşari Muqəddəsi, Bəhram Əmirəhmədiyan və digər müəlliflərin  “Qafqazın mükəmməl coğrafiyası” strategiyasına hesablanmış elmi tədqiqatlar İran dövlətinin maraqlarının hansı məcrada idarə edilməsini təsdiq edir. Bu əsərlərin hamısında qeyd olunur ki: “400 min kv. m. əraziyə malik olan Qafqazda bütün strateji maraqlarını təmin etmək üçün İran bir dövlət olaraq “Qafqazın 17 şəhəri” modeli ətrafında fəaliyyət dairəsini daim inkişaf etdirməlidir. Region xalqlarını bütün təsir vasitələrilə bu siyasətə səfərbər etməklə həm də İran bir dövlət olaraq özünün “milli təhlükəsizliyi”ni təmin etmək imkanları əldə etmiş olur”. Göründüyü kimi İran alimləri məşhur alman coğrafiyaşünas alimi Karl Riterin “coğrafiyasız tarix sərgərdan bir ruh kimidir” modelinə üz tutduqlarını və buna əsas istinad nöqtəsi kimi yanaşdıqlarını heç də gizlətmirlər. “Qafqazın 17 şəhəri” modeli proyekti çərçivəsində bu şəbəkəyə daxil olan bütün infrastrukturlarla birlikdə İran son illər elmi konfranslar və simpoziumlar keçirməklə çevrə dövlətlərində yaratmış olduğu bütün şəbəkələri daim təkmilləşdirmək üçün çox ciddi addımlar atmaqdadır. Türkiyə, İran, Suriya, Azərbaycan, Əfqanıstan, Tacikstan, Ermənistan, Gürcüstan, Qətər, Fələstin isə bu bu proyektə cəlb ediliblər. Azərbaycanın bir dövlət olaraq inkişafının qarşısını alan və süni şəkildə yaradılan bir sıra problemlər də məhz bu növ strategiyaların ucbatından həll olunmamış qalır.

Ənvər BÖRÜSOY 

19:01