İllərin cavabsız sualı:Təhsili repetitor verəcəksə, məktəb nəyə lazımdır?

 

Təhsilimizin bugünkü durumu heç də ürəkaçan deyil. İlbəil aşağı nəticələr göstərən təhsilimizin bərbad duruma düşməsinin ilk səbəbi isə orta məktəblərdəki tədrisin başdansovdu “yola verilməsi”dir. İndi pedaqoqların dərs keçmək həvəsi çox sönükdür. Təbii ki, bunun da tutarlı əsaslar var. Sirr deyil ki, müəllimlərimiz aşağı əməkhaqqı alırlar. Müəllim sinifdə 45 dəqiqə ərzində dərs keçməkdənsə, dərsdən sonra repetitorluq fəaliyyətini daha üstün tutur.

Çünki bu, onun üçün gəlir mənbəyidir. Qazancın az olması müəllimin məsuliyyət hissini və tələbkarlığını aşağı salır. Düşünür ki, sinifdə 25-28 nəfərə dərs keçib 150-200 manat məvacib alacaq və aldığı əməkhaqqı da sərf etdiyi enerjiyə dəyməyəcək. Ondansa 5-6 abituiyent hazırlayıb daha çox pul qazanar. Pedaqoqlarımızn təhsilə bu cür yanaşması isə heç də xoş deyil. Bu yanaşma savadlı cəmiyyətin qurulmasına imkan vermir. Eyni zamanda şagirdlərin də dərsə münasibətinə təsir göstərir. Halbuki dərsə marağı şagirdə müəllim yaratmalıdır. Müəllim sinifdə uşaqları elə ələ almalıdır ki, onlar 45 dəqiqənin necə keçdiyini hiss etməsinlər. Onlar bu münasibəti müəlimdən gözlədiyi halda, əksi ilə üzləşirlər. Beləliklə də şagirdin təhsilə həvəsi azalır və getdikcə bu maraq yox olub gedir. Təəssüflər olsun ki, bu durum heç kimi düşündürmür.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov açıqlamasında deyib ki, bu gün Azərbaycan təhsilini repetitorsuz təsəvvür etmək mümkün deyil: "Repetitor bir sözlə təhsilin xilaskarıdır. Orta məktəb müəllimi gündəlik olaraq dərsini keçir və ümumi əsaslarla tədrisini qurur. Repititor isə qısa müddətdə həm yeni mövzuları keçir, həm də tez - tez keçirilən mövzuları təkrar edir. Düzdür, məhz orta məktəbdə müəllimlərin öyrətdiyi ilkin bilik və bacarıqları repetitor ali məktəblərə qəbul imtahanları üçün istifadə edir. Lakin yuxarı sinifdə oxuyan şagirdin aşağı sinifdə oxuyanda keçdiyi mövzuları yenidən oxumaq, təkrarlamaq imkanı yoxdur. Ali məktəblərə qəbul imtahanlarında isə məhz ondan bütün tədris ilində öyrəndiyi biliklər soruşulur”.

Ekspertin sözlərinə görə, orta məktəbin funksiyaları ali məktəblərə qəbul üçün abituriyentlər hazırlamaq deyil, onlar şəxsiyyət yetişməsi üçün fəaliyyət göstərirlər: “Repetitor isə ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün abituriyent hazırlığını həyata keçirir. Ali məktəblərə qəbul məhz orta məktəb proqramı üzrə həyata keçirilir, lakin orta məktəbdə aşağı siniflərdə keçirilən dərslər təkrar edilmir. Bundan əlavə orta məktəbdə test tapşırığı repetitor yanında olduğu qədər çox və dərindən öyrədilmir. Belə olanda orta məktəb müəllimlərinin də dərs keçməyə həvəsləri qalmır. Daha doğrusu onlardan da repetitorluq edənlər var. Fikirləşirlər ki, şagird yanına gəlib öyrənəcək, bunun üçün əziyyət çəkməsin. Təəssüflər olsun ki, hal hazırda orta məktəblərdə dərs deyən bəzi müəllimlər dərs prosesində yüksək səviyyədə və ciddi şəkildə dərs keçmir ki, şagirdlər onun yanına hazırlığa gəlsinlər. Bəzi hallarda isə bu məcburi xarakter daşıyır”.

Cebhe.info

Alçina Amilqızı

 

10:01