“Hər an çantamı götürüb hava limanına qaçmağa hazıram” - Qürbətdəki xalq artisti...

“Bütün televiziya kanallarında mənə qadağa qoyulub”

 

Xudaferin.eu xəbər verir ki, AYNA TV-nin növbəti qonağı Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, uzun müddətdir Şimali Kiprdə yaşayıb-yaradan Cavanşir Quliyev olub.
 
- Cavanşir müəllim, hər dəfə gələndə Vətən sizi daha çox müsbət mənada təəccübləndirir, yoxsa mənfilərimiz daha çoxdur?
 
- Təbii ki, hər ikisi var, amma təəssüf ki, insanların yaşayışı baxımından yaxşıya doğru dəyişiklik görmürəm. Hökumətin bəyanlarına baxmayaraq, insanların yaşam səviyyəsi aşağı düşür. Küçədə rastlaşdığım insanlar qiymətlərin qalxmasından şikayətlənirlər. Bəlkə 4-5 insan yaxşı yaşayır, ancaq mən eləsinə rast gəlmədim.
 
- Vətənə gələndə televiziya kanalları, media qurumları sizi qonaq dəvət edirmi?
 
- Televziyalarda çalışanlar gəlişimdən xəbər tutanda, görüşmək, dəvət etmək istəyirlər. Ancaq bütün televiziya kanallarında mənə qadağa qoyulub. Hər kəs bilir ki, televiziyalarda tutulmuş “qara siyahılar”da tənqidçi ziyalılarla bərabər mənim də adım var. Təxminən, bir ay qabaq mənə zəng edib dedilər ki, Azərbaycan Dövlət Televiziyasında yeni tamaşa hazırlanır və məndən də tamaşanın musiqilərini yazmaq xahiş olundu. Pyesi göndərdilər, danışdıq, işə başladıq. Ancaq bir həftə sonra həmin adam mənə zəng edib, utana-utana, “televiziyanın rəhbəri Rövşən Məmmədov məni çağırıb dedi ki, tamaşanın musiqilərini Cavanşir Quliyev yazmayacaq, çıxarın onu, başqa adam tapın” - dedi. Bu gün də rəsmi olaraq bunun səbəbini bilmirəm. Rövşən Məmmədovu görməmişəm, tanımıram, heç vaxt münasibətimiz olmayıb. Deməli, bu, onun yox, ondan yuxarıda olanların qərarıdır. Əgər yanlış deyirəmsə, biri cəsarətli olsun və mənə kütləvi informasiya vasitələri ilə cavab versin.
 
Peşəmi icra etməyə imkan vermirlər, bununla da Azərbaycan Respublikasının Konstitusiyası pozulur. Çünki Konstitusiya insanlara peşəsini icra etmək zəmanəti verir. Mənə qarşı bu maddə pozulur. Belə işlərin ucbatından Azərbaycandan getdim. Elə həftə olmurdu ki, buna bənzər hadisə baş verməsin. İnsanın sinir sistemi buna tab gətirmir, yaradıclıq, yazmaq-pozmaq insanın yadına düşmür.
 
Çox maraqlıdır ki, bunu edən adamlar Hüseyn Cavidin yaradıclığı ilə çox sıx maraqlanırlar. Hüseyn Cavidi türkcəyə tərcümə etdirirlər, Türkiyədə tamaşa səhnələşdirilir, adam vəzifəsini buraxıb, Bakıdan o tamaşaya baxmağa gedir. Təəccüb edirsən ki, burda Cavidə qayğı göstərir, onun qədər olmasa belə, digər tərəfdən başqa bir sənət adamını "öldürür". İnsanın neçə sifəti olar? Belə hallarla üzləşəndə, deyirəm, "nə yaxşı ki, getdim".
 
- İnsan kənardan öz eyiblərini, əyər-əskiklərini daha yaxşı görür. Azərbaycan mədəniyyətinin, incəsənətinin, xüsusilə musiqisinin bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?
 
- Azərbaycanda musiqi sahəsində çalışanların gecə-gündüz düşündükləri ancaq bir şey var: “Hökumətdən növbəti mükafatı hansı yolla alım?” Sənəti inkişaf etdirməyi düşünmürlər, çünki gördülər ki, sənətə dəyər verən yoxdur. İrəli getmək üçün özünü haradasa kiməsə göstərməlisən, hökumətə yaltaqlanmalısan, dövlət tədbirlərində çıxış etməlisən və bundan sonra kabinetləri gəzməyə başlamalısan ki, “bəs, yuxarıya məktub yazın, mənim növbəti ordenimi, mükafatımı və s. versinlər”. Tanıdığım, gördüyüm musiqiçilərin 90 faizinin beyni bununla məşğuldur. Acınacaqlısı odur ki, hökumət bu vəziyyəti təşviq edir, durmadan mükafat paylayır. Bütün mükafatlar devalvasiyaya uğrayıb, indi mükafat daşımamaq daha şərəflidir.
 
Tək musiqidə yox, heç bir sahədə ciddi bədii nailiyyət yoxdur. Bu gün bir Mirzə Cəlil, Üzeyir bəy, Qara Qarayev yoxdur. Çox təhlükəli yoldayıq, bədii sənətin hər növündə nəsillər dəyişərkən, hər yeni nəsil özündən əvvəlkindən keyfiyyətcə aşağı səviyyəyə düşür. Musiqidə də, teatrda da vəziyyət belədir. Bir qədər rəssamlar özlərini qoruyub saxlaya biliblər.
 
“Azərbaycanın dövlət himni dünyanın ən yaxşı 5-6 himnindən biridir”
 
- Ara-sıra bəzi şəxslər, o cümlədən də millət vəkillərimiz tərəfindən himnimizin dəyişdirilməsi təklif olunur. İddia edirlər ki, Üzeyir bəy himni mərsiyə üstündə yazıb. Bu barədə fikirləriniz maraqlı olar.
 
- Bunu deyən adam heç mərsiyənin nə olduğunu bilmir. Hesab edirəm ki, məsələ Üzeyir bəy deyil, məsələ Məhəmməd Əmin Rəsulzadədir. Çünki himnin yaranmasında Rəsulzadənin də payı var və hər dəfə himn səslənəndə orada Rəsulzadənin xatirəsi duyulur. Azərbaycanın himni dünyanın ən yaxşı 5-6 himnindən biridir, əksini deyənlər gəlsinlər, sübut edək. İnternetdə 200-dən çox ölkənin himni var, açaq, bir-bir dinləyək, qulağı, anlayışı, bir az da vicdanı olan adam boynuna alacaq ki, Azərbaycan himni çox gözəldir.
 
- Etiraf edək ki, xalq olaraq ermənilərə uduzmuşuq. Torpaqlarımızın bir hissəsi onların əsarətindədir. Sizcə, musiqidə də uduzuruq?
 
- Bəzən mahnılarımızı oğurlayırlar, oxuyurlar, Bu, əvvəldən belə olub, indi də edirlər. Ancaq məsələ bu müstəvidən o tərəfə keçməyib. Ciddi müzakirə başlasa, heç vaxt masaya gəlməzlər. Sovet dövründə bir-iki dəfə belə cəhdlər oldu, biz onları dəvət etdik, elə ilk araşdırmadan durub getdilər. Gördülər ki, haqsızdırlar, muğam üstündə qurulan mahnılar erməninin ola bilməz.
 
Amma etiraf etməliyik ki, ermənilər milli məsələlərdə, özəlliklə Qarabağ məsələsində birləşməyi bacarırlar. Təəssüf ki, biz bunu edə bilmirik. Hesab edirəm ki, ermənilərlə mübarizə o qədər də çətin deyil. Azərbaycan insan resursları baxımından güclü ölkədir. Ermənilərin öhdəsindən gələ biləcək gücə malikdir. İnanıram ki, biz görməsək də, torpaqlarımız geri qaytarılacaq, Azərbaycan heç vaxt erməniyə deməz ki, “Qarabağ səndə qalsın”.
 
“Nizamidən, Əzizə Mustafazadədən başqa heç kimi tanımırlar”
 
- Millət olaraq özümüzü xarici ölkələrdə olduğumuz kimi təbliğ edə bilirikmi?
 
- Özümüzü Türkiyədə təbliğ etməyimizə ehtiyac yoxdur, çünki orda bizi sevirlər. Hesab edirəm ki, özümüzü Avropada, Amerikada da cəmiyyət olaraq tanıtmağımıza ehtiyac yoxdur. Avropaya, Amerikaya çox gedib-gəldim, ancaq heç vaxt görmədim ki, oradakı cəmiyyət özünü mənə tanıtmaq istəsin. Onlar deyirlər ki, mən səninçün maraqlıyamsa, özün məni tanı, istəmirsənsə, tanıma. Həmişə özümə sual verirəm ki, bu tanıtmaq Azərbaycana nə verəcək? Qarabağı qaytaracaqmı? Xeyr. Sənə olduğundan artıq dəyər verəcəklərmi? Xeyr. Çünki dəyər verən adam özü gedib axtarır, araşdırır, dəyərini verir. Bizim təbliğatımız, özünü tanıtmağımız boşunadır, Nizamidən, Əzizə Mustafazadədən başqa heç kimi tanımırlar. Əzizəni də dövlət tanıtmayıb, özü özünü tanıtdırıb.
 
- İstərdim ki, bir qədər də yaradıcılığınızdan danışaq. Bu yaxınlarda Azərbaycan musiqisinə 2 cildilik “Divan” ərməğan etdiniz.
 
- “Divan” ömrüm boyu yazdığım, ən önəmli hesab etdiyim əsərlərimin toplusudur. Mahnılarım yoxdur “Divan”da. Çünki bu, "Divan" olduğundan əsərlər tərz, stil, fəlsəfə baxımından bir-birinə uyuşmalıdır. Musiqi əsəri olsa belə, bir sistemə tabe olmalıdır. Ömrümün böyük bir hissəsini bu nəşrdə topladım, bundan sonra heç nə etməsəm də, olar.
 
“Xəstə adamdan necə qaçırlarsa, məndən də elə qaçırlar”
 
- Nədənsə “Divan”ın Azərbaycanda təqdimatını etmədiniz?
 
-  Bayaq dedim axı, məni heç yerə qoymurlar. İnsanlar qorxur, çəkinir, xəstə adamdan necə qaçırlarsa, məndən də elə qaçırlar. Bundan qabaq 4 cildlik kitabım çap olunmuşdu, Bəstəkarlar İttifaqına getdim, dedim ki, təqdimat etmək istəyirəm. Ancaq mənə divarları arasında böyüdüyüm salonu vermədilər. Aşağıda kiçik mətbuat konfransı salonu var, oranı təklif etdilər. Bildilər ki, mənə icazə versələr, yuxarıdan onlara söz gələcək. Dediyim kimi, dostlarım belə, məndən qaçır. Mənimlə bağlı şahidi olduqları məsələləri məndən gizlədirlər. Mən indi Müşfiqi də, Hüseyn Cavidi də yaxşı başa düşürəm, onların düşdüyü psixoloji vəziyyəti daha yaxşı anlayıram. Çünki özüm də yavaş-yavaş o vəziyyətə düşürəm. Zəmanə başqa olsa da, insana eyni dərəcədə ağrı-acı verirlər.
 
- Yaradıcılığınızda başqa nə kimi yeniliklər var?
 
- Yenilik çoxdur, 3 balet yazmışam. Səhnələşdirilməsi üçün Mədəniyyət Nazirliyinə müraciət etdim. Cavab verdilər ki, mən bu məsələ ilə bağlı teatra müaciət etməliyəm.
 
- Bir ara ölkənin ən tanınmış musiqiçiləri sizin mahnılarınızı oxuyurdular. İndi də sizdən mahnı istəyirlərmi?
 
- Nəinki istəyirlər, mən təklif edəndə belə, qaçırlar. Əllərimlə yetişdirdiyim, yemək-içməklərinə, yaşamlarına qədər nəzarət etdiklərim məni görəndə sevinirlər, ancaq işə çatanda qaçırlar, oxumurlar. Kifayət qədər mahnılarım var, oxuyan isə yoxdur.
 
- Digər ölkələrin musiqiçiləri necə?
 
-  Türkiyədə mahnılar vermişəm, TRT ilə işbirliyim olub, 5-6 teatr tamaşasına musiqi yazmışam. İndi də bəzi layihələr var, müəyyən işlər görürəm. Ancaq insan istəyir ki, vətənində olsun, vətənində yazıb-yaratsın.
 
- Şimali Kiprdə müəllimlik edirsiniz. Tələbələrin səviyyəsi qane edirmi sizi?
 
- Şimali Kipr Yaxın Doğu Universitetində sənhə sənətlərinin dekanıyam. Tələbələr, əsasən Türkiyədən gəlir, az da olsa, Azərbaycandan da gələnlər də var. Çox sevirəm oradakı tələbələri. İnstitutu bitirəndən müəllimlik edirəm, ancaq oradakı tələbələrin oxumaq, öyrənmək istəyini buradakı tələbələrdə görməmişdim. Birinci kursa gələn tələbə peşəni o qədər öyrənir ki, dördüncü kursu bitirəndə artıq həmin tələbəni tanımırsan, çiçək kimi açır.
 
- Bu gün Azərbaycanın hansısa universitetindən iş təklifi gəlsə, vətəndə yaşamaq üçün şərait yaradılsa, qayıdarsınızmı?
 
-  Hər an, hər saniyə çantamı götürüb hava limanına qaçmağa hazıram. Ancaq burda mənimçün mənəvi mühit rahat olmalıdır.
 
- Bildiyimiz kimi, "Əsgər marşı"nı siz yazmısınız. Ürəyinizdən "Qələbə marşı"nı da yazmaq keçirmi?
 
- Qələbə həqiqət olmalıdır ki, o mövzulu əsərlər də yaransın. Qələbə ilə bağlı öncədən nəsə yazmaq olmaz. Əsgər Marşını da Şuşada, Laçında ilk dəfə Azərbaycan ordusunu görəndən sonra yazmışdım. O vaxtkı vəziyyət yaratdı o marşı. Qələbəyə doğru əmin addımlarla getməliyik ki, içimizdə sevinc yaransın, yazıb-yaradaq.
 
- Sizcə o gün çox uzaqdır?
 
- Mən hələ görmürəm o günü. Çünki tərpəniş yoxdur. Hazırlıq var, ancaq hələ havada qələbə qoxusu yoxdur. Əminəm ki, mən görməsəm də, o gün mütləq olacaq.

09:16