Əhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm

Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunu demək olar ki, müəyyən qisim təbəqədə tanımayan kimsə yoxdur. Onların istər Azərbaycandakı fəaliyyətləri, istərsə də Türkiyəyə mühacirət etdikdən sonra oradakı faəliyyətləri haqqında məlumatlıyıq. Bəllidir ki, Əhməd bəyin Əli bəy Hüseynzadəyə bir çox məktublar var. Bu gün həmin məktublardan birini - fransızcadan çevrilən həmin məktubu təqdim edirik. Məktubların tərtibçisi Yılmaz Özkayanın təxmininə görə, məktub 1905-ci ildə yazılıb. Məktubun fransız dilində yazılmağına gəlincə, qeyd edək ki, Əhməd bəy ali təhsilini Fransada almışdır.

“Sevimli Əli Bəy,

Necəsən? Gündəlik bir qəzeti idarə etmək asandırmı? Canım dostum, səndən yalnız ermənilərə çox üz verməməni xahiş edirəm, çünki bu onları hədsiz dərəcədə cəsarətləndirir. Bir də yazılarda çox elmi dil istifadə etmək oxucuları yoracaq, bundan da qaçmaq lazımdır. Qəzet üçün material çatışmamazlığından narahat olmağa ehtiyac yoxdur, həmişə artıqlaması ilə material göndərməyə çalışacam.

Bu yazıyla birlikdə, bir manşet mövzusu və bir sıra daxili və xarici xəbərlər göndərirəm. Bu xəbərləri sıralamışam. Mehdiyə deyərsən ki, nömrə sırasına görə silsilə düzsün, çünki bu sıralamağı xəbərlərin əhəmiyyətinə görə etdim.

Bazar ertəsi şəhərə geri gələcəyim, o üzdən sən də bura gəlib bir həftə dincələ bilərsən.

Mehdi və digərlərinə salam de.

Qardaşın Əhməd”

Təqdim etdi: Rəşad Sahil

10:27