Gürcüstan Sərhəd Polisi insidentlə bağlı açıqlama verdi – “Azərbaycanlı sərhədçilər ikonaları götürərək…”

Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze Keşikçi Dağı Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib.

Xudaferin.eu “Report”a istinadən xəbər verir ki, o, jurnalistlərə azərbaycanlı sərhədçilərin məbəddən ikonaları götürməsinin səbəbini açıqlayıb.

Gürcüstan rəsmisi deyib ki, Azərbaycan tərəfi ikonaları onların zədələnməməsi üçün məbəddən götürüb: “Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər”.

Xatırladaq ki, Keşikçidağda bir qrup Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alıb. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu  sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, gürcü sərhədçiləri hadisə yerində olsalar da, kadrlarda da göründüyü kimi onlar faktiki seyrçi mövqeyi tutublar. Mənbələr hadisənin dünən baş verdiyini xəbər verir.

 

xudaferin.eu

15:36