Gənc bəstəkar Arzu Abbasovanın “Qütb ulduzu” əsəri dünya premyerasında

 

 

Bu fikir Serbiyada keçirilən “Gənclik sülh və ədalət yolunda” layihəsinin təşkil etdiyi “Donne in Musica” Cəmiyyətinin mətbuat xülasəsində yer alıb. Kraquyevaçda 14-cü Beynəlxalq “Donne in Musica” (“Qadınlar musiqidə”) müsabiqəsi keçirilib. “Qadınlar Musiqidə” Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə gənc musiqiçilər, musiqi məktəblərinin şagirdləri və incəsənət fakültəsinin tələbələri iştirak ediblər.

Müsabiqənin məqsədi qadınların bəstəkarlıq və musiqi istedadlarının təsdiqini tapmasıdır. Gənc azərbaycanlı bəstəkar Arzu Abbasovanın “Qütb ulduzu” adlı kompozisiyasının dünya premyerası müsabiqənin diqqət mərkəzində olub. Əsəri professor Vladimir Koxun rəhbərliyi altında Mitroviç incəsənət fakültəsinin tələbələri - skripkaçılar Ana Radosavlyeviç və Miliçsa Mladenoviç ifa ediblər. Müsabiqənin ideya müəllifi və təşkilatçısı bəstəkar, professor Voyna Nesiçdir.

Gənc və istedadlı bəstəkar tərəfindən bəstələnmiş “Qütb ulduzu” əsəri 2016-cı ilin noyabrında Nyu-Yorkda keçirilən “MuSE”(Multicultual Sonic Evalution) gənc bəstəkarların IV beynəlxalq müsabiqəsində 1-ci yer tutub və “Sounds of Arts Festival” daxilində Secret Theatre in Long Island City-də tanınmış musiqiçilər tərəfindən səsləndirilib.

Qeyd edək ki, “Donna in Musica” müsabiqəsinə ilk dəfə Arzu Abbasova 2015-ci ildə qatılıb və böyük uğura imza atıb. Serbiyada keçirilən və 100-dən çox ölkənin iştirak etdiyi müsabiqədə, müəllif müxtəlif nominasiyalar üzrə 3 əsəri ilə qalib olub. Gənc bəstəkar “Cənnət lövhələri” adlı proqramlı süitasına görə müsabiqənin “Gənc və perspektivli bəstəkarı” adını qazanıb. 2017-ci ilin martında Lüksemburq krallığında keçirilən “Artistes en Herbe” bəstəkarların IV beynəlxalq müsabiqəsində gənc bəstəkar öz növbəti uğuruna imza atıb. Bəstəkarın “Ötəri anlar” əsəri 242 bəstə içərisindən seçilərək 16-19 yaş kateqoriyasında 3-cü yerə layiq görülüb və yarışmanın laureatı adını qazanıb. Qalib əsər Lüksemburq Konservatoriyasında səslənəcək.

Arzu Abbasova ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin 1-ci kurs tələbəsidir. Təhsilə başladığı ilk günlərdən universitetin nəzdində fəaliyyət göstərən Music Clubun rəhbəri seçilib və il ərzində ADA kollektivi qarşısında maraqlı konsert proqramları ilə çıxış edib. Eyni zamanda, “Gənclərə dəstək layihəsi” çərçivəsində keçirilən konsert proqramlarında dəfələrlə öz bəstələdiyi musiqi əsərləri ilə Azərbaycanın tanınmış konsert zallarında çıxış edib. Arzu Abbasova bəstəkarlıq təhsilini isə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində alıb və 2016-cı ildə bəstəkarlıq fakültəsinin məzunu olub. Musiqi məktəbində təhsil aldığı dövrdə dəfələrlə respublika və beynəlxalq müsabiqələr laureatı olub. Ötən müddət ərzində onun əsərləri bir sıra yerli və beynəlxalq müsabiqələrdə birincilik qazanıb. Hazırda A.Abbasovanın musiqi əsərləri dünyanın bir sıra ölkələrində konsert proqramına daxil edilib və tanınmış ifaçılar tərəfindən səsləndirilir. Onun müəllimi bəstəkar Pikə Axundovadır.

Xudaferin.eu
“Avropa Bürosu”

10:59