Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməklə beynəlxalq öhdəlikləri açıq şəkildə pozur

Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə koordinatorluğu İkinci Qarabağ müharibəsində işğaldan azad edilən minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən qərəzli şəkildə hələ də Azərbaycana təqdim edilməməsi ilə bağlı bəyanat yayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Milli Platformanın Türkiyə koordinatoru Elvin Abdurahmanlının imzası ilə yayımlanan bəyanatda deyilir: “Otuz ilə yaxındır Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayan Ermənistan, qəsdən bu ərazilərə minalar yerləşdirib və bu səbəbdən də çox sayda Azərbaycan hərbçisi və mülki əhalisi həyatını itirib. Ermənistan artıq beynəlxalq öhdəlikləri açıq şəkildə pozaraq minalanmış ərazilərin yeri barədə məlumat verməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Azərbaycan işğaldan azad edilən ərazilərdə həm hərbi, həm də mülki əhalinin həyatı, təhlükəsizliyi və dolanışığı üçün böyük təhlükə yaradan ciddi mina təhlükəsi ilə qarşılaşır. Bu ərazilərə yerləşdirilən kütləvi minalar yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz şəkildə qayıtması baxımından beynəlxalq hüququn həyata keçirilməsinə xələl yetirir.

Təxminən otuz ildir evlərini tərk etmək məcburiyyəti qarşısında qalan azərbaycanlı ailələr, bu minalar təmizlənməyincə hələ də təhlükəsiz şəkildə yurd-yuvalarına qayıda bilmirlər. Ermənilər tərəfindən Azərbaycan torpaqlarının qanunsuz işğalı dövründə minaların bu ərazilərə geniş miqyasda yerləşdirilməsi azərbaycanlı mülkü əhalinin adıgedən bölgədən çıxarılması istiqamətində aparılan siyasətin bir növüdür. Etnik təmizləməyə məruz qalan yüz minlərlə azərbaycanlının öz vətəninə qayıtmasına mane olan bu minalar Ermənistanın yürütdüyü siyasətin həqiqi üzünü açıq şəkildə ortaya qoyur. Ermənistanın təcavüzkar siyasəti bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar olmasına ciddi maneələr törədir. Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə koordinatorluğu olaraq Ermənistanın Azərbaycanın işğaldan azad edilən torpaqlarına yerləşdirdiyi minaların bölgə üçün ciddi təhlükə yaratdığını bir daha bəyan edir və Ermənistan tərəfinin bu ərazilərin xəritələrini bölüşməkdən imtina etməsindən ciddi narahatlıq hissi keçirdiyimizi bildiririk.

Bir daha qeyd edirik ki, bölgədə davamlı sülhün bərqərar olunması baxımından bu xəritələrin Azərbaycana verilməsi mühüm əhəmiyyət kəsb edir”.

 

Günel Məlikova

Xudaferin.eu

15:10