Erməni ekspert: “Qarabağda, hətta Zəngəzurda heç kim qalmayacaq”

 

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü ərəfəsində Ermənistanda yenidən Kremlin "İrəvana təzyiqlərindən” danışılmağa başlanıb.

"Əgər erməni tərəfi keçmiş Dağlıq Qarabağ Muxtar Vilyatinin ətrafındakı əraziləri güzəştə getsə, heç bir ikinci variant və ya iradə olmayacaq: Qarabağda, hətta Zəngəzurda heç kim qalmayacaq”. Belə bir açıqlama ilə "Modus Vivendi” analitik mərkəzinin rəhbəri, ekspert Ara Papyan çıxış edib.Onun sözlərinə görə, hər şey birinci mərhələdə bitəcək və hər şeyi yaxşı təsəvvür edir. XİN rəhbərlərinin 28 aprel Moskva görüşündən gözləntiləri barədə sualın cavabında Papyan Bakının prinsipial mövqeyinə diqqətçəkib. Onun sözlərinə görə, Azərbaycan tərəf dəfələrlə təkid edib və təkid edir ki, onun üçün səmərəli həll yolu Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasından keçir. Bu mənada ekspert qarşıdakı görüşdən müsbət gözləntilərinin olmadığını deyib. Əlavə edib ki, qarşıdakı istənilən görüş Rusiyanın Ermənistana təzyiqlərlə müşayiət olunacaq ki, İrəvan şərti adı "Lavrov planı”ndakı güzəştlərə getsin.

"Açıq-aydın görünür ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə girməsilə biz ən güclü kartı Rusiyaya vermişik”-deyən Papyanın iddiasına görə, bu gün Moskva Azərbaycanın Avrasiya Birliyinə üzvlüyünə nail olmasından ötrü Qarabağ kartından yararlana bilər. "Bunun üçün yeganə məsələ Qarabağdır. Rusiya artıq Qarabağla bağlı 1921-ci il ssenarisini təkrar etmək haqqında açıq danışır. Onlar bunu həyata keçirə biləcəklərmi, mən bilmirəm”-ekspert əlavə edib.

Vaxtaşırı "Rusiya bizi satdı” şivənini qoparan erməni ekspertlər tarixi saxtalaşdırmağa adət etdiklərindən, 1920-21-ci illərin əslində Azərbaycanın tarixi üçün qara səhifələrdən ibarət olduğunu ört-basdır etməyə, özlərini "zərərçəkən” kimi göstərməyə çalışırlar. Əslində isə o zaman, 1920-ci ilin 28 aprelində dövlətimizi süquta yetirən Sovet Rusiyası 100 min kv.km-lik Azərbaycan ərazilərinin böyük bir hissəsini - Zəngəzuru mahalını qoparıb Ermənistana bağışladı. Növbəti il isə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaqla ermənilərin gələcək iddialarına da zəmin yaratdı.

Bakı Post

 

09:27