Elman Mustafazadədən ilginc iddia: “Barışı pozan, Avropanı iqtidarın üstünə salan Hafiz Hacıyevdir”

“Söyüş ritorikası” ilə bağlı Hafiz Hacıyevə ittihamlar

“Avropada “Azərbaycan Dostları” Cəmiyyətinin sədri, Amsterdamda yaşayan Elman Mustafazadə sosial şəbəkə vasitəsilə ilginc müraciət yayıb. E.Mustafazadə müraciətində son zamanlar ciddi müzakirələrə səbəb olan söyüş ritorikası barədə danışıb.

E.Mustafazadə öncə xatırladıb ki, bir müddət öncə xaricdə yaşayan bəzi müxalifətçilərin ana-bacılarının polisə çağırılmasına etiraz məqsədilə Azərbaycandakı iqtidar nümayəndələrinə və qürbətdəki müxalif gənclərə müraciət edib. Əsasən təhqirlərə son verilməsini istədiyini vurğulayan mühacir eyni zamanda Azərbaycanda müxalifətçilərin ailələrinə təzyiqlərin durdurulmasını tələb etdiyini də yada salıb: “Bunu səmimi qarşılayan da oldu. Bəzi insanlar mənə qarşı etiraz etsələr də, bu, mənim vətəndaşlıq borcum idi. Azərbaycan aydını kimi mövqeyimi bildirməliydim. Bundan sonra Avropadakı bir neçə azərbaycanlı aydın görüşüb qərar verdik ki, qeyri-senzuralı ifadələrdən istifadə edən soydaşlarımızla görüşək. Onların nə istədiyini öyrənək və hər iki tərəflə - həm iqtidar, həm də qürbətdəki mühacirlərlə bir dialoq təşkil edək. Hər ölkə ilə əlaqə yaradacaq koordinatorlar müəyyənləşdirdik. Fransa, Hollandiya, Almaniya və digərləri ilə əlaqə quran, bu işləri öz üzərinə götürən ziyalılarımız var. Mən bir müddət burda olmadım, Bakıda oldum. Qayıdandan sonra bəzi qaranlıq məsələlər aydınlıq oldu. Doğrudan da Avropada bizim bir çox mövqeyimiz sərt ifadələrlə bildirən, senzuradan uzaq ifadələr işlədən bəzi soydaşlar qismən sakitləşmişdilər. Yəqin ki, görüşə də razı idilər. Ən önəmlisi o idi ki, Vidadi İsgəndərli sərt mövqeyindən dayanmışdı və qarşı tərəfdən də addım gözləyirdi”.

 

E.Mustafazadə bildirib ki, həmin ərəfədə hər iki tərəfdə gərginlik olsa da, tolerant yanaşma oldu və təklif müəllifinə qarşı heç bir ağır sözdən istifadə etməyiblər. Mühacirin sözlərinə görə, belə bir anda qarşıdurmada hansısa maraqlı fiqurların olduğu üzə çıxıb: “Son çıxışlarında Hafiz Hacıyev Azərbaycanda siyasi partiyanın rəhbərinə, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin ünvanına sərt ifadələr işlətdi. Bunu İTV-dəki müraciəti zamanı bütün cəmiyyətin önündə etdi. Əli Kərimlinin guya cinsi azlıqlara mənsub olması, Cəmil Həsənlinin qızının guya erməni ilə evli olması barədə dediyi təhqirlər səngiməkdə olan bir odun üstünə benzin tökmək kimi bir şeydir. Mənim nə Əli Kərimliyə, nə də Cəmil Həsənliyə elə bir simpatiyam var. Amma Əli Kərimli bir siyasi partiya rəhbəridir. Azərbaycanın  iqtidarı olduğu kimi, müxalifəti də var. Cəmil Həsənli siyasi təşkilat rəhbəri olmaqla yanaşı, elm xadimidir. Onları təhqir etmək və onların istər Azərbaycanda, istər Azərbaycandan kənarda olan tərəfdarlarını qızışdırmaq, onları sərt addım atmağa təhrik etmək deməkdir”.

Hollandiyada yaşayan soydaşımız vurğulayıb ki, bu qarşıdurmada Azərbaycan hakimiyyətinin dediyi kimi, bəzi ünsürlərin maraqlı olduğu üzə çıxıb. “Bu ünsürlər Hafiz Hacıyev ünsürünü irəli verməklə odun üstünə su yox, benzin tökürlər” deyən E.Mustafazadə bundan sonra qürbətdə olan gənclərlə necə görüşüb, necə danışacaqları barədə sualları olduğunu vurğuladı: “...Hafiz Hacıyev bir bölgəçi, cahil, hər sözünün başında “mənim arxamda 4.5 milyon ermənistanlı durub” deyən biridir. Ya da “Qaçqınkom”un sədri Əli Həsənovu təhqir edir, onun əslən Cəbrayıldan olmasına işarə vuraraq, niyə oradakı mühacirləri  sakitləşdirməməsini soruşur. Və yüngül işarə vurur ki, Avropadan söyüş söyənlər qarabağlılardır. Millətçilər üçün bölgə faktoru yoxdur. Amma Hafiz Hacıyev adlı ünsürə bildirmək istəyirəm ki, Əli Həsənov Cəbrayılda doğula bilər, ancaq əslən Sisyandandır. Qarabağ Azərbaycanın bütün bölgələrinə açıq olub. Hafiz Hacıyev, sənin Avropadan söyüş söydüyünü dediklərindən biri Qarabağda doğulsa da, əslən Sisyandandır, o biri Qafandandır, o biri də sənin öz yerindən Basarkeçərdəndir, anası da Zoddandır. Səni də yaxşı tanıyırlar”.

E.Mustafazadə H.Hacıyevə müraciət edərək insanların söyüş söymə məsələsini onların mənsub olduğu bölgə ilə əlaqələndirməməsini xahiş edib. Mühacirin dediyinə görə,  Qarabağda Azərbaycanın qərbindən olan da, cənublu da, dərbəndli də var:  “Hafiz Hacıyev, sən heç vaxt millətçi də ola bilməzsən. Sən  belə yerdə sülh yaratmaq, bir-birinə əl uzatmaq əvəzinə, siyasi partiya rəhbərlərini təhqir edirsən. Azərbaycanı Suriyaya sürükləmək istəyirsən. Amma Azərbaycanın uzaqgörən aydınları var, onlar buna imkan verməzlər. Tərbiyəsiz bir insanı efirə buraxıb, bütün milləti təhqir edirlər. Baş nazirin müavini də orada iştirak edirdi. Aparıcı və o qonaqlar buna irad tutmurlar. Biz qürbətdə yaşayanlar bu durumdan olduqca narahatıq. Bizimçün bu vəziyyət olduqca dözülməzdir. Qürbətdə yaşayan mühacirlərin ana-bacısı polisə aparılanda da, ordan bura söyüş ünvanlananda da biz düşmənləri özümüzə güldürürük. Əvvəl düşünürdüm ki, bu işlərdə maraqlı olan qüvvələr kənardadır. Amma indi görürəm ki, burada ən çox maraqlı qüvvələr elə Azərbaycanın içindədir. Nə qədər ki, Hafiz Hacıyev kimi ünsürlər var, biz heç bir birliyə nail ola bilməyəcəyik”.

Cəmiyyət sədri sonda ictimaiyyətə müraciət edərək xahiş edib ki, belə şəxslərə danışmaq üçün imkan verməsinlər:“Yaxın həftələrdə Avropada böyük görüş olacaq. Soydaşlarımızı bir tədbirə dəvət edəcəyik. Onların arzularını və istəklərini bilib çalışacağıq ki, barışığa nail olaq. Amma Hafiz Hacıyev kimi ünsürlər olduqca mən bu birliyin baş tutacağına inanmıram. Bununla belə, vətənini, millətini istəyən bölgəsindən asılı olmayaraq vicdanlı soydaşlarımız Azərbaycanda və qürbətdə var. Biz bu qarşıdurmanın baş verməsinə imkan verməyəcəyik. 28 ildir qürbətdəyəm. Hər bir ölkədə iqtidar varsa, onun müxalifəti də var. Mübahisələr, fikir ayrılıqları tərəflər arasında ola bilər. Amma milli məsələlərdə hamısı birdirlər, qardaşdırlar. Nə qədər ki, canımda can var, çalışacam ki, Azərbaycan maraqları olan yerdə hamımız birləşək, bir olaq”.

Bu iddialara cavab almaq üçün prezidentliyə namizəd Hafiz Hacıyevlə əlaqə saxlamaq istəsək də, gün boyu zənglərimizə cavab vermədi. Bildiririk ki, bu iddialara cavab vermək istəsə, H. Hacıyevə də şərait yaradılacaq.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

12:46