Dövlətin kənd təsərrüfatına ayırdığı vəsaitlər niyə fayda vermir?

Vahid Məhərrəmov: «Ayrılan subsidiyanın böyük hissəsi məhsul istehsalçılarına çatmır»

Ciddi maliyyə problemi ilə üzləşən hökumət böhrandan çıxmaq üçün gərəkən addımları atmaq əvəzinə imitasiya ilə məşğuldur. Yaranmış situasiyada hökumət tam fərqli qərarlar verərək, əldə olan maliyyədən də qeyri-səmərəli istifadə edir. Hazırda pambıqçılığın və baramaçılığın inkişafını əsas təbliğat şüarı elan edən hökumət bu sahəyə külli miqdarda vəsait ayırır. Amma hökumətin bundan əvvəlki iqtisadi layihələri onu deməyə əsas verir ki, xərcləmələrin qeyri-şəffaf olması bu sahələrin inkişafına deyil, əksinə tənənzülünə səbəb olacaq.
İqtisadçı Rövşən Ağayevin hesablamalarına görə, 2007-ci ilin fevral və noyabr aylarında qəbul edilən 2 qərarla buğda istehsalına 80 manat subsidiya verilməsinə başlandı. Ötən ildən isə bu 100 manata qaldırıldı. Əlavə olaraq güzəştli qiymətlərlə gübrə verilməyə başlandı. Artıq 10 ildi bu yardım verilir və üst-üstə ən azı 700-800 miıyon manat (1 milyard dollara yaxın) büdcədən vəsait xərclənib. Ona görə, ekspertin fikrincə, dövlət büdcəsi hesabına indiyə qədər xərclənən pulların nəticəsi barədə hesabat verilməlidir. Hökumətin istehsalını təşviq elədiyi sahələrdə hansı dəyişikliklərin baş verdiyi barədə hesabat verilməlidir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, dövlət sırf taxılçılıqla bağlı hər hektar üçün 40 manat vəsait ödəyirdi. 2007-ci ildən kənd təsərrüfatına subsidiya verilməsinə başlandığını deyən V.Məhərrəmov bildirdi ki, yanacağın qiymətinin kompensasiyası üçün də 40 manat nəzərdə tutulmuşdu: «Bu addımların heç bir fayda verməməsinin səbəbini təkcə istehsalın azalması ilə əlaqələndirmək olmaz. Bəzi əməliyyatlar var ki, onlar şəffaf deyil. Həqiqətənmi ölkəyə 1.5 ton buğda gətirilir? Bu suallara cavab yoxdur. Satistika bu rəqəmi göstərir. Amma məndə ciddi şübhə var ki, əslində ölkəyə bu qədər məhsul gətirilmir. Bütün bəlalar Dövlət Taxıl Fondunun yaradılmasından sonra başladı. Necə olurdu ki, əvvəllər ölkəyə 700-800 min ton taxzıl gətirilirdi. Sonradan bu rəqəm iki dəfə artdı. Bu nəyə görə baş verdi? İstehsalmı azaldı? Fermerlər arasında apardığımız araşdırma sübut edir ki, onların bazarla bağlı heç bir problemi yoxdur. Onlar istehsal etdikləri məhsulu sata bilirlər. Emal ilə məşğul olan dəyirmanlar onlardan asanlıqla məhsulu alırlar. Biz hesab edirik ki, taxıla olan tələbat 100 faiz idxalın hesabına ödənilir. Amma burada problem ölkəyə gətirilən məhsulun şəffaflığındadır».
V.Məhərrəmov onu da bildirdi ki, Dövlət Taxıl Fondunun ehtiyatı 750 min tona çatdırılıb. Amma paradoks ondadır ki, ehtiyat artdıqca, tələbat da artır: «Bu sahədə qaranlıq məqamlar var. Amma bu sahədəki problemlərin heç də hamısı istehsalla bağlı deyil. Ayrılan subsidiyanın böyük hissəsi məhsul istehsalçılarına çatmırdı. Bunu biz dedikdən sonra dövlət başçısı da etiraf etdi. Yəni əsasən məmurlar əsasən ayrılan subsidiyalardan bəhrələnirdilər. Subsidiya əgər hər hansı sahənin inkişafına yönəlibsə və bundan kimlərsə istifadə edirsə, deməli ayrılan vəsaitin həmin sahənin inkişafına faydası yoxdur. Amma bəhanə gətirmək ki, ölkədə istehsal olunan məhsulun keyfiyyəti aşağıdır. Bu da düzgün yanaşma deyil».

Xəyal

19:38