Deputat: Azərbaycan Avropa İttifaqının enerji təminatının yeganə alternativ mənbəyi kimi çıxış edir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana və Prezident İlham Əliyevin Moskvaya səfərləri zamanı keçirilən görüşlərdə “Dağlıq Qarabağ” ifadəsi işlədilmədi. Bu, o deməkdir ki, rəşadətli Ordumuzun yaratdığı yeni reallığı dünya liderləri də qəbul edir və postmüharibə dövrünün, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ağrısız keçməsini istəyirlər. Azərbaycan münaqişənin bitdiyini bəyan edərək yeni səhifənin açılması təklifini irəli sürür. Təbii ki, bu səhifə regiona sülh, əmin-amanlıq və yeni əməkdaşlıq formatları gətirəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri çərçivəsində regionlarımızla yaxından tanış olması, Qurban bayramı ərəfəsində Şamaxı Cümə məscidini ziyarət etməsi xalqımızın milli-mənəvi və dini dəyərlərinə göstərilən böyük hörmətin əlaməti kimi xarakterizə olunmalıdır. Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri ilə ikili strateji əməkdaşlıq sənədlərini imzalamış yeganə dövlətdir. Bu gün Avropa İttifaqı ilə Cənubi Qafqazın ticarət dövriyyəsinin 70 faizdən çox hissəsi Azərbaycanın payına düşür. O cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri Avropa İttifaqıdır. Azərbaycanın ticarət dövriyyəsinin 40 faizi, yəni 9 milyard dollardan çox hissəsi Avropa İttifaqının payına düşür. Bundan əlavə, Azərbaycan Avropa İttifaqının enerji təminatının yeganə alternativ mənbəyi kimi çıxış edir. Həm də qeyri-neft məhsullarımızın ixracını Avropa İttifaqı ölkələrinə genişləndirməkdəyik ki, bu sahədə də uğurlu addımlar atılır.
“Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanmasının ərəfəsindəyik. Bu sənədin təsdiqini tapması Aİ ölkələri ilə strateji əməkdaşlıq imkanlarımızı daha da genişləndirəcək. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanla Aİ-nin əməkdaşlığına böyük dəyər verdiyini vurğulaması ölkəmizin regional müstəvidə önəminin göstəricisidir.
İki il əvvəl Avropa İttifaqı Şurasının sabiq Prezidenti Donald Tusk Azərbaycana səfəri zamanı Ələt Beynəlxalq Ticarət Limanı ilə tanış olmuşdu. Bu səfər Azərbaycan-Avropa İttifaqı Şurası münasibətlərinin davamlı inkişafını daha da möhkəmləndirmişdi. Bu, o deməkdir ki, Aİ Azərbaycanın yaratdığı beynəlxalq nəqliyyat-logistika imkanlarına yüksək dəyər verir və bu imkanlardan yararlanmaq istəyir. Bu, həm də Cənubi Qafqazda Avropa İttifaqının əsas tərəfdaşının məhz Azərbaycan olduğunu göstərir”, - deyə A.Badamov qeyd edib.
Qeyd etmək yerinə düşər ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 28 il kağız üzərində qalmasının əsasında məhz qərəzli mövqelər və ikili standartlar dayanmışdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra etdi, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü təmin etdi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin uzun illər həll edə bilmədiyi və yaxud həll etmək istəmədiyi məsələni öz gücümüzlə həll etdik. Azərbaycan ATƏT-in Minsk qrupunun gələcək fəaliyyətini əhəmiyyətsiz etdi.
“Təəssüf ki, Minsk qrupunun bəzi üzvləri yenə də ikili standartlardan və ermənipərəst mövqelərindən əl çəkmir, cəhənnəmə göndərdiyimiz status məsələsini gündəliyə daxil etməyə cəhdlər göstərirlər. Amma Prezident İlham Əliyevin qətiyyətli və tarixi faktlara əsaslanmış uzaqgörən siyasəti bütün təzyiqləri neytrallaşdırır. Dövlətimizin başçısı çıxışında diqqətə çatdırdı ki, bu gün Qarabağda cəmi 25 minə yaxın erməni yaşayır. Müqayisə üçün qeyd etsək, Marseldə 500 min, San-Fransiskoda isə 1 milyona yaxın erməni var. Kim ermənilərə status vermək istəyirsə, buna öz ərazisindən başlasın və ikinci erməni dövlətini yaratsınlar. Biz isə bir dəfə ermənilərə dövlət yaratmağa imkan vermişik. İkinci erməni dövləti Azərbaycan torpaqlarında yarana bilməz. ATƏT-in Minsk qrupuna daxil olan bəzi ölkələr də bunu dərk etməli və Azərbaycanın bu mövqeyini dəstəkləməlidirlər. Çünki yeni reallıq və ədalət bunu tələb edir. Azərbaycan bütün dövlətlərlə ikitərəfli və bərabər əməkdaşlıq etmək əzmindədir. O cümlədən kommunikasiyaların eyni vaxtda və paralel açılması regionda sabitliyin təmin edilməsində əsas amillərdən biri olacaq. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası prosesindən, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycanla Ermənistan arasında münasibətlər qurula bilər. Çünki Ermənistana Azərbaycanla qonşuluq və əməkdaşlıq münasibətlərinin yaradılması hava və su kimi lazımdır. Təəssüf ki, regionda dayanıqlı sülhün və sabitliyin yaranmasına maraqlı olmayan tərəflər var ki, onlar Ermənistanı qızışdırmağa çalışırlar. Onlar anlamalıdırlar ki, bu, artıq mümkün deyil. Azərbaycanın regionda yaratdığı yeni reallığı hamı qəbul etməlidir, alternativi yoxdur və düşünürəm ki, bunun qəbul olunması zamanın məsələsidir”, - deyə Azər Badamov bildirib.
Xudaferin.eu

16:51