Ədalət Yusifov: Yenidən pambıqçılıq?... Məqsəd nədir?...

 

Növbəti təsərrüfat ilinə hazırlıq dövrünün qızğın vaxtı olsa da, kəndli girinc qalıb, nə edəcəyini bilmir. Rəsmi dairələrdən hərə əlinə bir metrə, aparat alıb torpaqları ölçməklə, yerli hakimiyyət orqanlarının nümayəndələri isə istifadədə olan torpaqlarda pambıq əkiləcəyi xəbərdarlığını etməklə kəndlinin əlini işdən soyutmaqdadırlar. İdeyanı bunların başına kimin salmasından asılı olmayaraq bu, dövlətə, millətə və o cümlədən kənd əhalisinə qarşı düşmənçilik məqsədi daşıyır.

Real statistik faktlara diqqət yetirsək, hər şey tam aydınlaşmış olar. Belə ki, bu il respublika üzrə 51 000 hektar sahədə pambıq əkilib. Bu günə qədər cəmi 44 000 ton xam pambıq yığılıb. Bu da hər hektar üçün orta məhsuldarlığın cəmi 8.6 sentner olması deməkdir. Hər ton pambığın tədarük məntəqələrində satış qiyməti cəmi 500 manat müəyyənləşdirilib. Aqrotexniki qaydalara tam riayət etmək şərtilə bir hektar pambığın becərilməsi üçün minimum 600 manat vəsait tələb olunur. Deməli, kəndli hər hektardan 10 sentner pambıq tədarük edərsə, hər hektarda 100 manat itirməyə məhkumdur.
Mən pambıqçılığın tam perspektivsiz sahə olduğunu iddia etmək fikrindən çox uzağam. Bu ideyanı irəli sürənlər pambıqçılığın inkişafı və yüksək məhsuldarlığın təmin olunması üçün lazım olan əsas 4 şərti unutmamalıdırlar:
1. Maddi texniki bazanın vəziyyəti,
2. İxtisaslı kadr bazasının vəziyyəti,
3. Torpaqların pambıq əkini üçün yararlılığının vəziyyəti,
4. Məhsulun yetişdirilməsi üçün tələb olunan iqlim şəraiti.

Bu şərtlərlə bağlı duruma diqqət edək;

1. Birinci şərtin ödənilməsi ilə bağlı tələblərin başında pul dayandığından bunu ödənilmiş sayaq. Sosial problemlər içində çabalayan, torpağı əlindən alınmış kəndlinin çarəsizlikdən qul əvəzi əməyini satacağı məcburiyyətindən işçi qüvvəsinin də həll olunduğunu qəbul edək (Amma bu məsələnin həlli dövlət büdcəsi indiki vəziyyətində çox müşkül məsələdir. Növbəti il üçün nəzərdə tutulan 130 000 ha pambıq sahəsinin əkilib becərilməsi və yığılması üçün 100 000 nəfərdən artıq işçi qüvvəsi, minimum 700 - 800 ədəd pambıqyığan maşın, bir o, qədər şum traktorları, kotanlar, malalar, arxqazan qoşqular, minimum 1300 ədəd becərmə traktoru və qurğuları, gübrələr, dərmanlar və sair lazımdır. Bunlar isə milyonlar deməkdir).
2. Respublikada 25 ildən artıq müddətdir ki, pambıq əkilmədiyindən təcrübəli, ən azı 1200 - 1500 nəfər ixtisaslı kadrdan söhbət gedə bilməz. Kənd təsərrüfatında əlində  diplomu olan hər kəs mütəxəssis hesab edilmir. Təcrübə işdə qazanılır. Bu sahədə isə vəziyyət ürəkaçan deyil.
3. Torpaqların vəziyyəti indiki halda suya az tələbatı olan bitkilərin - yoncanın, taxılın və s. bitkilərin əkilməsi üçün yararlıdır. Belə ki, uzun müddətdir, yəni  20 - 22 ildir faktiki olaraq meliorasiya işləri aparılmadığından respublika boyu suvarılan torpaqlarda qrunt sular üzə çıxmış və bir çox torpaqlar şoranlaşaraq yararsız vəziyyətə düşüb. Belə olan halda fevral ayında başlanacaq arat sularının kollektorların və drenajların işləməməsi səbəbindən may ayının sonuna qədər sahələrdən çəkiləcəyini şübhə altına alır.
4. Və nəhayətdə iqlim şəraiti.
Pambığın normal becərilməsi üçün 6,5 - 7 ay əlverişli hava şəraitinin olması vacibdir. Bu vaxtın 4,5 - 5 ayı bitkinin vegetasiya dövrü, qalan vaxt isə məhsulun yetişməsi və yığım dövrü üçün lazımdır. Son illər iqlim şəraitinin dəyişdiyi təsərrüfatla məşğul olan hər kəsə bəllidir. Aprel ayı əvvəlki illərlə müqayisədə son 10 ildə yağışlı keçdiyindən əkin üçün, oktyabr ayı isə eyni səbəbdən pambığın yetişməsi və yığılması üçün əlverişsizdir. Məhsulun bazardakı qiyməti onun keyfiyyətinə görə müəyyənlişir. Keyfiyyət pambığın lifinin uzunluğu və onun qırılma dərəcəsinə bağlıdır. Yağışlı və soyuq havada isə tam yetişmiş, keyfiyyətli və bazar rəqabətli məhsulun istehsalı praktik olaraq mümkün deyil. Yetişməmiş məhsuldan emal olunmuş kəsik və çürük liflər keyfiyyətinə görə ən yaxşı halda 3 - cü növ qrupa aid olan məhsul dəyərində qiymətləndirilə bilər ki, bu da vətəndaşlar kimi tədarük müəssisələrinin də ziyanla işləməsi deməkdir. Göründüyü kimi adıçəkilən məhsulun əkilməsi iqlim şəraiti baxımından da tamamilə sərfəsizdir. Mən inanıram ki, bu qeyd edilənləri sahəyə cavabdeh olan digər səlahiyyətli şəxslər də bilməmiş deyillər. Bəs belə olduğu halda kəndlinin həyatına olunan bu qəsdin səbəbi nə ola bilər? Səbəb çox sadədir:
1. Kənd əhalisi üzərində siyasi hakimiyyətin nəzarət imkanlarını artırmaq.
2. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan və kənd təsərrüfatı bazarında rəqabətə davamlı iş adamlarını sıradan çıxarmaqla bazara nəzarəti tam ələ keçirmək. Başqa məsələ isə qeyri mümkündür. Pambıqçılığın yenidən inkişafı adı altında irəli sürülən iddialar baş tutacaqmı? Bax bunu çox yaxın dönəmdə əlahəzrət zamanın özü göstərəck. 

13:37